(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

AZAL-ın Conu: Yol məsələsinə bir əncam çəkmək lazımdı

AZAL-ın Conu: Yol məsələsinə bir əncam çəkmək lazımdı

Müsahibə üçün həmsöhbət tapmaq asan deyil. Peşəkarlar bilir ki, materialın maraqlı alınması müəlliflə yanaşı, müsahibdən də asılıdı. Onun dünyagörüşü, nitq mədəniyyəti, fikir axını, yumor hissi... Bunların hamısının bir şəxsdə cəmləşməsi çox vacibdi ki, müsahibənin “çiy” forması ciddi redaktəyə gərək duymasın, redaktə etdikcə də fikirlər təhrif olunmasın, tərzitməsin.
 
AZAL-ın amerikalı futbolçusu, Şüvəlan klubunda hər kəsin qısaca “Remi” dediyi Uilyam Oluremi Conla müsahibəni yazarkən etdiyim yeganə dəyişiklik tərcümə oldu. Sadə amerikan ingiləscəsindən sadələşdirməyə çalışdığım azərbaycancaya.
Amerikalı ilə azərbaycanlının söhbəti. Səmimi, zarafatcıl, əhatəli söhbət. Futbol haqqında çox az... Amma onsuz da olmaz!
 
- AZAL-da hər zaman zarafatlaşırlar ki, Remi Şüvəlanda yaşayan ilk amerikalıdı. Səni orada yaxşı və pis mənada nə təəccübləndirir?
- Yaxşı zarafatdı (gülür). Şüvəlan çox sakitdi. Maraqlı yerdi, amma artıq 40-a yaxın ölkədə olmuşam və məni nə iləsə təəccübləndirmək çətindi. Şüvəlanda hər kəs mənlə yaxşı davranır. Və bu əladı! Balacalar məni gülməli hesab eləyir, çünki ətrafdakılardan seçilirəm. Onlarla zarafatlaşmaq, deyib-gülmək xoşuma gəlir.
 
- Bakıda başqa amerikalıya rast gəlmisən?
- Çox az sayda. Rabitənin bir voleybolçusu – mənim kimi Nigeriya əsilli amerikalı olan Foluke Akinradevo ilə tanışam. Nədənsə daha çox Britaniyadan olan insanlara rast gəlirəm. Bir neçə musiqiçi və teatr sahəsində çalışan insanlarla tanışlığım var.
 
- Bəs Ceysi Keroll və ya Çarlz Devis adı sənə nə deyir?
- Birinci adı əvvəl eşitmişdim, deyəsən basketbolçudu. Amma Çarlz Devis... Yox, əmin deyiləm.
 
- Hər ikisi basketbolçudu. Keroll Madrid “Real”ında oynayır və hər ikisi də Azərbaycan yığmasında forma geyir. Amma sənə “Azərbaycan millisində oynamaq istəyirsənmi” sualını verməyəcəm, çünki bu sualdan zəhləm gedir!
- Çox sağ ol - dəvətə görə (gülür).
 
- Mən həmişə işləmək üçün Avropa və ya Asiyaya gedən amerikalı görəndə təəccüblənmişəm.
- Niyə? Sən də düşünürsən ki, Amerikada hər şey var? İndi dünyada belə bir mənzərə yaranıb ki, ABŞ-da arzularını tapa bilərsən. Əslində, bu, həqiqətdən o qədər də uzaq deyil: məhz buna görə də bir çox insanlar oraya yaşamaq və işləmək üçün yollanır; Amerikada hər cür mədəniyyətə malik adam tapa bilərsən. Amma dünya nəhəngdi! Son 6 ili ABŞ-dan kənarda keçirmişəm və bu illərdə yaşadığım hər şey heyrətamizdi. Öyrəndiyim dillərdən rast gəldiyim mədəniyyətlərə qədər.
 
- Bəs sənin ölkəndən çıxmaq səbəbin nədi?
- Hər səfərdən sonra anlayıram ki, daha yaxşı insana çevrilirəm. Hiss edirəm ki, böyüyürəm, yetkinləşirəm. Çünki evi qoyub gəlmək hər adamın işi deyil.
 
- Azərbaycan sənin üçün haradı? Avropa, yoxsa Asiya?
- Bu ikisinin arasında olan bir şey.
 
- Niyə Avropa və niyə Asiya?
- Bakının mərkəzi və oradakı dükanlarda Avropa ab-havası hiss olunur. Kafelərə isə girəndə və hər stolda çay, çay, çay görəndə bu, istər-istəməz sənə Asiyanı xatırladır (gülür). Amma çox xoşuma gəlir bu birləşmə. Əladı!
 
- Təyyarəyə minməkdən xoşun gəlir?
- Təyyarələri sevirəm!
 
- Bu dəqiqə sənin üçün təyyarə nə deməkdi?
- Nədən danışdığını və nə sual verdiyini anlamadım (gülür).
 
- Soruşmaq istəyirdim ki, ömrün boyu təyyarələrdə keçirdiyin vaxtı üst-üstə toplasan nə qədər eləyər? Uzun illərdi, Amerikadan kənarda oynayırsan, ildə bir neçə dəfə Avropaya və geriyə uçmaq məsələləri var deyə... Bəs sən nə başa düşdün?
- Dedim axı, heç nə başa düşmədim! (gülür) Təəssüflər olsun ki, son illərdə nə qədər uçmağımla bağlı dəqiq fikrim yoxdu. Yəqin ki, təyyarədə yüzlərlə saat keçirmişəm. Amma dediyim kimi, təyyarələri sevdiyimə görə bu, problem deyil.
 
- Son beş ildə çıxış etdiyin altı ölkə - Danimarka, Serbiya, Xorvatiya, Ukrayna, İsrail və Azərbaycan barədə ortaq nə deyə bilərsən?
- Düzü, bu ölkələr arasında oxşar çox şey tapmaq çətin olar...
 
- Bəs fərqlər?
- Fərqlər açıq-aşkardı. Danimarka çox təmiz və səliqəlidi. İnsanların demək olar ki, hamısı ingiliscə danışır və çox nəzakətlidilər. Orada keçirdiyim vaxtdan həzz almışam. Serbiya şən ölkədi. Belqradı sevirəm. Xüsusilə gecə həyatını. Xorvatiyanı dənizinə görə sevirəm. Qiymətlər çox bahalı deyil və bütün dünyadan insanlar yayda oraya dincəlmək və əylənmək üçün gəlir. Ukraynada çox az oldum, amma yaxşı sözlər deyə bilərəm. Kiyev mənim gözlədiyimdən də gözəl şəhərdi. İsrail... Arxitekturası, çimərlikləri və havası əladı.
 
- Gəlib çıxdıq Azərbaycana...
- Azərbaycan mənim üçün bir macəradı. Bakı möhtəşəmdi, sanki hər saniyə böyüyür və gözəlləşir. Xəzər dənizi Bakıda hər yerdədi, bazamızında düz yanında. Çimərlikləri çox bəyənirəm. Pis şey də deyim? Yol məsələsinə bir əncam çəkmək lazımdı, məncə (gülür).
 
- Yol məsələsi öz yerində, amma Belqradın gecə həyatından danışdın. Yaxında xarici saytların birində oxudum ki, bu sahə üzrə ixtisaslaşan çox məşhur mətbu orqan Bakını gecə həyatının intensivliyinə görə Avropanın ilk 10 şəhəri sırasına salıb. Buna inanırsan? Bir mütəxəssis kimi, necə düşünürsən, həqiqətənmi belədi?
- Bir mütəxəssis kimi? (gülür) Sən ki bilirsən, kənara çıxmaq üçün çox az vaxtımız olur. Vaxtımı ailəmlə keçirirəm və buna görə Bakının bu 10-luğa layiq olub-olmadığını deyə bilmərəm. Bəzi klublara getmişəm, ab-hava normaldı. Amma ABŞ-da olduğum bar və partilərdən çox-çox fərqlidi.
 
- Futbol, yoxsa sokker?
- Futbol!
 
- Niyə?
- Çünki əsl futbol elə futboldu. Foot+Ball! Amerika futbolu isə futbol deyil, Amerika həndboludu. Və mənim hansısa idman növünün adını dəyişmək imkanım olsaydı, bunu dəyişərdim.
 
- Bəs niyə Amerikada insanlar futbol hesab etdikləri öz həndbollarını Avropa futbolundan çox sevirlər?
- Çünki bu idman növü üzrə yarışlar daha uzun müddətdi ki, keçirilir. Həm də sırf Amerika idman növüdü. Bu növü Amerikadan kənarda çox az adam tanıyır və bəyənir. Həmçinin NFL (Amerika futbolu üzrə liqa) və Kollec oyunları ailə hadisəsi kimi bir şeydi. İnsanlar oyundan əvvəl ailələrlə toplaşıb yemək bişirirlər, yeyirlər, əylənirlər. Mənim oynadığım futbol isə son illərdə inkişaf etdirilməyə başladı və MLS xeyli populyarlaşdı. Mənim sabiq komandam “Kanzas Siti” də yaxınlarda çempionatda çıxış edəcək.
 
- Beysbol, basketbol, yoxsa buzüstü hokkey? Bir amerikalı kimi bu sualı da sənə verməyə bilmərəm.
- Basketbol, hokkey və sonra beysbol. Məhz bu sıralamada. Basketbol və hokkey daha sürətli və kəsərli oyunlardı, bu oyunları izləmək daha əyləncəlidi. Beysbol da maraqlıdı, amma oyunda çox pauzalar olduğu üçün hadisələr daha ləng cərəyan eləyir.
 
- Remi, adın nədi?
- Yarım saatdı birindən müsahibə alan və müsahibinin adını bilməyən jurnalistlə ilk dəfə qarşılaşıram! (gülür)
 
- Məsələ məndə deyil.Sənin adın ətrafında bir müddət əvvəl bir mübahisə getmişdi deyə tam adını özündən aydınlaşdırmaq yaxşı olar.
- Uilyam Oluremi Con. Oluremi Nigeriya adıdı.
 
- Mənası nədi? Tarantinonun bir personajı deyir ki, Amerikada uşaqlara qoyulan adlar heç bir məna vermir.
- Həmin personaj düz deyir. Adların mənası yoxdu. Mənası olsaydı belə, bu, heç nəyi dəyişməməlidi. Çünki əsas məsələ sənin adın yox, şəxsiyyətindi, davranışındı. “Oluremi” isə “Tanrıya yaxın olan” və ya “Tanrı səninlə olsun!” kimi mənalar verir.
 
- Bunu bilirsənsə, deməli, komanda yoldaşın Viktor İqbekoyi ilə də onun doğma dilində danışırsan.
- Yox, o dildə cəmi bir neçə söz bilirəm.
 
- Niyə?
- Çünki mən uşaq olanda atam mənə öz doğma dili olan Yorubanı öyrətməyib. Amma yaxınlarda öyrənəcəyimə ümid eləyirəm. Viktorla danışa bilməməyimin əsas səbəbi isə odu ki, o danışanda çoxlu qışqırır və mən sonra heç nə eşidə bilmirəm (gülür).
 
-  Qəribədi, çoxdilli olasan, amma atanın dilində danışa bilməyəsən! Neçə xarici dil bilirsən?
- İspan, italyan, fransız, serb, xorvat, alman, Danimarka və bir az da rus dili.
 
- Yadında saxlamaq çətin deyil ki? Danışanda qarışdırmırsan?
- Dostlarımla onların öz dillərində danışmağa çalışıram. Amma bəzən bir dili uzun müddət istifadə eləməyəndə daha sürətli danışmaq üçün bir az vaxta ehtiyacım olur. Əvvəl-əvvəl qarışdırırdım dilləri, indi isə yox.
 
- Yaxşı, Azərbaycanca bir-iki söz,zəhmət olmasa...
- Necəsən? Mən yatmaq istəyirəm. Almaq. Pis deyil.
 
- Doğrudan da pis deyil!
- Öyrənməyə davam eləyirəm. İndi çox işlənən sözləri bilirəm. Məşqlərdə də bir neçə maraqlı söz öyrənmişəm (gülür)
 
- Onları səsləndirməyə ehtiyac yoxdu! Futbol mövzusuna gəlmişkən, Premyer Liqa barədə iki cümlədə nə deyə bilərsən?
- Maraqlı çempionatdı. Məncə, yeganə pis olan cəhət çempionatda cəmi 10 komandanın iştirakıdı. Amma əminəm ki, bu da düzələcək.
 
- Bir neçə bəyəndiyin futbolçunun da adını çək və səni rahat buraxım.
- Əsasən hücumameylli futbolçuları bəyənirəm: Flavinyo, Reynaldo, Nildo, Vaqif Cavadov...
 
- Səncə, sən də öz mövqeyində ən güclülərdənsənmi?
- Bilmirəm. Amma ümid eləyirəm ki, növbəti müsahibə alacağın şəxs bundan əvvəlki suala cavab verəndə mənim də adımı çəkəcək.
 
RÜSTƏM ƏFSƏRLİ

 
tarix: 29-11-2013 14:57


 
Xəbər lenti
17.11.2019

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az