(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İlkə imza atmaq istəyən Bordin: “Hədəf çempionluqdu” - EKSKLÜZİV

İlkə imza atmaq istəyən Bordin: “Hədəf çempionluqdu” - EKSKLÜZİV

Roberto Bordinin “Neftçi”nin baş məşqçisi təyin olunacağını ilk dəfə futbolinfo.az yazmışdı. Klubun məxfi saxladığı bu təyinatı aşkara çıxarmaqla italiyalıdan ilk eksklüziv müsahibəni almaq “imtiyaz”ını da qazanmışdıq.
 
Nəhayət, dünən klubun bazasında Bordinlə üz-üzə əyləşdik. İşinin peşəkarı olan tərüməçi Orxanın və klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin müşaiyəti ilə Bakı klubunun baş məşqçisiylə söhbətləşdik. Olduqca peşəkar davranan, sualları diplomatcasına cavablayan Robertonu hirsləndirmək də mümkün oldu.
 
- Azərbaycan dilində salamlaşdız. İşə dil öyrənməklə başlamısız?
- Ən azı ən çox istifadə olunan sözləri öyrənməli idim. Yavaş-yavaş daha çox şey biləcəm.
 
- Bakıya necə - öyrəşə bilirsiz?
- Çalışıram. Hələ Bakını kəşf etməklə məşğulam, zamanla daha yaxşı olacaq. Amma şəhəri gəzmək üçün yox, işləmək üçün gəlmişəm.
 
- Moldovayla müqayisədə fərq çoxdu?
- Fərqləndirmək istəmirəm, hər iki ölkədə mənə münasibət əladı. Hər iki ölkədə 8 komanda 4 dövrədə mübarizə aparır. Oxşarlıqlar daha çoxdu.
 
- Bəs, Bakını Neapolla müqayisə etsək...
- “Napoli”də 4 il oynamışam. Bu iki şəhərin görünüşcə oxşar olduğunu deyə bilərəm. Neapol gözəl şəhərdi, Bakının da gözəlliklərini kəşf etməyə çalışacağıq.
 
- Bu iki şəhər 1972-ci ildə qardaşlaşıb. Bəlkə tanışlığa Neapol dairəsindən və ya küşəsindən başlayasız...
- Təzə gəlmişəm. Hələlik komandaya, məşqlərə konsentrasiya olmuşam. Vaxt olduqca hamısını ziyarət edəcəyik.
 
- “Neftçi” karyeranızda 4-cü “ağ-qaralı” komandadı. Futbolçu kimi “Çezena” və “Spetsiya”, köməkçi məşqçi kimi “Syena”da bu rənglər üçün tər tökmüsüz. Bu rənglərin sizin üçün önəmi var, yoxsa “Napoli”nin geyimi daha gözəl idi?
- “Napoli”nin geyimi daha gözoxşayan idi, amma rənglərin bir o qədər önəmi yoxdu. Oynadığım, çalışdığım komandalarda rənglərə bağlı olan insanam. Hədəfim olduğum komandanı yüksəklərə qaldırmaqdı.
 
- Neapollu azarkeşlərin sevimlisi olduğunuzdan bu komanda haqda daha çox danışırıq. Dieqo Maradonanın daşıdığı kapitanlıq sarğısına sahiblənmək hər adama nəsib olmur.
- Kapitan sarğısını Çiro Ferraradan təhvil almışam. Həm Maradonanın, həm də onun davamçısı olmaq məsuliyyətli və şərəfli idi. Azarkeşlər xoş qarşıladı.
 
- Bakıda oteldə qalırsız. Belə davam edəcək, yoxsa klubdan ayrıca mənzil istəyəcəksiz?
- Ayrıca mənzilim olmasını gözləyirəm. Ailəm gələndə problemlə üzləşmək istəmirəm.
 
- Pitsa, yoxsa kabab?
- Dünən kabab yedim və xoşuma gəldi. Pitsa kimi dadlı idi.
 
- “Şerif”lə çempion olanda “Napoli” tvitter vasitəsi ilə sizi təbrik etmişdi. “Neftçi”də də belə olacaq?
- Hələ işin başlanğıcındayıq. Təbii ki, məqsəd çempion olmaqdı. Bu istiqamətdə irəliləyirik. Yəqin ki, təbrik alacağıq.
 
- “Atalanta” və “Napoli”də Marçello Lippinin rəhbərliyi altında oynamısız. Bu məşqçidən gələcək karyeranız üçün nə “oğurlamısız”?
- Lippi çox böyük insandı. O, məşqlərdə futbolçularla ata-oğul münasibətində olurdu. Bu, oyunçularda motivasiya yaradır, hamı həm də onun üçün oynayırdı. Elə bu səbəbdən Lippi dünyanın ən uğurlu məşqçilərindəndi. Onunla işlədiyim üçün özümü xoşbəxt sayıram.
 
- Bəs, 6 fərqli klubda 10 il birgə çalışdığınız Andrea Mandorlinini necə xatırlayırsız? Ya da əfsanəvi Vuyadin Boşkovu?
- Hər məşqçinin özünəməxsus özəllikləri var. Fərqli insanlar idi. Xüsusilə Boşkovla qardaş kimi münasibətlərimiz vardı. Mandorlini ilə isə 10 il birgə çalışmışıqsa, deməli, hər şey çox yaxşı olub, indi də münasibətlərimiz davam edir.
 
- Liviyada doğulmusuz. Amma bu ölkədə italiyalıları heç də sevmirdilər, işğalçı kimi qarşılayırdılar. Orada həyatınız necə keçib? Siz gənc yaşlarınızda İtaliyaya gəlsəz də, atanız uzun müddət orada çalışıb.
- Valideynlərimin dediyinə görə, hər şey yaxşı olub, bizə pis münasibət bəsləməyiblər. 1968-ci ildə isə hamı məcburi şəkildə İtaliyaya qayıdıb. Mənim yadımda heç nə qalmayıb.
 
- 22 il öncə, Neapolda olarkən qalxanabənzər vəzinizdə xərçəng aşkar edilmişdi. Həmin dövr necə keçdi, xəstəliyə necə qalib gəldiz?
- Müalicə alaraq. Ağrı hiss edirdim, həkim müayinəsindən sonra məndə şiş olduğu aşkarlandı. Mətbuat konfransı oldu, problem açıqlandı. Sonra əməliyat olundum, 6 aylıq müalicə kursu keçdim. Çətin oldu, amma hər şey qaydasına düşdü, artıq noyabrda məşqlərə başladım.
 
- Toşak, Dənizli, Şefer, Adams – bir çox adlı-sanlı məşqçilər Azərbaycanda uğursuz olub. Bu aqibətin sizi də gözləməsindən narahat deyilsiz?
- Elə bir qorxum yoxdu. Bacarığıma güvənirəm. Ümid edirəm ki, məşqçi korpusu, komanda ilə əl-ələ verib yüksək nəticələr əldə edəcəyik. Fərqli tale yaşayacağıma inanıram.
 
- Aqressiv futbol tələb edirsiz. Eyni zamanda italyansayağı müdafiəni təbliğ edisiz. “Neftçi”nin oyun stili isə fərqli olub. Bu komandanın azarkeşləri daim texnikalı, rəqibi basqı altında saxlayan futbol həvəskarı olub. Fanatların istəyinə uyğun komanda quracaqsız, yoxsa özünüzün bəyəndiyiniz üslubu tətbiq edəcəksiz?
- “Şerif” Moldova çempionatında ən çox qol vuran komanda idi. Hücum futbolu sərgiləyirdik. Lakin istəyim odur ki, müdafiə zamanı bütün komanda müdafiə olunsun.
 
- Fabio Kapello “Real”ı çempion etsə də, azarkeşlər onun oynatdığı futboldan zövq almadığı üçün, həmyerliniz mövsüm bitincə istefaya göndərildi. “Neftçi” azarkeşləri üçün də nəticəylə yanaşı, sərgilənən futbol önəmlidi. Sualı buna görə verdim...
- Mən sual verim: Azarkeşlər çempion olmaqdan məmnundu?
 
- Hə, amma bu, gözəl futbolla reallaşanda daha yaxşı olur.
- “Yuventus” bu mövsüm xeyli oyunda bir top fərqi ilə qalib gəldi. Amma sonda çempion oldular. Önəmli olan budur.
 
- Son açıqlamanızda “Neftçi”dəki transferlərə qarışmadığınızı bildirdiz. Bu, nə dərəcədə doğrudu? Heç bir istəyiniz olmayacaq? Yalnız rəhbərliyin gətirdiyi futbolçularla kifayətlənəcəksiz?
- Messini istədik, dedilər müqaviləsi var (gülür). Zarafat öz yerində, amma bəzi futbolçulara rəhbərliklə birlikdə baxmışıq, məsləhətləşmişik. İstədiyim oyunçular var, rəhbərlik onların transferi üçün çalışır. Mən maliyyə məsələlərinə qarışmıram. Mövqelər üzrə istədiyim oyunçuları demişəm. İndiyə kimi gələn oyunçular yaxşı, keyfiyyətlidi. İnanıram ki, yeni  gələnlər də komandanı tamamlamaq baxımından işimizə yarayacaq.
 
- “Neftçi”nin bu yay aldığı əksər oyunçular Premyer Liqadan tanıdıqlarımızdı. Azarkeşlər isə yeni ad istəyir.
- Məncə, yeni adlardansa, sınanmış, bələd olduğumuz oyunçuların seçilməsi daha yaxşıdı. Təcrübələri var, çempionata bələddilər. Transfer etdiyimiz oyunçular zəif deyil. Yeni ad hər şeyi həll etmir, əsas odur boşluqları dolduraq.
 
- Sanki tək gəlmisiz. Futbolçu gətirməməyiniz bir yana, məşqçilər korpusunuz da yoxdu, yalnız fiziki hazırlıq üzrə köməkçiniz var. Belə çətin olmayacaq? Məşqçi korpusunuz yoxdu, yoxsa, “Neftçi”yə gətirmək mümkün olmadı? Həm də “Neftçi”dəki yerli məşqçilərə uyğunlaşmaq, iş üslubunuzu onlara aşılamaq baxımından zamana ehtiyacınız olacaq.
- İmkan olmadı deyək. Olsaydı, daha yaxşı idi. Yerli məşqçilər də lazımdı. Onlar yerli çempionatı italyan məşqçilərdən daha yaxşı bilir. Fiziki hazırlıq üzrə məşqçi Andreadan razıyam, neçə vaxtdı bir yerdə işləyirik. Gələcəkdə vəziyyətə baxacağıq.
 
- (tərcüməşiyə xitab edirəm) Orxan, əynindəki geyim İsveç millisinin formasını xatırladır. Bordini qəzəbləndirməkdən qorxmursuz? Çünki İtaliyanı dünya çempionatına İsveç millisi buraxmadı.

- Tərcüməçimizin günahı yoxdu (gülür). Məni də əsəbləşdirmir. İsveçlilər öz işini görüb. Günah İtaliya millisindədi ki, lazımi nəticəni qazana bilmədilər. Komanda bundan dərs çıxarıb, gələcəkdə nəticələrini düzəltməlidi.
 
- İtaliya futbolunun problemi nədir ki, mundialsız qaldı? Rusiyadakı yarışa baxırsızmı, kimə azarkeşlik edirsiz?
- Problemin nə olduğunu bilmirəm, lakin görünən odur ki, lazımi anda toparlanıb hədəfə çata bilmədilər. Mənə gəlincə, kiməsə azarkeşlik etmirəm, təşkilatçı ölkə kimi Rusiyaya azacıq rəğbətim var.
 
- Moldovalı jurnalistlər sizdən ağızdolusu danışır. Lakin “Daçiya” və “Milsami”nin öz səhvləri üzündən çempionluğu “Şerif”ə hədiyyə etdiyini deyənlər də var.
- Qələbə qələbə, çempionluq çempionluqdu. Biz hər oyunda əlimizdən gələni edirdik. Digər komandalar da güclü idi. Biz Avropa Liqasının qrupunda 9 xal qazandıq ki, balaca nəticə deyil.
 
- Moldova çempionatı daha rəqabətlidi, yoxsa Azərbaycan Premyer Liqası? Orada “Şerif” aşkar favorit idisə, bizdə “Neftçi”nin daha güclü rəqibləri var.
- Çempionatlar oxşardı. Hər ikisində 8 komandadan 3-4-ü güclüdü.
 
- Çempionlar Liqasında “Qarabağ”la oyunları necə xatırlayırsız?
- Bakıda oyun 0:0 bitdi. Bizim də şanslarımız oldu. Təəssüf ki, evdə uduzduq. “Qarabağ” illərdi Avropada təcrübə yığmış kollektivdi. Onlar dəfələrlə Avropa Liqasında oynamışdılar, sabit heyətləri var idi. Uğursuzluq oldu.
 
- İndi “Neftçi”də sizə xoş münasibət var. Amma onu da bilin ki, sizi “Qarabağ”ın hegemonluğuna son qoymaq üçün gətiriblər. Alınmasa, sizə qarşı münasibət dəyişəcək. Bu, təzyiqi hiss edirsiz?
- Bura nə üçün gəldiyimizi bilirik. Futbolçular da məsuliyyətini dərk edir. Hədəf çempionluqdu.
 
- Heyətdəki futbolçuların böyük əksəriyyəti çempionluq, titul görməyənlərdi. Bu, onların uğura ac olması deməkdi. Belə situasiya daha yaxşı motivasiya olunmalarına şərait yaradacaq, yoxsa həlledici məqamda ümumi işə əngəl törədəcək?
- Özüm də futbolçu olmuşam, bu hisslər mənə tanışdı. Nə vaxt güclü komandaya qarşı oynayırsan, çalışırsan ki, daha yaxşı çıxış edəsən, maksimuma çalışırsan. Hesab edirəm ki, bu vəziyyət motivasiyanı daha da artıracaq.
 
- Onu da bilirsizmi ki, “Neftçi” ən titullu komanda olsa da, heç vaxt əcnəbi məşqçilərlə uğur qazanmayıb. Hətta Avropadakı uğurlarda da yerli məşqçilərin imzası var. Ümumiyyətlə, Bakı klubunda legioner məşqçilər heç vaxt sevilməyib.
- İrəliyə doğru baxırıq. İlkə imza atmaq istəyirik – məqsədim budur.
 
- Yaş və legioner limiti işinizdə əlavə çətinliklər yaradacaqmı?
- Moldovada da eyni vəziyyət idi. Yerli oyunçularımız səviyyəlidi, problemimiz olmayacaq.
 
- Şərait, infrastruktur baxımından müqayisə etsək, “Neftçi” indiyədək işlədiyiniz komandalardan geri qalırmı?
- Bizə yaradılan şəraitdən razıyam. Bazada komanda birlikdə ola bilir. Məşq, istirahət üçün hər cür şərait var. Müqayisəni sevmirəm, burada rəhbərlik bizim üçün lazım olanı edir.
 
- “Neftçi”dən təklif gələndə ilk olaraq kimdən informasiya almağa çalışdız?
- Buna ehtiyac duymadım. Vasitəçidən təklif gəldi, prezidentlə danışdım, hədəflərə baxdım və razılaşdıq.
 
- Yoxsa “Neftçi”nin adını da eşitməmişdiz?
- Milanda azarkeşi olduğum “İnter”lə 2:2 oynayan komandanı tanımamaq günah olar. Uşaqlıqdan atam, qardaşım – bütün ailəmiz “İnter” tərəfdarıdı.
 
- Əzəli rəqibiniz olan “Milan”a İtaliyada, sınaq matçında 4 qol vurmuş “Neftçi” yetirməsi Ələkbər Məmmədovu da tanıyırsız?
- Yox. Amma yaxşı edib (gülür).
 
- Adətən italiyalılar Avropa Liqasına bir o qədər önəm vermir. Amma “Neftçi” bu yarışda mərhələlər keçməklə uğur qazanmağa məhkumdu. Siz qitə yarışında uğura çalışacaqsız, yoxsa bütün hədəflər Premyer Liqa ilə bağlıdı?
- Mən elə düşünmürəm. İtaliyalılar istənilən turnirdə uğura can atır. “Neftçi”də də mümkün olanı edəcəyik.
 
- O zaman ilkin mərhələdəki potensial rəqiblərdən hansı ilə oynamağı arzulayırsız?
- Rəqib seçmirik. Oyunlara maksimum konsentrasiya olmalı, nəticə qazanmalıyıq. Rəqibin fərqi yoxdur, kim düşəcəksə, onunla oynamalıyıq.
 
- Müqavilə bağlayandan sonra Azərbaycanı öyrənməyə çalışmısızmı? Hansı mənbələrdən istifadə etmisiz?
- Hələ bu ölkəni hələ kəşf etməliyəm. “Şerif”də olarkən “Qarabağ”la matçlar zamanı müəyyən məlumatlar əldə etdim, indi isə vaxt tapan kimi ölkənizi daha yaxından tanımağa çalışacam.
 
- Heç olmasa, “Neftçi” sözünün mənasını bilirsiz?
- Yox. Emblemdə neft buruğu gördüm, düşünürəm ki, neftlə bağlı nəsə olmalıdı. (tərcüməçinin izahatından sonra) Bundan sonra biz də neft çıxaracağıq (gülür).
 
- Müsəlman ölkəsində doğulmusuz və ilk dəfə İslam dininin hakim olduğu ölkədə işləyəcəksiz. Futbolçuların əksəriyyəti də sizdən fərqli dinə inanır...
- Hamının dini baxışlarına hörmət edirəm. Məni Liviyada doğulmaqdan başqa İslama heç nə bağlamır, amma bütün dinlərə hörmətlə yanaşıram.
 
- Çempionatdakı 8 komandadan 6-nın Bakıda məskunlaşması sizin üçün yaxşı haldı yəqin. Belədə daha rahat olacaq.
- Deməli, oyunların əksəriyyəti derbi olacaq. O baxımdan yaxşıdı ki, komanda səfərlərdə az vaxt, enerji itirəcək.
 
- Tərlan Əhmədovdan qalan mirasdan razısızmı?
- Razıyam. Bürünc medal kimi vacib nəticəyə nail olublar. Yaxşı komandadı.
 
- Azarkeşlərin “Neftçi”yə inanması üçün 3 səbəb deyin.
- Vəd verməyi xoşlamıram. Bircə onu deyim ki, komandanın yüksəklərdə dayanması üçün maksimum səy göstərəcəyik.
 
- İnternet qaynaqları məni aldatmırsa, oyunçu karyeranız 34 qol vurduğunuz 666 oyundan ibarət olub. 3 6-nı bilərəkdən sıralamısız, yoxsa təsadüfdü?
- 40 yaşıma kimi oynamışam. Məncə, say daha çox olmalıdı. Davam edə bilərdim, rəqəmlər xoşuma gəldi, dayandım (gülür).
 
- O zaman sizə bir informasiyanı da mən verim: köməkçilərinizdən İqor Getman müstəqillik dönəmində “Neftçi”nin oyun sayında liderlərindən biridi.
- Onun “Neftçi”nin oyunçusu olduğunu bilirdim, bunu da indi öyrəndim. Neçə oyun oynadığını deyə bilərsizmi?
 
- Bizdə arxivlə bağlı vəziyyət ürəkaçan deyil. Müxtəlif mənbələrdə fərqli rəqəmlər göstərilir...
- (gülərək sözümü kəsir) Müsahibə başlayanı hücum edirsiz, amma yaxşı hazırlaşmamısız. Hesabımız 1:1 oldu.
 
- Sizinlə bağlı rəqəmlərdə də yanlışlıq var. İnternetdə yazılan 666 ilə razılaşmadız. Amma mən heç-heçə istəmirəm, qonaqpərvərik, hesabda önə keçməyiniz üçün şans yaradıram. Buyurun, bir sual da siz verin və önə keçin.
- Yox. Mən heç-heçəylə razıyam.
 
- İtalyanları müdafiə futbolunun gətirdiyi heç-heçə qane edə bilər, mən isə qələbə üçün daha bir hücum edəcəm. Nəyə görə klubu bütün əməkdaşları “Nike” geyinib, siz isə köhnə geyimdə - “Kappa”dasız?
- (Uzun sükutdan sonra) Mən paltarımı yuyulmağa vermişəm (gülür və vəziyyətdən çıxmaq üçün yalan danışdığını aşkar hiss etdirir).
 
VÜSAL MAHMUDOV

 
tarix: 20-06-2018 14:30


 
Xəbər lenti
15.12.2018

02:15   “Selta” “Leqanes”lə “sülh bağladı”

01:47   “Volfsburq”dan “Nürnberq” üzərində inamlı qələbə

00:37   “Bursaspor”la "Göztəpə"dən heç-heçə

00:04   Avroliqada son turun ən yaxşı oyunçusu

14.12.2018

23:44  Halldorsson Londonda meydana çıxmasa da…

23:17  “Buranın havasını daha çox bəyəndim” - “Neftçi”nin yeni transferi

22:30  Rəşadın erməniyə hücumu - VİDEO

19:48  Avroliqanın finalı ilə bağlı daha bir görüş

18:34  “Neftçi” “Sumqayıt”la ilk oyuna hazırlığı başa çatdı

18:10  Qara Qarayev: “Azarkeşlərdən bayrağı aldım və yuxarı qaldırdım”

17:56  “Keşlə”nin qış hazırlıq planı məlum oldu

17:11  42 yaşlı rekordçu

16:40  ÇL-də həftənin ən yaxşı məlum oldu

16:00  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:23  “Sabah” da Türkiyəyə gedir

15:11  Moskva “Spartak”ından antirekord

14:57  Azərbaycan mətbuatı seçimini etdi: Qurban Qurbanov!

14:19  Avroliqada son turun rəmzi komandası açıqlandı

13:57  “Zenit” 5 il idi belə aqibətlə üzləşmirdi

13:16  Sampaoli Braziliya klubunda!

12:42  “Fənərbaxça”da yeni baş məşqçi - RƏSMİ

12:17  Avroliqada son turun ən yaxşı oyunçusu adına 4 namizəd

12:07  Edvinas: “Qarabağ”dan revanş almaq istəyirik” 

11:35  "Topaz": "Göztəpə" heç-heçə oynayacaqmı?

11:03  Azərbaycan kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

10:34  Azərbaycan yerində saydı - UEFA reytinqi

10:00  “eTopaz”da günün canlı oyunları

09:33  Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları

03:10  Qurban Qurbanov: “Daha yaxşı nəticələr qazana bilərdik”

02:55  “Qarabağ”ın oyununda erməni təxribatı - FOTO

02:20  Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu

01:54  “Qarabağ” “Arsenal”la yenə bacarmadı

01:29  Almeydalı “Astana” Avroliqa ilə vidalaşdı

01:14  “Qəbələ”nin “Sabah”la 3-cü dueli

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az