(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Fariz Nəcəfov: "Haqsızlığı ört-basdır etməyə çalışan adama salam verməyəcəm"

Fariz Nəcəfov: "Haqsızlığı ört-basdır etməyə çalışan adama salam verməyəcəm"

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bu gün keçirilən AFFA Klublar Komitəsinin iclasından sonra jurnalistlərə müsahibə verib. Futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandıran klub rəsmisi daha çox hakim səhvlərindən danışıb.

- “Qarabağ” rəsmisi Asif Əsgərovla qızğın müzakirə aparırdınız. Nədən danışırdınız?
- Keçmiş oyunları müzakirə edirdik. Bəzi matçlarda olan mübahisəli epizodlarla bağlı fikir mübadiləsi aparırdıq. Bilirik ki, bizi “Qarabağ”la qarşıda gərgin oyun gözləyir. Çox maraqlı görüş olacaq. İnanıram ki, mübarizə yalnız iki komanda arasında gedəcək.
 
- Klublar Komitəsinin gündəliyinə ölkə futbolunda o qədər də vacib olmayan məsələlər salınıb...
- Sözün açığı, iclasda hansı məsələlərin müzakirə olunması Klublar Komitəsinin sədri tərəfindən qeydə alınır. İstənilən klub hansısa məsələni təklif edə bilir. Bu, bizim 2017-ci ildə ilk görüşümüz idi. Ola bilər ki, az məsələ müzakirəyə çıxarılmışdı. Ancaq önəmli olduğunu düşünürəm. Bir neçə il öncə də “Neftçi” klubu əvəzedicilərin əsas komandadan bir gün sonra oynamasını müzakirəyə çıxarsa da, həmin vaxt qəbul olunmamışdı. Biz yenidən bu məsələni PFL və aidiyyəti qurumlara təklif etdik. Gündəlikdə qeyd edilməyən başqa məsələlər də oldu.
 
- “Qəbələ”ni ən çox narahat edən amillərdən biri də Premyer Liqanın 4 klubunun süni meydanda oynamağıdı. Yəqin razılaşarsız, bu amil çempionluğa oynayan komanda üçün heç də yaxşı hal deyil...
- Bəli. Ötən il “Qəbələ” klubu tərəfindən bu məsələ gündəmə gətirilmişdi. Aidiyyəti qurumları da günahlandırmıram. Çünki klublarda vəziyyət başqa cürdü. Çünki bu, klubların üzərinə düşən işdi. AFFA onlara yalnız dəstək ola bilər. Amma meydançalar həddən artıq bərbad gündədi. “Kəpəz” – “Qarabağ” matçını televiziyadan izlədim. Ora hansısa ucqar kənd meydançasından da betərdi. Orda futbol oynanılmaz. Ona görə bunu qabartmıram ki, fevralın 28-də “Kəpəz”lə səfərdə qarşılaşacağıq. Oynayacağıq ki, söz-söhbət olmasın. Gəncə azarkeşlərinə böyük hörmətim var. Onlar Azərbaycanın ən yaxşı klub azarkeşlərindən biridi. Onları futbolsuz qoymaq olmaz. Amma orada futbol oynamağı dayandırmaq lazımdı ki, azarkeşlər də meydançanın düzəldilməsi üçün tələb etsinlər. Klub olaraq biz də dəstək verə bilərik. Belə ki, keyfiyyətli ot hazırlayan yaxşı mütəxəssislər təklif edə bilərik. O cür regionda meydança olmalıdı. Meydança olmayan yerdə futbol yoxdu. Həmçinin, AZAL-ın, “Zirə”nin meydançası bərbad vəziyyətdədi.  

- “Qəbələ” – “Qarabağ” oyunu ətrafında böyük ajiotaj yaranıb və əsas müzakirə mövzusu hakimlikdi. Həmin matçı əcnəbi hakimin idarə etməsi ilə bağlı bir təklifiniz varmı?
- “Qəbələ” 2010-cu ildən iddialı çıxış etməyə başlayıb. Həmin gündən bəri bir azərbaycanlı kimi utanmışam deməyə ki, xarici mütəxəssislər cəlb olunsun. Çünki xaricdən mütəxəssis gətirilməsini istəməklə demək istəyirik ki, Azərbaycanda ədaləti qoruya bilən adam yoxdu. Mən bunu deməyə utanıram. Qoy bu fikri formalaşdıranlar, bizi buna məcbur edənlər utansınlar. Mən də istəyirəm ki, hər oyunda haqq-ədalət olsun. Amma belə şəraitdə başqa variant haqda düşünməyə məcbur olursan. Söhbət təkcə “Qəbələ” – “Qarabağ” görüşündən getmir. Başqa komandaların görüşlərində də eyni şeylər baş verir. “Neftçi” ilə matçda ofsayddan qol vurduq, lehimizə qərar verildi. Amma istəmirəm. Həmin hakim kim idisə, sağ olsun. Amma belə səhv eləməsin. Ondansa, Fariz Yusifov Ruslan Abışovun ikinci sarısını verərdi. Bu olardı ədalətli. Nə “Neftçi” inciyərdi, nə də biz narazı qalardıq. 10 nəfərə qarşı qələbə qazanardıq və ya uduzardıq, bu öz işimizdi. Həmçinin, “Zirə” ilə axırıncı görüşdə. Yan xətt hakimi Zeynal Zeynalov dəfələrlə bizim oyunlarımızda qərəzli qərarlar verib. “Qarabağ” – “Qəbələ” görüşündə Rəşad Sadiqova qırmızı vərəqə verdirib, əleyhimizə ofsayddan qollar vurulub. “Zirə” ilə görüşdə də həm sarı vərəqə verdirdi, həm də qapımıza ofsayddan qol vurdurdu. Özü də düz xəttin üstündə idi, çox yaxşı da görürdü.

- Bütün klublar hakimlərdən gileylənirlər. Bu səhvlər nədən qaynaqlanır?
- Bu məsələyə birmənalı yanaşmaq olmur. Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim. Klublar Komitəsində də bu məsələni açıq-aydın şəkildə dedim. Baxmayaraq ki, bəzi klublar AFFA tərəfindən idarə olunurlar. Qeyri-normal haldı. Amma AFFA-nı da başa düşürəm. Klublar ortada qalmamaq üçün AFFA bu dəstəyi verir. Onlarsız futbolumuz olmaz. Amma hər şeyin son nöqtəsi var. Haqqı deməyə bilərsən. İclasda dedim ki, haqsızlığı ört-basdır etməyə çalışan adama salam verməyəcəm.
 
- Ötən iclasda AFFA Hakimlər Komitəsinin sədr vəzifəsinə təcrübəli mütəxəssisin dəvəti müzakirə olunmuşdu. Bu məsələ gündəmdə qalırmı?
- Mənə elə gəlir ki, hakimliyi həddən artıq müzakirə edirik. Klub olaraq bu barədə danışmağımız düzgün deyil. Amma bir şeyi deyə bilərəm ki, məsələ o vaxt pik həddə çatır ki, hamının qərəz kimi gördüyü bir epizodla bağlı Hakimlər Komitəsinin rəhbəri, ona yaxın adamlar, hakim-inspektorlar tam əksini deyirlər.
 
- Belə bir fikir gəzir ki, “Qəbələ” çempion olmasa, büdcəsi azalacaq və klub rəsmiləri bu səbəbdən hakim səhvlərindən geniş danışırlar. Bu nə dərəcədə doğrudu?
- Biz ardıcıl iki mövsümdü Avroliqada uğurlu çıxış edirik. Klub prezidenti Tale Heydərov da, mən də deyirik ki, bizim ən birinci vəzifəmiz ölkəmizi xaricdə uğurlu təmsil etməkdi. Ölkə çempionu olmaya bilərik. İstər zəif olaq, istərsə də kənar amillər təsir etsin. Biz ölkəmizi xaricdə uğurlu təmsil etməyə çalışırıq. Amma siz deyən məsələ barədə bir söhbət olmayıb, klub prezidenti də belə bir söz deməyib.

ELMAR ABDULLA-ZADƏ


 
tarix: 15-02-2017 13:20


 
Xəbər lenti
23.05.2018

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az