(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Romanın fəthi

Romanın fəthi

Azərbaycan üçün qitəmiqyaslı futbol bayramı bitdi. Son illərin dəyişməz çempionu “Qarabağ” bu mövsüm böyük tarix yazmaqla ilk dəfə vəsiqə qazandığı UEFA Çempionlar Liqasındakı çıxışını başa vurdu.

Bu tarixi anların son şahidləri arasında bəndəniz də yer almışdı. Uzaq İtaliyaya, təmsilçimizin son rəqibi “Roma” ilə oyuna səfər mənim üçün xüsusi önəm kəsb edirdi. Uzun illərdi “canavarlar”ın fanatına çevrilmişəm. Hələ bu komanda ÇL-in püşkatması zamanı “Qarabağ”a rəqib olanda hansı hissləri keçirdiyimi sözlə ifadə etmək çox çətindi. İndi isə Azərbaycanın qürur mənbəyinə çevrilən Ağdam klubunun bu komanda ilə oyununu canlı izləmək imkanı qazanmışdım.

Kapitanla yolçuluq
Əbədi şəhərə - Romaya səfərimiz dekabrın 3-də başladı. Ağdam klubu üçün ayrılmış xüsusi çarter reysi ilə həm əsas komanda, həm UEFA Gənclər Liqasında mübarizə aparan U-19-un üzvləri, həm də jurnalistlər yola çıxırdı. Bizi “Karabakh” adlı təyyarə ilə 5 saatlıq hava səyahəti gözləyirdi.

Hava gəmisində olarkən kapitan Rəşad Sadıqovun xüsusi fəallığı diqqət çəkməyə bilməzdi. Salonun media əhli əyləşən hissəsinə gələn, hər bir jurnalistlə salamlaşıb, kef-əhval tutan təcrübəli futbolçu zarafatlarından da qalmırdı. Bu, bir xeyli söhbət etdikdən sonra yerinə qayıdan Rəşadın ilk ziyarəti olmadı. Səfərin sonuna yaxın o, yenidən sıralarımıza qayıtdı. Bu dəfə o, hətta jurnalistlərlə “kart” oynamağa da imkan tapdı.

Nəhayət, Avropa vaxtı ilə 18:00-da İtaliya paytaxtına, Leonardo Da Vinçinin adını daşıyan Flumiçino aeroportuna çatdıq. Burada komandamızı əlində Azərbaycan və “Qarabağ”ın bayraqları olan azsaylı azarkeşlər qarşıladılar. Romanın havasını ciyərlərimizə çəkib, məskunlaşacağımız otelə yol alırıq. Təbii ki, burada yollarımız ayrılır. Bəlli olur ki, komandalar və jurnalistlər fərqli otellərdə qalacaqlar.

Əbədi şəhərlə tanışlıq
Əbədi şəhərlə ilkin tanışlığımız bizi otelə aparan avtobusun pəncərəsindən başlayır. Qaranlıq küçələrdə ilk diqqətimizi çəkən yerli əhalinin daha çox ekonom avtomobillərdən istifadə etməsidi. Sanki hər kəs az yanacaq sərfiyyatı olan avtomobil sürməkdə yarışa girib. Bakıdakı mənzərənin tam əksi...

Otelə yerləşdikdən dərhal sonra milyonların sevimlisinə çevrilmiş şəhəri gəzintiyə çıxırıq. “Qarabağ” rəhbərliyi jurnalistlər üçün oteli sanki Romanın “İçərişəhər”ində seçmişdi. Otelin qapısından çıxan kimi əbədi şəhərin köhnə tikililərinə, qala divarlarına rast gəlmək mümkündü. Ümumiyyətlə, yaxın ətrafda həm qədim tarixin izlərinə rast gəlirsən, həm də müasir, qaynar paytaxt şəhərində gəzdiyinin fərqində olursan.

İlk gecədəcə Romada çox adamın görmək istədiyi Trevi Fontanına, İspaniya pilləkanına, Panteona baş çəkmək imkanı oldu. İlkin təəssüratlar möhtəşəm idi. Axı, əbədi şəhərdə başqa cür ola da bilməzdi.

İtalyanların ən sevimli adətlərindən biri də soyuq havaya rəğmən, restoranların qarşısında, açıq havada oturub, istirahət etmələridi. Xüsusilə axşam saatlarında hər masanın üstündə şam yandırılması restoranlara, Roma gecələrinə ayrıca gözəllik qatırdı.

Əslində, şəhər küçələri o qədər də təmiz deyil. Amma payızın oğlan çağında səkilərdə ağacların yerə tökülmüş yarpaqlarının qalaq-qalaq yığılıb qalması da ayrıca bir gözəllik idi. Kim bilir, bəlkə də küçələr elə buna görə vaxtı-vaxtında təmizlənmir.

Səhəri gəzintimizi davam etdiririk. Əvvəlki gecədə küçələr nə qədər boş, sakit idisə, bazar ertəsi gündüz tam fərqli mənzərənin şahidi olduq. Qaynar şəhərdə hamı harasa tələsir. Təbii ki, turistlər daha çox diqqət çəkir.

İtaliya paytaxtı sanki italyanların yaşayış yeri deyil. Çünki az qala hər bina ya hansısa dövlət təşkilatının, fərqli-fərqli qurumların ofisi, ya da oteldi. Bəlkə də məhz bu üzdəndi ki, Roma bir qədər bahalı şəhər təsiri bağışlayır. Yerli camaat daha çox şəhərətrafı qəsəbələrdə, mərkəzdən bir qədər kənarda yaşamağa üstünlük verir. Elə mərkəzdən bir az uzaqlaşan kimi qiymətlərdə də fərqlərin olduğunu görmək çətin deyil.

Kolizeyə də baş çəkdik. Axı, Romaya gəlib, bu tarixi məbədi ziyarət etməmək günah olardı. Az qala hər divarından, küçəsindən tarix yağan bu şəhərdə onsuz da hər tində bir tarixi şəxsiyyətin büstünə, onun adını daşıyan hansısa abidəyə, binaya rast gəlmək mümkündü. Amma Kolizey bu baxımdan ilk sırada durur.

Hər gün onminlərlə turistin ziyarət etdiyi bu məkandan çıxıb, yaxınlıqdakı Roma Forumuna da baş çəkdik. Kolizeylə müqayisədə burada dağıntılar daha çoxdu. Amma xüsusi qorunan bu tarixi məkanların möhtəşəmliyi hələ uzun illər insanları valeh edəcək. 



Yeri gəlmişkən, Kolizeyi gəzərkən "Qarabağ"ın bir neçə futbolçusu ilə də görüşüb, söhbət etmək, hətta şəkil çəkdirmək imkanı qazandıq. Əfran İsmayılov, Ramil Şeydayev və Abbas Hüseynov da İtaliyanın rəmzinə çevrilmiş bu abidəni ziyarət edənlər arasındaydı.

“Olimpiko”dan Vatikana
Roma səfərimizin ikinci günündə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyundan öncə mətbuat konfransı və komandamızın son məşqi vardı. Öncə Qurbanov jurnalistlər önünə çıxdı. Həmişəki kimi ehtiyatlı danışan, diplomatik xarakterli cavabları ilə seçilən mütəxəssis itkilərə baxmayaraq, komandasına güvəndiyini dilə gətirdi. Ardından Romanın ən nəhəng idman qurğularından sayılan “Olimpiko”da komandamızın son məşqi başladı. ÇL-dəki son oyunda meydana çıxmayacaq futbolçuların da qatıldığı məşqin cəmi ilk 15 dəqiqəsi media üçün açıq oldu. Beləcə, “Roma”nın əzəli rəqibi “Latsio” ilə şərikli istifadə etdiyi bu nəhəng stadionla ilk tanışlığımız qısa sürdü. Amma buna görə təəssüflənməyə dəyməzdi. Çünki növbəti gün bizi burada əsl bayram gözləyirdi.

Əbədi şəhərlə tanışlıq üçün oyun günü də vaxtımız oldu. Lakin bu dəfə Roma metrosundan yararlanmaqla Vatikanı ziyarət etmək qərarına gəldik. Nəhəng şəhərin içində yerləşən bu müstəqil dövlət də turistlərin əsas ziyarətgahlarından hesab olunur. Roma Papasının iqamətgahının yer aldığı katolik kilsəsinin mərkəzinə doğru irəlilədikcə, insan axınının çoxluğu təəccüb doğurur. Hər il 20 milyona yaxın insanın ziyarət etdiyi Vatikandan ayrılmaq istəməsək də, vaxt azlığı bizə başqa çıxış yolu qoymur.

Ümumiyyətlə, İtaliya paytaxtı o qədər nəhəng təsir bağışlayır ki, bir anlıq bu şəhəri tam gəzmək üçün həftələr lazım gəldiyini düşünürsən.

Bəs İtaliya paytaxtında “Roma” – “Qarabağ” oyununa hazırlıq nə yerdəydi? Şəhərin küçələrində demək olar ki, bununla bağlı heç nəyə rast gəlmədik. Yalnız Vatikanda olarkən xüsusi avtomobildə “Roma”nın ev oyunlarına bilet satışı həyata keçirən kiçik bir qrup qarşımıza çıxdı. Amma hələ bir gün öncədən öyrənmişdik ki, qarşılaşmanı 35 minə yaxın azarkeş izləyəcək. Bunun da yarıdan çoxu mövsümlük abonent kartına malik sadiq “Roma” fanatları olacaqdı. 

Rəşadın üsyanı
“Qarabağ”ın oyunundan öncə Ağdam klubunun U-19 komandasının UEFA Gənclər Liqasındakı çıxışını da izləmək imkanı qazandıq. “Tre Fontane” stadionuna yollananda oradan rahat işləmək imkanımızın olacağını düşünürdük. Amma mənzil başına çatandan sonra orada tam fərqli mənzərənin şahidi olduq. Kiçik arenanın yalnız mərkəzi sektorunda barmaqla sayılacaq qədər oturacaq var idi ki, bizi də orada yerləşdirdilər. Yeganə sektorun ətraflarında yer alan “Roma” azarkeşləri isə beton üstündə oturaraq oyuna baxırdılar. Təbii ki, bizim də internetsiz, belə çətin bir şəraitdə, sadəcə, oyunu izləməkdən başqa çıxış yolumuz qalmadı. 

“Tre Fontane”yə matçın startından bir qədər sonra daxil olduq. Amma biz oraya çatan kimi, komandamızın qapısından ilk qolun keçirilməsinin şahidi olduq. Necə deyərlər, ayağımız düşərli olmadı. Sonrakı dəqiqələrdə “Qarabağ” daha iki qola üzüldü. 0:3 hesablı məğlubiyyətə baxmayaraq, U-19-un üzvləri də əllərindən gələni etdilər. Oyunun gedişində texniki zonada yer alan baş məşqçi Rəşad Sadıqov da fəallığı ilə seçilirdi. Tez-tez yetirmələrinə göstərişlər verən gənc futbolçu-məşqçi demək olar ki, oyunu ayaq üstə keçirdi.

Onun oyundan sonra jurnalistlərlə söhbətində Azərbaycandakı uşaq futbolunun zəifliyindən, stadionlarımızdakı süni örtüklərdən gileylənməsini başa düşmək olar. Çünki lazımlı infrastruktur, yeni istedadlar yetişdirmək üçün mühit olmadan, belə yüksək səviyyəli turnirlərdə iştirak da mümkünsüz olacaq.

Xanım sürücü və stadiondakı sürpriz
Və nəhayət, “Qarabağ”la “Roma”nın əsas komandalarının oyununa yollanmaq zamanı yetişir. Artıq həyəcanla matçın keçiriləcəyi arenaya çatmağı gözləyirik. Sanki jurnalistləri stadiona aparan mikroavtobusun qadın sürücüsü də bu həyəcanımızdan xəbərdardı. Təhlükəsizliyi təmin etmək üçün təhkim olunmuş iki polis maşını da avtobusu müşaiyət edirdi. Bəlkə də məhz onların bu köməyindən ruhlanan xanım sürücü avtoşluq bacarığını da nümayiş etdirdi. Yolda bir neçə dəfə tıxaca düşməyimizə baxmayaraq, o, Şumaxersayağı idarəçiliyi ilə həm bizdə adrenalin yaratdı, həm də öz məharəti ilə media əhlinin alqışlarını qazandı. 

Arenaya çatıb, yoxlamadan keçdikdən sonra maraqlı sürprizlə qarşılaşdıq. Media əhlinin yer alacağı tribunanın girişində xüsusi orkestrin canlı musiqisi dərhal diqqətimizi çəkdi. Onlar hətta azərbaycanlı jurnalistlərin xahişi ilə UEFA Çempionlar Liqasının himnini də ifa etdilər.

Matça təxminən saatyarım öncədən gəldiyimizdən, tribunalarda boş yer çox idi. Amma azərbaycanlı azarkeşlər xeyli öncədən onlar üçün ayrılmış tribunalarda əyləşmişdilər. Onların matç zamanı xüsusi fəallığı, açdıqları pankartlar barədə məlumat verdiyimizdən, təkrarçılığa ehtiyac duymuram.



Hələ matç başlamamış yerli fanatların, xüsusilə də “Roma”nın ən çılğın azarkeş qruplaşması olan “Curva Sud”un qulaqbatırıcı şüarları, səsləndirdikləri mahnılar, əllərindəki sarı-qırmızı rəngli bayraqlar stadionda möhtəşəm ab-hava yaradırdı.

Yerli azarkeşlərin bu canfəşanlığı həm də çempionumuza verilən qiymətin göstəricisi sayıla bilər. Romalılar sevimli komandalarının ÇL-dəki taleyinin bu görüşdən asılı olduğunu dərk edirdilər. Onların matçdan öncə, oyunun gedişi zamanı Azərbaycan dilində səsləndirilən hər bir elanı fitə basması, futbolçularımızın meydana daxil olmasını, əvəzetmələrimizi uğultu ilə qarşılamaları da başadüşülən idi.

“Canavarlar”ın savaşı
“Qarabağ” bu görüşdə də özünü ən yaxşı tərəfdən göstərməyi bacardı. Düzdü, sonda sevinən, qələbəni bayram edən, ÇL-in 1/8 finalına qrup birincisi kimi yüksələn “canavarlar” oldu. Amma bizim “canavarlar”ın da ünvanına ancaq xoş sözlər söyləmək olar. Qarşılaşma ərzində rəqibdən qətiyyən çəkinməyən, imkan tapan kimi hücuma atılan, real qol vəziyyətləri də yaradan Ağdam təmsilçisi rəqibi təşvişdə saxlamağı bacardı. Hətta matçın sonlarında İtaliya klubunun vaxt öldürməyə cəhd göstərdiyi epizodlar da oldu. Bütün bunlar “Roma”nın “Qarabağ”a necə ciddi rəqib gözüylə baxdığını bir daha isbatladı.

Matçdan sonra rəqib komandanın baş məşqçisi Eusebio Di Françeskonun (hansı ki, oyunun gedişində də çox həyəcanlı olduğu 90 dəqiqəni ayaq üstə keçirməsindən görünürdü) çempionumuzun ünvanına səsləndirdiyi xoş sözləri də vurğulamağa dəyər. İtaliyalı mütəxəssis “Qarabağ”ın xüsusilə “Atletiko” ilə hər iki oyunda xal almasını və bununla bir növ onlara yol açmasını qabartdı.

Qurbanovun mətbuat konfransı isə daha çox “Sky Sports”dan olan həmkarımızın azərbaycanlı mütəxəssisə, eyni zamanda zalda əyləşən bütün jurnalistlərə qarşı etdiyi hörmətsizliklə yadda qaldı. Hər kəs “Qarabağ”ın baş məşqçisinin səsləndirdiyi fikirləri dinləyərkən mikrofonu əlinə alıb, canlı yayıma qoşulan telejurnalist bir anda hər kəsin diqqət mərkəzinə düşdü. Bunu görən Qurbanov da susub, onun bu hörmətsizliyinə nə vaxt son verəcəyini gözləməyə başladı. Məhz bu xoşagəlməz hadisənin təsirindən idi ki, Qurban bəyin mətbuat konfransı çox qısa çəkdi.

Mətbuat konfransları bitdikdən, media əhli işlərini tamamladıqdan sonra yenidən avtobusa yığışırıq. Xanım sürücü bu dəfə bizi Flumiçino aeroportuna çatdırmalıdı. Artıq gecə saatları olduğundan, yollar boşdu və onun xüsusi driftlər etməsinə də ehtiyac qalmır. Elə də uzun çəkməyən qeydiyyat prosesindən sonra təyyarəyə minik başlayır. Hər kəs yorğun olduğundan, Bakıya 5 saatlıq uçuşu yatmaqla “əritməyə” çalışır. Səhər saat 8:45-də isə artıq Bakı hava limanındaydıq. 

“Roma”ya gedərkən yolda hər kəsin zarafatyana səsləndirdiyi bir ifadə vardı: “Romanı fəth etməyə gedirik”. Fikrimcə, məğlubiyyətə baxmayaraq, “Qarabağ” nəinki Romanı, hətta bütövlükdə Avropanı fəth etməyi bacardı. Bunu təkcə son oyuna görə yox, komandamızın bütövlükdə cari mövsümdəki ÇL macərasına görə deyirəm. Bu komanda əslində, bizim üçün ÇL-in qalibi olmuş kimidi. “Qarabağ” futbolumuzdakı mövcud problemlərə rəğmən, bu qədər tarixi uğura imza ata, azərbaycanlı futbolsevərlərə bu qədər emosiya bəxş edə bildisə, yalnız alqışa layiqdi! Təki, ardı gəlsin!

PƏRVİZ ELTÜRK, Bakı – Roma - Bakı


 
tarix: 08-12-2017 08:50


 
Xəbər lenti
16.12.2017

14:36   “Qəbələ”nin qış hazırlıq planı açıqlandı

13:59   “Qəbələ”də yeni müqavilə

13:42   “Kəpəz”də baş məşqçi istefaları

13:39   “Neftçi” legioneri ilə yolları ayırdı

13:16   Yubiley təxirə salındı - qərarı İcraiyyə Komitəsi verəcək

13:02   Adil Şükürov Türkiyə millisi və “Traktorsazi” rəhbərliyi ilə görüşdü

12:01   BOM-da təqdimat - FOTOLAR

11:46   “eTopaz”da günün canlı oyunları

11:22   “TOPAZ”DA BU GÜN

11:08   Nazim Süleymanov yenidən “Alaniya”da

10:05   Ziya Əzizov oynamadı, komandası uduzdu

02:08   “Monako” “Sent-Etyen”i 4 cavabsız qolla yendi - VİDEO

01:56   La Liqada 16-cı tura qolsuz start - VİDEO

01:30   “Borussiya”dan inamlı qələbə - VİDEO

15.12.2017

23:35  Ölkə kubokunda böyük sensasiya - FOTOLAR

23:07  “Qəbələ” yarımfinala belə yüksəldi - FOTOLAR

22:25  “Qarabağ” kubokdan belə kənarlaşdırıldı - VİDEO

21:59  “Qarabağ”ın məğlubiyyəti, yoxsa “Sumqayıt”ın qələbəsi?

21:55  Qurban Qurbanov: “Futbolçuların üzərinə çox getmədim”

21:40  “Bundan sonra kubok daha maraqlı olacaq"

21:36  “Büdcəmizdə qırmızı işıq yanır”

21:10  Azərbaycan Kuboku: Yarımfinalçılar müəyyənləşdi

20:55  “Sumqayıt” “Qarabağ”ı kubokdan kənarlaşdırdı

19:03  “Qəbələ” “Səbail” səddini belə keçdi - VİDEO

18:50  “Səbail” üç legionerini yola salır

18:27  Samir Əliyev: “Belə rəqiblərlə eyni səviyyədə mübarizə aparmağa hazır deyilik”

18:09  Roman Qriqorçuk: “Tətilə xoş hisslərlə gedirik”

17:35  Türkiyə klubu Popoviçlə yollarını ayırdı

17:00  Pro kursunun 5-ci modulu başa çatdı - FOTOLAR

16:12  MOİK 3 futbolçunu transferə çıxardı

15:51  “Zirə”nin qış hazırlıq planı açıqlandı

15:25  “Zirə”də ilk rəsmi ayrılıq

15:10  “Neftçi”nin hazırlıq planı rəsmən açıqlandı

14:55  Region Liqası: 1-ci turun təqvimi açıqlandı

14:29  Rəşad Sadıqov Françesko Totti ilə bir arada - FOTO

14:01  Riad Rəfiyevin futbol imperiyası

13:07  Millimizin Dubaya gedəcək heyəti açıqlandı

12:52  “Keşlə” yubanmamalıdı!

12:44  “Azərbaycan çempionatında çəkindiyim hücumçu yoxdu”

12:30  “Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi

12:24  Döyüşlə qazanılan qələbə

11:45  UEFA-dan məktub gəldi: Gəncədəki feyr-pley nümunəsinə görə

11:25  “Neftçi” kapitansız qaldı

11:04  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az