Ölkə futbolu
Messidən unikal göstərici: Maradonanı keçdi
Rusiyada keçirilən futbol üzrə dünya çempion…

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ötən gecə Nigeriya üzərində çətin qələbə ilə 1/8 finala vəsiqə qazanan Argentina yığmasının lideri Lionel Messi bu görüşdə bir sıra ilklərə imza atıb.
Futbolinfo.az xəbər verir ki, “Barselona”nın ulduz hücumçusu qarşılaşmanın 14-cü dəqiqəsində hesabı açmaqla ilk növbədə dünya çempionatlarında 660 dəqiqəlik qol susqunluğunu pozub. Maraqlıdı ki, o, DÇ-lərdə son qolunu da 2014-cü ildə Braziliyada keçirilən mundialda Nigeriya üzərində 3:2 hesabıyla qalib gəldikləri görüşdə vurmuşdu.
Leo ömrünün 3 fərqli onilliyində 3 fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub. Messi DÇ-2006-da 18 yaşında, DÇ-2014-də 27 yaşında və DÇ-2018-də isə 31 yaşında fərqlənib. Hansı ki, bu da mundiallar tarixində unikal bir göstərici hesab olunur. Messi, Dieqo Maradona (1982,1986 və 1994) ilə Qabriel Batustutanın (1994,1998 və 2002) ardından Argentina millisi ilə 3 fərqli dünya çempionatında (2006, 2014 və 2018) qol vuran 3-cü oyunçu oldu.
Messi həm də DÇ-2018-də vurulan yubiley – 100-cü qolun müəllifinə çevrilib. Bununla da bağlı maraqlı bir təsadüf var. Belə ki, son üç dünya çempionatında 100-cü qolu məhz “Barselona”lı futbolçular vurur. DÇ-2010-da 100-cü qolu Andres İnyesta, DÇ-2014-də isə Neymar vurmuşdu.
Argentinalı ulduz futbolçunun imza atdığı daha bir ilk driblinqlərlə bağlıdı. Belə ki, Nigeriya ilə oyunda 107-ci dəfə driblinq edən Messi həmyerlisi Maradonanı geridə qoyub. Dieqo 1966-cı ildə keçirilən DÇ-də 105 driblinqlə rekord müəyyənləşdirmişdi. Lakin onun rekordunu Messi artıq tarixin yaddaşına köçürüb.