(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Bəxtiyar Musayev od püskürdü: “Pul israf edilir, keyfiyyəti düşünən yoxdu”

Bəxtiyar Musayev od püskürdü: “Pul israf edilir, keyfiyyəti düşünən yoxdu”

“Neftçi”də keçirdiyi oyunların sayına görə ikinci pillənin sahibi olan Bəxtiyar Musayev, klubda uzun müddət seleksiyaçı kimi də çalışıb. Sabiq kapitan həm futbolçu, həm də məşqçi kimi bir sıra uğurlara imza atıb.
 
“Xəzər Lənkəran”dakı fəaliyyəti ilə də tanınan “Baxa” son vaxtlar yenə seleksiya işləri ilə məşğuldu. Amma indi o, hansısa klubda çalışmır, ölkəmizə dəvət edilən əcnəbilərin seçimi ilə məşğuldu. Klubların gətirmək istədiyi oyunçular barədə rəy verir, onlara bu işdə yardımçı olur.
 
Musayev mətbuatdan qaçan adamdı, onun müsahibə verməsi təsadüf olur. Amma “quru” adam deyil, danışdısa, istənilən suala cavab verir və istənilən adam haqda fikrini bildirir. Bu dəfə onu uşaq futbolundakı problemlər, futbolçularımızın xaricə gedə bilməməsi və s. mövzularda danışdırmaq istəyirdik. Lakin söhbət çox uzandı...
 
Markanı tanıtdıra bilməmişik
 
- Xaricdən gətirilən oyunçuların seçimi ilə məşğulsan. Bəs, azərbaycanlı futbolçular niyə xaricə getmir?
- Çünki uşaq futbolunda çox problemlər var. İstedadlı, bacarıqlı uşaqlar yetişmir, gedənlər də xaricdə möhkəmlənə bilmir, tez qayıdırlar. Markanı tanıtdıra, sübut edə bilməmişik. Bu səbəbdən heç bizə maraq da göstərilmir.
 
- Axı, əvvəllər gedənlərimiz, xarici klublarda möhkəmlənənlərimiz olurdu. Ölkədə futbolsuzluq dövründə Ukraynada, Rusiyada, İranda legionerlərimiz vardı. Deməli, səbəb təkcə mentalitet deyil.
- O vaxt məcbur idilər, ölkədə pul yox idi, hamı işləmək qazanmaq üçün gedirdi.
 
- İndi də maliyyə baxımından vəziyyət çox yaxşı deyil...
- Bəli. Lakin indi məcbur olsalar da, gedən az, möhkəmlənən yoxdu. Rauf Əliyev də qala bilmədi. Psixoloji problemdi, ya nəsə - səbəbləri özləri izah edə bilər. İndi futbolçu qıtlığı da var, istedadlar yetişmir. O vaxt Samir Əliyev, Kamal Quliyev Ukrayna “Volın”ına getdi, özlərini sübut etdilər, cığıraçan oldular, gedişlər davam etdi. O vaxt məni də çağırmışdılar, ailə problemləri üzündən gedə bilmədim. Yaxşı temp tutduq, gedənlərimiz özlərini sübut etdilər və axın oldu. Sonra ölkədə vəziyyət düzəldi, futbolçular evdə daha çox qazandığından xaricə getməyə həvəsli olmadılar.
 
- Həm də istedadlar azdı, rəqabət yoxdu. Uşaq futbolundakı problemlər nədi ki, yeni nəsil yetişmir?
- Çox böyük problemlər var. Oğlum da məşğul olur, mütəmadi yarışları izləyir, görürəm. Ötən il apreldə çempionat bitdi və sentyabrda bərpa olundu. 5 ay futbolsuz qalmaq faciədi. Bu dövrdə müxtəif yarışlar, turnirlər keçirilməliydi. Bizim vaxtımızda idman düşərgələri, ən əsası, məhəllə futbolu var idi. İndi isə 5 aylıq fasilə verilir. Məşqlər də 1 saat çəkir. Təbii ki, bununla inkişafdan danışmaq olmaz. Ötən il Belarusda oldum. Çempionat bitəndən sonra 10-12 günlük fasilə yaranmışdı. Boşluq olmaması üçün turnir saldılar, 4 oyun keçirdilər. Belədə uşaqlar tonusda qaldı.
 
Uşaqları külək topqarışıq aparır
 
- Yarışların davam etməməsinə meydança azlığı da təsir edir. Kifayət qədər meydanlarımız yoxdu.
- Bu da bir problemdi. Bizdə uşaq yarışlarının əksəriyyəti “Dalğa Arena”da keçirilir. Halbuki oktyabrdan sonra Mərdəkanda, ümumiyyətlə, oynamaq olmaz. Yaxınlarda AFFA prezidenti Rövnəq Abdullayevə Mərdəkanda lazımi şəraitin olmaması barədə sual veriləndə o, təəccübləndi. Deməli, ona məlumat verənlər doğru olanı demir. Baş katib Elxan Məmmədov izah verməyə çalışdı ki, problem yoxdu, +4 dərəcədə məşq etmək olar. Mən isə deyirəm ki, “Dalğa Arena”da +15 dərəcədə də məşq etmək olmaz. Mərdəkanda oktyabrdan sonra məşq salınmamalıdı. Çempionatların əksər oyunları, məşqlər orada olur, halbuki külək üzündən bu, edilməməlidi. Dəniz qırağı olduğu üçün bu stadionda küləkli hava müşahidə olunur. Şahidəm, 8-10 yaşlı uşaqları külək topqarışıq aparır. Balacalarda futbola nəinki maraq, əksinə, nifrət yaranır. O soyuqda heç kim futbolu sevə bilməz. Bütün məşq prosesi də orada aparılır. Uşaqlar bir sıra texniki elementləri öyrənərkən ən incə detallara diqqət edilməlidi. Amma küləkli havada bu mümkün deyil, meydançaların hər tərəfi açıqlıqdı, uşaqlar topu saxlamağı bacarmırsa, onunla davranışı necə öyrənsinlər? Yayda da eyni problem var. Günorta vaxtı, qızmar günəş altında məşq, oyun olmaz. Bu amillər uşaqlara psixoloji cəhətdən də zərbə vurur.
 
- Amma başqa meydanlar da azdı...
- Bu barədə düşünmək lazımdı. Çempionat xatirinə çempionat keçirmək olmaz. Bu oyunlarda ancaq kəmiyyət, say çoxluğu düşünülür. Halbuki bunun heç bir faydası yoxdu. Görüntü naminə yarışların keçirilməsi mənasız vaxt və pul israfına səbəb olur. Bütün bunlar faydası olmayan işlərdi.
 
- Məşqçi amili yeni nəslin yetişməməsində nə dərəcədə rol oynayır?
- Ən böyük problemlərdən biridi. Məşqçilərin səviyyəsinə mütəmadi olaraq nəzarət edilməlidi, klublar diqqətli olmalı, bacarıqlı insanlarla işləməlidi. Bizdə uşaq məşqçilərinə çox az maaş verilir və kadrlar təsadüfi seçilir. Halbuki ən yaxşı peşəkarlar məhz uşaq futbolunda işləməli, onların əməyi də lazımınca qiymətləndirilməlidi. Uşaqları təsadüfi adamlara tapşırmaq olmaz. Klub rəhbərləri də futbolu bilən adamlar olmalıdı ki, bütün bu proseslərə nəzarət edə, hesabat istəyə, bacarıqlıları qiymətləndirə bilsin.
 
Klublarda vahid sistem olmalıdı
 
- Bəlkə bu qədər uşaq liqasına ehtiyac yoxdu? Daha az, daha keyfiyyətli yarış keçirməklə həm də klublar ağır yükdən qurtular.
- Bunun müsbət və mənfi tərəfləri ola bilər. Lakin meydança çatımazlığını, məşq yerlərinin azlığını nəzərə alıb, daha az, daha keyfiyyətli yarışlar haqda düşünmək olar. Xarici təcrübədən də yararlanmalıyıq, amma onu da olduğu kimi “kopyalamaq” olmaz, öz futbol ənənələrimizə arxa çevirməməliyik. Mənim əleyhinə olduğum bir təcrübə var. Belə ki, klublarda məşqçilər hansısa yaş qrupunda daimi işləyirlər, il bitəndə yetirmələrini digər məşqçiyə ötürürlər. Halbuki bundansa, bir məşqçinin hansısa qrupu lap aşağı yaşdan götürüb, əsas komandaya kimi yüksəltməsi lazımdı. Çünki həmin uşaqların bacarığını, imkanlarını bilir, onu ildən-ilə, yaş artdıqca təkmilləşdirir. “Ötür-ötür” sistemində isə fərqlidi. Deyək ki, 15 yaşlıların məşqçisinin baxışı ilə 17 yaşlıların çalışdırıcısının düşüncələri üst-üstə düşməyə bilər. Belədə həmin uşaqların bir çoxu ya lazımsız bilinər, ya da yeni məşqçinin sisteminə uyğun olmaz. Bu səbəbdən hər məşqçinin rəhbərlik etdiyi yaş qrupunu sonadək hazırlaşdırması lazımdı. Başqa bir amilsə ümumi sistemlə bağlıdı. Klublarda vahid sistem olmalıdı. Bu zaman uşaqlar itib-batmaz, istənilən məşqçinin rəhbərliyi altında bəlli sistemdə inkişaf edə bilərlər. Əsas komandanın üslubu müəyyənləşməli, bütün aşağı yaş qrupları, futbolçular vahid modellə yetişməlidi. Uşaq məşqçilərinin də səviyyəsi hardasa eyni olmalıdı. Bir qrupda təcrübəli məşqçi, digərində təsadüfi adam olacaqsa, inkişaf olmayacaq. Bu, çox önəmli məqamdı. Əvvəlcə sistemsizlik aradan qaldırılmalıdı və bu işlərə həqiqi futbol adamı başçılıq etməlidi. Klub rəhbərlərinin özünün səriştəsi olmalıdı, futbolu bilməli və məşqçilərdən bunu tələb etməlidi.
 
Uşaqlara sui-qəsd edirik
 
- İndi milli komandanın baş məşqçisi Qurban Qurbanov məhz bu mexanizmin tətbiqinə çalışır. Ötən 20-25 ildə yaradılmayan sistemin tətbiqinə indi başlanılıb. Lakin təkcə milli komandalarla iş bitmir. AFFA bütün futbol təsərrüfatında buna nail olmalıdı.
- Bəli. Əvvəllər oyunlara AFFA nümayəndələri göndərilirdi, heç olmasa, onlar müəyyən çatışmazlıqlara diqqət edirdilər, indi onların təyinatı da ləğv edilib, kim necə gəldi məşq edir. Çempionat xatirinə çempionat keçirmək olmaz, bu işə böyük pullar xərclənirsə, ortaya iş də qoyulmalı, nəticə də alınmalıdı. Hələ biz Bakıdan danışırıq. Rayonlarda vəziyyət daha acınacaqlıdı. Uşaqlar rayonlardan paytaxta oyun günü gəlir, avtobusdan düşüb oynayır, sonra da geri qayıdırlar. Bu, faciədi. Pul israf olunur, uşaqların sağlamlığı, təhsili, gələcəyi riskə atılır və nəticəsi də olmur. Uşaqlara sui-qəsd edirik. Yarışları yaxın ərazilərdə bölgələr üzrə keçirmək olar. Daha sonra final mərhələlərini hansısa şəhərdə, dərslərin dayandığı vaxt təşkil etmək lazımdı. Bizdə liqalardan biri bazar ertəsi, digəri çərşənbə axşamı və s. keçirilir. Belədə uşaqları təhsildən də yayındırırıq. Axı, o uşaqların hamısı futbolçu ola bilməyəcək. O zaman nəyə görə təhsildən də axsatmaqla o uşaqların sabahını məhv edirik? Onlar bizim balalarımızdı. “Neftçi”də işləyərkən də rəhbərliyə, idman direktoru Vəli Qasımova dəfələrlə bunu təklif etmişəm ki, AFFA-da məsələ qaldırsınlar.
 
- Təəssüf ki, yalnız Bakıdan danışırıq...
- “Kəpəz” Bakıda məskunlaşıb, Tovuzda vəziyyət acınacaqlıdı, Zaqatalada da həmçinin. Bölgə klublarını Premyer Liqaya gətirmək, rayonlarda ajiotaj yaratmaq, futbola maraq oyatmaq lazımdı. Yalnız o zaman istedadlı uşaqları kəşf edə biləcəyik, vaildeynlər uşaqlarını futbola gətirəcək. Rəqabət olmasa, Bakıda uşaq yetişdirə bilməyəcəyik. Təkcə paytaxtla iş olmaz. Bütün bunlar zəncirvari olmalıdı.
 
- Amma hər şey gəlib maliyyəyə dayanır. Bölgələrdə uşaqların yetişdirilməsi üçün imkan yoxdu.
- Onsuz da pulu israf edirik, ondan daha səmərəli istifadə etmək olar. Nə normal çempionat var, nə məşqçilər, onların təminatı. “Şəfa” stadionunda “Sabahın ulduzları” yarışlarının şahidiyəm. Camaatın necə marağı var idi, valideynlər həvəslə uşaqlarını gətirirdi. Bu stadionun imkanları da yaxşı idi, külək tutmurdu, yığcam idi. Mərdəkanda toplaşmaqla iş olmaz. Bir yaş qrupunun oyun və məşqlərini “Dalğa Arena”da, digərini “Şəfa”da, başqasını “Bakı”nın təlim-məşq bazasında, “Neftçi”nin bazasında təşkil etmək lazımdı. Ən yaxşı şərait hardadısa, uşaqların inkişafı üçün harada şərait varsa, oranı da seçmək, işlə ürəkdən məşğul olmaq lazımdı. 5 ildə bir uşaq üzə çıxmır, millilərin nəticələri biabırçıdı. Daha bundan o yanası, daha pisi yoxdu. Oturub, fikirləşmək, planlı iş qurmaq lazımdı.
 
Heç kimi yetişdirməmişik
 
- Dediyin sistemsizlik milli komandalarda da var. Hətta milliləşənlərlə də bağlı eyni mənzərədi. U-17-yə çağırılan U-19-a dəvət olunmur və s.
- Onların çox yüksək səviyyəsi olsa, Almaniya, Türkiyə millilərinə çağırılarlar. Lakin bu oyunçulara da möhtacıqsa, deməli, özümüz ümumiyyətlə, heç kimi yetişdirməmişik. Bu seçimlər həssas məsələdi. Milliləşənlərin gəlişiylə futbolçular arasında münasibətlərdə problemlər olur, valideynlər narazı qalır, öz uşaqlarımız da ruhdan düşür ki, onsuz da milliyə yüksələ bilməyəcəklər, gəlib hansısa əcnəbi oynayacaq. Bu səbəbdən qüvvələri cəmləmək, maliyyəni dağıtmamaq lazımdı. Klub rəhbərlərimiz işini bilən, eyni zamanda vətənpərvər, peşəkar olmalıdılar. Onlar hər yoldan keşəni uşaq qruplarına məşqçi qoymamalıdılar, ən yaxşı peşəkarları gətirməli, yaxşı maaşla təmin etməli və sonra da nəticə istəməlidilər, daim işə nəzarət etməlidilər. Məşqçilərin də inkişafının qayğısına qalınmalıdı, onlar kurslara, xarici klubların düşərgəsinə mütəmadi göndərilməlidilər. Hər oxuyan Molla Pənah olmur, hər futbolçu da güclü məşqçi. Bizdə məşqçi kursları var, ola bilsin, nəzəriyyəni əla bilirlər, amma axı, bununla iş bitmir. Məşqçilərin praktiki biliyi olmalıdı, futbolla hansısa səviyyədə məşğul olmalıdılar. Elə futbolçular var ki, robot olublar, məşqçi nə deyibsə, meydanda onu ediblər. Ondan yaxşı məşqçi olmaz, insanın öz fantaziyası da olmalıdı. Rəşad Sadıqov nümunəsi var – bu adam oynadığı vaxt meydanda həm də məşqçilik edirdi, Qurban Qurbanovun köməkçisi idi. Mən özüm də “danışan” futbolçu olmuşam. Bütün bunları deməkdə məqsədim odur ki, məşqçilərin futbolçu təcrübəsi olmalıdı. İstisnalar da var, lakin futbolçunun məşqçi olmaq şansı qat-qat daha çoxdu.
 
- AFFA pis-yaxşı çempionatlar təşkil edir. Ən azı əvvəlki illərlə müqayisədə müntəzəm çempionat var. İstedadların yetişməməsində klubların günahı nə qədərdi?
- Çox. Meydançaların təmin edilməsində, məşqçilərin seçimində, işə nəzarətdə. Məsələn, “Neftçi”də oğlum da məşq edir. Onlar standartlara uyğun olmayan manejdə məşq edirlər. Meydanın uzunluğu 70 metrdi. Burada hazırlaşıb sabah fərqli ölçülü meydanda oyuna çıxırlar. Öyrədilən başqa olur, tətbiq edilən başqa. Belədə futbolçunun inkişafı mümkün deyil. Məşq qurtaran kimi də futbolçuları tələsik meydandan çıxarırlar, onların əlavə məşq etməsinə imkan vermirlər, çünki başqa qrup meydana çıxmalıdı. Saat yarım məşq etməklə futbolçu olmaq olmaz.
 
Yusif Vəliyevi yalnız mükafatlandırma mərasimlərində görürəm
 
- Problem ondadı ki, ən vacib olan strateji postlarda işi bilməyənlər əyləşib. Uşaq yarılarını təşkil edən departamentin rəhbəri, marketoloq Yusif Vəliyevin futbolla hansı əlaqəsi ola bilər?
- “Neftçi”də işləyəndə ən azı şənbə və bazar günləri “Dalğa Arena”da olurdum. Yusifin heç harada işlədiyini, nə bacardığını bilmirəm. Bəlkə də yaxşı təşkilatçıdı, insan kimi tanımıram. Amma onu oktyabrdan sonra və ya qış aylarında stadionlarda görməmişəm. Bəlkə də gəlib, mən rastlaşmamışam. Lakin əksər vaxtım stadionda keçib, görməmişəm. Onu yalnız final oyunlarında və mükafatlandırma mərasimlərində görürəm. Ya Bayılda, ya da Mərdəkanda. Onun qışda uşaqların nə əziyyət çəkdiyini, hansı vəziyyətdə oynadığını gördüyünə əmin deyiləm. Ancaq mükafatlandırmada, ya da VİP-lojada olub. Amma çempionatda bu qədər problem varsa, deməli, onda da günah var. Bəlkə də onun sözünə qulaq asmırlar. İnanmıram ki, o, hansısa məsələ qaldırsa, həlli tapılmasın. Yəqin ki, məsələni qaldırmır. Pullar boşuna xərclənir, keyfiyyət yoxdu. O adam futbolçuların yanında, stadionlarda olmalıdı, problemi yerində görməlidi. Belə rəhbərlərin yanında vicdanlı, işi bilən və sevən futbol adamları olmalıdı.
 
- Sizə elə gəlmirmi uşaq liqalarının Mərdəkanda təşkil olunması, əksər məşqləri “Dalğa Arena”ya salınması uşaqları bezdirir?
- Mərdəkanda şəraitsizlik bir yana, yol da futbolçulara ciddi mane olur. Uşaq 1 saat məşq etmək üçün 2 saat yol gedib-gəlir. Yorğunluq, vaxt itkisi. Məktəbdən gələn kimi normal qidalanmadan məşqə tələsirlər. Təhsil, qidalanma, yol yorğunluğu, məşq – hamısı qüsurlu olur. Bildiyimə görə, xaricdə, bəzi ölkələrdə bu amilə ciddi diqqət yetirilir. Uşaqlar müəyyən məsafədən uzağa məşq etməyə aparıla bilməz. Bu, onu göstərir ki, insan amili onlar üçün hər şeydən vacibdi. Məsafənin həddi var.
 
- Bəs, Sumqayıtda niyə uşaq yetişmir? Bölgələrdə və paytaxtda olan bir çox problemlər bu şəhərdə yoxdu. Məşqçilər də var, şərait də.
- Deməli, işə rəhbərlik edənlər düzgün seçilməyib. Təkcə şəraitlə iş bitmir, bu məsələlər kompleks halında olmalıdı. Bildiyimə görə, Sumqayıtda yaxşı məşqçilər, veteran futbolçular da var. Sumqayıt futbol şəhəri olub, daim milli komandalarımıza, klublara istedadlı futbolçular yetişdiriblər. Orada şərait indi əvvəlkindən daha yaxşıdı. Deməli, klub rəhbərliyi məşqçilərə lazımi qayğını göstərmir, ya da işə nəzarət etməyi bacarmırlar. “Qəbələ”dən, “Neftçi”dən icarəyə futbolçu götürürlər, halbuki özləri yetişdirmək üçün hər cür imkana malikdilər.
 
- “Qəbələ”nin problemi nədir? Orada hər şərait var, lakin klub akademiyasının yetirmələri əsas komandadan başqa hamıya lazımlı olur. Lakin icarəyə göndərilənlər də müəyyən səviyyəyə kimi yüksəlir.
- Bir problem odur ki, Qəbələdə futbol ənənəsi olmayıb, hələ indi-indi formalaşır. Bununla belə, “Qəbələ”dən böyük gözləntilərim var idi. Orada klub rəhbərliyi hər cür şərait yaradıb. 7-8 təbii örtüklü meydança, baza, akademiyada qalan futbolçuların təminatı yüksək səviyyədədi. Orada baş məşqçi də əlini daşın altına qoymalıdı, akademiyanın yetirmələrindən istifadə etməli, güvənməlidi, şans verməlidi. Əgər o səviyyədə yetişdirilməyiblərsə, klub rəhbərliyi ilə səbəblərini araşdırmalıdı. Əsas komandanın baş məşqçisi özü də yalnız nəticəni düşünməməlidi, akademiyanın yetirmələrinin üzə çıxarılmasında maraqlı olmalıdı. Klub rəhbərliyi ola bilsin ki, ondan nəticə istədiyinə görə hazır futbolçulardan yararlanır, əcnəbi transferinə diqqət ayırır. Lakin rəhbərlik məşqçidən nəticə ilə yanaşı, həm də öz yetirmələrinin inkişafını təmin etməyi istəməlidi. Elvin Camalovu çox bəyənirəm, amma o, 3 ildə yerində sayıb. Əla potensialı var, nədənsə güvənilmir. Bilmirəm problem kimdədi – məşqçidə, yoxsa futbolçuda? Bu suala cavabı rəhbərlik tapmalıdı, o uşağın neçə ili boşuna gedib. Bəlkə də tənbəldi, davranışında problem var, məşqlərə barmaqarası yanaşır - bilmirəm, lakin istənilən halda, bütün bu qüsurları məşqçi yoluna qoymalıdı. Hər futbolçuyla onun öz dilində danışmaq lazımdı.
 
- Bəs, “Qarabağ”? Ağdamlılar sanki ancaq əsas komandanı düşünür.
- Elədi. Amma son vaxtlar ağdamlılar uşaq komandalarına ciddi diqqət yetirməyə başlayıb. Perspektiv gördüyüm bir çox uşaqlar indi “Qarabağ”da cəmləşir. Baxmayaraq ki, son illər “Qəbələ”nin uşaq komandalarını digərlərindən bir baş üstün saymışam.
 
Diviziondan Premyer Liqaya futbolçu gəlmir, gəlməyəcək də
 
- Çempionatda gənclərin daha çox oynadılması üçün limit tətbiq olunur. Səncə, bu, xeyirli praktikadı?
- Limit o yerdə olar ki, hansısa şərait yaradasan, sonra belə məhrumiyyətlə, qadağayla daha yaxşısını əldə etməyə çalışasan. Bizdə divizionda da limit tətbiq edilib. Halbuki aşağı dəstədə 1-2 komandanı çıxmaq şərti ilə hamısında uşaqlar acından ölməmək üçün futbol oynayır. Belə olanda da ortaya oyun alqı-satqısı, qumar kimi neqativ hallar çıxır. Divizionda minimal büdcələr ayrılır, bu isə yalnız uşaqların acından ölməməsinə bəs edir, hansısa inkişaf mümkün deyil. Diviziondan Premyer Liqaya futbolçu gəlmir, gəlməyəcək də. Burada da yarış xətrinə yarışdı, büdcələr havaya sovrulur. Limitə görə məcburən oynadılan uşaq inkişaf edə bilməz, futbolçunun həqiqətən bacarığı olmalıdı, klublar özü buna maraq göstərməlidi ki, yeniyetmələr oynasın. Mən “Neftçi”nin əsas heyətində 17 yaşında SSRİ çempionatında debüt etmişəm. Ruslan Abdullayev məni seçdi, güvəndi, şans verdi. Heç bir limitsiz. Süni qadağalarla iş olmaz. Klub rəhbərləri futbolu bilməli, məşqçilərdən də istedadlı cavanlara şans verməsini tələb etməlidi.
 
- Uşaq futbolunda bu qədər problemdən danışa-danışa yığmalarımızdan nəticə gözləyirik. Qurban Qurbanovin komandasını odun içinə atmamışıq ki?
- Böyük məsuliyyətdi. Amma bu təyinatlara sevinirəm. Qurbanı vicdanlı, vətənpərvər, çalışqan insan kimi tanıyıram. Məsuliyyətdən qorxmadı, nəinki əsas komandaya, bütün millilərə rəhbərlik etməyə razılıq verdi. Hiss olunur ki, sistem, nizam-intizam, vahid üslub gətirmək istəyir. Bizdə çatmayan da budur. Məncə, o, görüyü problemləri qabardacaq, düzəlməsini tələb edəcək. Uğurlu olması rəhbərliyin, ictimaiyyətin ona verdiyi dəstəkdən asılıdı. Amma o, iş görməyə gəlib, vaxt keçirməyə yox. Uşaq futbolumuz uçurumdadı, xilas üçün qüvvələr birləşməlidi.
 
İctimaiyyəti aldatmaq istəyirlər
 
- Sabiq klubun “Neftçi”ni izləyirsən?
- Hamını izləyirəm. Əvvəla, deyim ki, məni klubların sayı qane etmir, 8 komanda ilə çempionat olmaz. Komandaların səviyyəsi də çox aşağıdı. “Neftçi” də arzuolunmaz vəziyyətdədi. Amma klubun prezidenti yaxınlarda müsahibəsində başqa cür danışıb. Deyəsən, 3 autsayder komandanı udmalarını böyük iş sayırlar, danışmaq həvəsinə düşüblər. Ya futbolu bilmirlər, 2-3 qələbə ilə böyük iş gördüklərini sanırlar, ya da ictimaiyyəti aldatmaq istəyirlər. Büdcədən şikayət edirlər, amma əminəm ki, onlara 2-3 dəfə artıq büdcə də verilsə, daim “Qarabağ”a, “Qəbələ”yə arxadan baxacaqlar. İndi büdcəsi “Neftçi”dən xeyli az olan “Zirə”nin, “Sumqayıt”ın daha öndə olması, “İnter”in Avropa Liqasına vəsiqə qazanması da bunu göstərir. Keçən il 8 komanda arasında 7-ci oldular, məşqçilər əlcək kimi dəyişdirilir. Belə idarəçiliklə bundan artığına nail ola bilməyəcəklər. Mən 11 il futbolçu, 5 il də işçi kimi “Neftçi”də olmuşam, həmişə də nəticələrlə sözümüzü demişik. O vaxt gözəl oyun olmayanda qazanılan 3 xaldan narazı olan azarkeşlər, indi “Keşlə”, “Kəpəz” üzərindəki qələbləri toy-bayram edir. Fanatlar bu dərəcədə kiçik uğurlara öyrəşdirilir. Komanda “Qarabağ”dan, “Qəbələ”dən, “Zirə”dən xal ala bilmir, klub prezidenti avrokuboklara vəsiqənin əsas hədəf olduğunu deyir. Halbuki 8 komandalı yarışda 4-cü pilləni tutub Avropa Liqasına yollanmaq “Neftçi” kimi komanda üçün ciddi hədəf olmamalıdı, bunu dilə gətirmək ayıb sayılmalıdı. Belə rəqabətsiz yarışda “Neftçi” həmişə ilk “üçlük”də olmağa məhkumdu. Uşaq başı aldatmaq lazım deyil.
 
- Həmin müsahibə ilə tanışam. Klub prezidenti əvvəlki illərlə müqayisədə büdcə az olduğu üçün zəif nəticə göstərdiklərini bildirmişdi...
- “Qarabağ” özündən dəfələrlə böyük büdcəyə malik olan “Atletiko” ilə 2 dəfə heç-heçə oynadı. Və “Neftçi”nin büdcəsi indiki “Qarabağ”dan 2 dəfə çox olsa, yenə də uğur qazana bilməzlər. Çünki idarəçilikdə naşıdılar. Orxan Hüseynzadənin müsahibəsini oxuyanda hirsləndim. Bəli, deyir ki, əvvəlki rəhbərliyin vaxtında büdcə fərqli olub,ona görə bizdən yaxşı nəticə göstəriblər. Bəs, niyə demir ki, o vaxt çempionluq üçün 6-7 komanda mübarizə aparırdı və bütün rəqiblərin – “Xəzər Lənkəran”, “Bakı”, “Qəbələ”, “İnter”, “Karvan”, “Qarabağ” və başqalarının büdcələri “Neftçi”dən yüksək olurdu. Biz işlədiyimiz vaxt belə imkanlı komandalarla mübarizədə qalib olurduq, büdcəni bəhanə etmirdik. Bunlar elə imkanlı komandalara rəqib olsaydı, nə edərdilər? Bizim uğurları niyə kiçildirsiz? Biz özümüzdən böyük büdcəli komandaları yenirdik, siz isə sizdən zəif büdcəli komandaların aşağasında qərarlaşmısız. Özlərini sığortalamasınlar, sponsorları həvəsləndirəcək işlər görsünlər. 3 autsayderi yendikdən sonra sponsorlar oyunçu transferi üçün əlavə məbləğ ayırıb, daha yaxşı işləsələr, davamı gələcək. “Neftçi”nin pul baxımından heç vaxt problemi olmayıb.
 
“Neftçi” bütün yetirmələrini əldən verib
 
- “Neftçi” “Qarabağ”ın, “Qəbələ”nin öndə olmasını həm də səviyyəli yerli oyunçulara sahib olmaları ilə izah edir...
- “Neftçi” bütün yetirmələrini əldən verib. Araz Abdullayev, Cavid İmamverdiyev, Elşən Abdullayev, Elvin Yunuszadə, Ruslan Qurbanov, Məqsəd İsayev – bu uşaqları göndərəndən sonra belə olmalıydı da. Ən acınacaqlısı prosesin hələ də davam etməsidi. 17-18 yaşlılardan ən perspektivliləri də başqa komandalara verirlər. “Neftçi”ni bu hala salmaq olmaz. Rəhbər bacarıqlı, işi bilən olmalıdı ki, məşqçi də onu aldatmasın. Elxan Abdullayevə insan kimi hörmətim var, amma o uğursuzluqdan sonra onunla 3 illik müqavilə bağladız. Bu, futbolu bilməməkdi. Əksini iddia edirlərsə, həqiqətən məşqçiyə güvənilirdisə, niyə onu sonradan işdən çıxardılar. Ən azı 2 hərəkətdən biri yanlış idi. Abdullayev futbolçulara 2 ay istirahət verir, siz isə onunla razılaşırsız. Dalınca da ağır yükləmələrin olduğu ilk toplanış Bakıda baş tutur, hansı ki, o istidə hazırlıq keçmək olmazdı. Məşqçi belə düşünə bilər, amma futbolu bilən rəhbərlik buna imkan verməməliydi. Klubda məsləhətləşmə olmalıdı. Biz işləyəndə hamı bir yerdə idik, diskussiya aparır, ən doğru qərar verirdik. “Xəzər Lənkəran”da olanda da ən yaxşı nəticələr bizim dövrümüzə düşüb, çünki işə ürəyimizi verirdik. Hər dəfə atmacalar atırlar. Bəli, bizdə Flavinyo kimi oyunçu olub, amma o vaxt rəqiblərdə də 500, hətta 800 minlik futbolçular var idi. Amma rəqabətdə üstün gəlirdik, çünki düz işləyirdik. Bu çempionatda çabalayırsızsa, heç o vaxt “altılığ”a düşə bilməzdiz. Bir az sakit olun.
 
- Sizin də dövrünüzdə komandadan gedən yeniyetmələr az deyildi.
- Elədi. Amma bizim satdıqlarımız, buraxdıqlarımızın heç biri böyük perspektiv vəd etmirdi, zamanla sübut olundu. Heç birinin arxasınca gözümüz qalmadı. Birdən düşünərlər ki, nəsə məqsədim var. Əksinə, indiki işimdən məmnunam və heç harda da gözüm yoxdu. Sadəcə, çox danışırlar və səhv danışırlar, adama təsir edir. Alnıaçığam, dürüstəm, sözümü deməkdən də çəkinmirəm. “Neftçi”yə qayıtmaq niyyətim yoxdu, özüm getmişəm. O vaxt Elnur Məmmədovun düzgün işləmədiyini gördüm və sözümü deyib, özüm getdim. Peşman da deyiləm. Pulu halal qazanmaq lazımdı. Kiçik hədəflərlə öz ömrünüzü uzatmayın.
 
Kamran Quliyev öz ətrafına baxsın
 
- Digər klublarda rəhbərlər işi bilən adamlardı?
- Əksərində yox. Mikayıl Nərmanoğlunun “Kəpəz”də nələr etdiyini gördük və klubun bugünkü durumu da göz qabağındadı. “Sumqayıt” rəhbərliyi də öz işi ilə məşğul olmur.
 
- Niyə?
- Özləri işləyə bilməmələri bir yana, başqalarının işlərinə burun soxurlar. “Neftçi”də işləyəndə qulaq şahidi oldum. Gördüm ki, Çingiz Abdullayev Ruslan Qurbanovu tərifləyir. Həmin vaxt Ruslan ən pis vaxtlarını keçirirdi, tərifə layiq deyildi. Amma Müşahidə Şurasının sədri deyirdi ki, “belə davam et, daha da yaxşı olacaq”. Tərifləsin, amma gərək futbolçu da ona layiq olsun, əks halda, bu, pis effekt verir. Qəribəsi odur ki, Abdullayev bunu “Sumqayıt”ın prezidenti Kamran Quliyevin dediklərindən sonra dilə gətirirdi. Ruslana deyirdi ki, “səni Kamran da mənə təriflədi, bizdə olandan sonra artırdı” dedi. Bu söz mənə təsir etdi. Biz “Neftçi”də işləyəndə “Sumqayıt”a xeyli futbolçu vermişik. Perspektivlilərdən Elşən Abdullayev, Slavik Alxasov, Ruslan Qurbanov, Emil Balayev, Tərlan Quliyev təcrübə qazanmağa göndərilsə də, həmişə zəifləyərək geri qayıdıblar. Milli komandamız hər dəfə qələbə qazananda Sumqayıtda Müşahidə Şurası toplaşır və oradan da rəy çıxarırlar ki, bəs, klubumuzda oynamış futbolçuların da sayəsində belə bir uğur olub. Yəni, qələbələrdə öz paylarını götürmək istəyirlər. Utanmırlar. Siz axı, nə etmisiz? İcarəyə götürdüyünüz futbolçuları şikəst edib qaytarmısız da. Sizin bir yetirməniz ola bilərdi – Orxan Əliyev. Çox istedadlı idi, necə məhv etdizsə, inkişafdan dayandı, heç yerdə möhkəmlənə bilmir. Yığma udanda onun-bunun futbolçusunu öz adınıza çıxmaqla deyil. Kamran Quliyev ondansa öz ətrafına baxsın, klubuna diqqət etsin, işləri düzgün qurub futbolçu yetişdirsinlər. Bəli, bu dəqiqə xoşagələn futbol oynayırlar, danmaq olmaz. Amma öz yetirmələri yoxdu.
 
FƏRİD

 
tarix: 05-01-2018 10:03


 
Xəbər lenti
17.01.2018

03:00   “Lester”lə “Vest Hem” də növbəti mərhələyə vəsiqə qazandı

02:46   Çempion yenə xal itirdi - VİDEOLAR

02:16   “Sürix”lə matç öncəsi son məşq

01:12   “Fənərbaxça” 1/4 finalda, “Bursaspor”la “Trabzonspor” dayandı

00:24   Divizion təmsilçilərinin duelində 3 qol - VİDEO

16.01.2018

23:32  Mustafa Dənizli Azərbaycan klubu ilə razılığa gəldi

22:31  “Sürix”lə ikinci sınaq - VİDEO

20:36  “Qarabağ” “Kuban”la oyuna hazırdı

19:20  Rəşad Sadıqovdan uğurlu debüt

18:54  “Qarabağ” dünyanın 100 ən güclü klubu sırasında

18:33  “Kəpəz” daha 3 transferi rəsmən açıqladı - FOTO

18:11  “Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq” - VİDEO

17:50  “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi

17:31  “Sabah” “Binə”yə qalib gəldi

17:11  “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı

16:47  Prosineçkidən Şehiç açıqlaması

16:23  Millimizdən 6 qolluq qələbə

16:00  Sergey Litovçenko “Kəpəz”i seçməsinin səbəbini açıqladı

15:45  Türkiyə klubu Mahirə olan borcunu ödəmədiyi üçün cəzalana bilər

15:17  “Kəpəz” iki legionerlə müqavilə imzaladı

14:27  Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq

14:07  “Neftçi” 2 dövrənin antirekordçusudu

13:54  Rəqib baş məşqçi yekun heyəti açıqladı

13:08  Stadionda faciənin qarşısı alındı - FOTO

12:19  “Azərbaycan millisinə qiymət vermək çətindi”

11:55  UEFA Superkuboku üçün 9 namizəd

11:41  “Sumqayıt” Divizionun liderinə belə qalib gəldi - VİDEO

11:20  “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:00  “eTopaz”da günün canlı oyunları

10:27  Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00  “TOPAZ”DA BU GÜN

09:36  Büdcəni aşan komitəyə “qulaqburma”

09:28  AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24  Erməni məşqçiyə ömürlük cəza

09:12  Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az