(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İdman mətbuatı bu gün – I yazı

İdman mətbuatı bu gün – I yazı

Dünən idman jurnalistlərinin peşə bayramı idi. Kiminsə yadına düşdükmü? Əksər cavabların “Yox!” olduğunu monitor arxasından da görə bilirəm.
 
Azad, güclü mətbuat hər bir sağlam cəmiyyətə vacibdi. Lakin cəmiyyət özü sağlam deyilsə, ayna rolunu oynayan mətbuatın təmiz, şəffaf görüntüsü heç kimə lazım deyil. O ayna gerçəyi göstərir, eybəcərlikləri aşkara çıxarırsa, ya sındırılır, ya da üzünə pərdə çəkilərək bir küncə qoyulur. Bəzən olur ki, aynanın çərçivəsinə hansısa məmnuniyyət gətirən tablo salınır, gözlər aldadılır.
 
Necə ki, AFFA buna cəhd etdi. Media Komitəsi yaradan qurum hamını bir qəlibə qoymağa çalışdı. Haqlı tənqidlərdən yayınmaq, qulağıdinc yaşamaq, çirkin əməllərini ifşa edilmədən reallaşdırmaq üçün assosiasiya rəhbərliyi belə bir komitəyə ehtiyac duydu. Adını “mətbuata yardım etmək” qoyub, əsl niyyəti gizlətməyə çalışdılar.
 
Bacarmadılar. Maskalar tez cırıldı. Həm komitəyə daxil olmayan, həm də qurumda olub, susmayan jurnalistlər ipə-sapa yatmayınca AFFA geri çəkildi. Onlara susan media lazım idi, əməllərini faş edən mediaya maddi dəstəyi dayandırıb, indi də onları fərqli yolla təslim etmək istəyirlər. Qurumdan aylıq verilən 400-500 manatlıq ianə artıq yoxdu – AFFA sözəbaxmaz mətbuatı maliyyə sıxıntısı ilə imtahana çəkir. Bu kritik məqamda ayaqda qalan KİV-lərin hansılar olacağı çox maraqlıdı.
 
AFFA-nın baş katibi Elxan Məmmədov mətbuatın ona xidmət etməsini istəyir. Qurumdan maliyyələşən bütün klublara qadağa qoyulub – heç biri mətbuata hansısa şəkildə yardım edə bilməz. Yalnız “Neftçi” istisnadı, bu klub da məhdud sayda saytla əməkdaşlıq edir. Əvvəlki illərdən qalan ənənəni davam etdirməyə məcbur olmasaydılar, bu klub da çoxdan mediaya arxa çevirərdi. İlk vaxtlar “katibin qorunması şərtiylə” reklam müqavilələrinin bağlanması təklifi oldu, lakin heç kim buna getməyincə ətrafında söz-söhbətin böyük olduğu klub mediayla razılaşdı.
 
Əslində, klubların, AFFA-nın mətbuatla əməkdaşlıq etməsi tam normaldı. Bu, bütün dünyada var. İspaniyada “Marka” və AS nümunələrini göstərə bilərik. Eləcə də qonşu Türkiyədə konkret hansısa klublara yaxın olan qəzetlər, saytlar var. Klublar kimisə susdurmaq üçün yox, öz PR-nı təşkil etmək naminə bu yola əl atır.
 
Azərbaycanda isə klublar, AFFA bunu minnətlə edir. Sanki onların mediaya maddi dəstəyi ianə xarakterlidi, bunu etməyə borclu deyillər. Quyruq qapı arasında qalanda jurnalistlərin üstünə qaçanlar KİV-lə normal əməkdaşlıq etmir.
 
Ölkədə azad reklam bazarı olsaydı, münasibətlər bu səviyyəyə çatmazdı. Mətbuat öz gücünə görə reklam bazarına sahib olar, qüdrətini işiylə göstərərdi. Təəssüf ki, belə imkan yoxdu və klub reklamlarından olan asılılıq mətbuatın da gücünü, kəsərini azaldıb. Bir növ yaşamaq uğrunda mübarizədi, yaşamaq uğrunda mübarizədə boynubükük dayanmaq lazım gəlir, bir az dişli olanlar isə ara-sıra caynaq göstərməklə seçilir. Sistemi, real durumu bilənlər də bundan faydalanır.
 
AFFA, klublar özünü dolandıracaq səviyyədə fəaliyyət göstərsəydi, yenə vəziyyət anlaşılan olardı. Belədə bəlkə də mətbuata biganəlik, laqeydlik başa düşülərdi. Lakin iş ondadı ki, hamı dövlət büdcəsindən gələn dotasiya ilə dolanır, maaş alır, futbol oynayır, fəaliyyət göstərir. Və hamının cibini doldurduğu, dövlətin neft pullarını havaya sovurduğu bir zamanda yalnız daha çox əziyyət çəkən mətbuat heç kimin yadına düşmür. Halbuki təkcə PR üçün hamı büdcəsinin minimum 5-10 faizini xərcləməyə borcludu. Bu, kiminsə deyil, peşəkarlığın tələbidi.
 
Ümumiyyətlə, mətbuata münasibət belə olmalıdımı – bu sualla həmkarlarımıza müraciət etdik.
 
“Xəzər” TV-nin aparıcısı Sənan Abdullayev Media Komitəsi yarananda çox sevinibmiş: “Düşündüm ki, get-gedə daha da təkmilləşəcək. Baxmayaraq ki, adı, əslində, Elektron Media Komitəsi olmalı idi. Çünki televiziyaya heç bir aidiyyatı yox idi, qəzetlər isə minnətlə qəbul olundu. Amma hər halda ilk vaxtlarda uğurlu idi. Yazı qabiliyyəti olan, iş bilən, rəqabəti bacaranlar gec-tez önə çıxmalı idi. Bu isə olmadı. Mediaya maliyyə də belə ayrılmamalıdı. Məsələn, birinin layihəsini bəyənirsən və şans verirsən. Başdansovdu bir şey etdisə, pulu kəsib başqasına verirsən. Düşmən olacaqsa, cəhənnəmə olsun.
Düşmən demişkən, AFFA-nın sənə şübhəli baxması üçün çox da əziyyət çəkməyə ehtiyac yoxdu. Bir azca tənqid etmək yetərlidi. İndiyədək heç yerdə demədiyim adicə bir məqamı açıqlayım. 10 il (!) ərzində mətbuat nümayəndələri arasında millinin səfərlərini işıqlandırmağa ən az (2 dəfə) dəvət alan "Xəzər" TV-nin əməkdaşları olub. Bilirsiniz niyə?  Tənqid etmişik və heç vaxt ağız açmamışıq”.
 
Futbolpress.az saytının rəhbəri Elçin Cəlilov mәtbuatın durumunun nәinki qәnaәtbәxş olmadığını, hətta burada bacaranla bacarmayan arasında fәrq qoyulmadığını düşünür. İlkin Vaqifoğlu (sportinfo.az) isə mətbuatın futbolumuza tay olduğu qənaətindədi: “Bir neçə il öncə media futbolumuzdan bir-iki addım öndə idi. İndi isə ikisi də eyni səviyyədədi. Mətbuata münasibət deyərkən, baxır söhbət kimdən, hansı qurumdan, klubdan gedir. Son illərdə müstəqil klubların sayı xeyli azalıb. Premyer Liqa və I divizion komandalarının mütləq əksəriyyəti AFFA-dan idarə olunur. Bu klubların büdcəsi AFFA tərəfindən müəyyənləşdirilir, prezidenti, icraçı direktoru, mətbuat katibi, baş məşqçisi, hətta xadiməsi və topdaşıyanı da AFFA tərəfindən təyin olunur. Belə bir vəziyyətdə klubların mediaya münasibəti, təbii ki, yaxşı olmayacaq. Yalnız müstəqil olduğunu iddia edən “Zirə”nin mətbuata saymazyana münasibətini qeyd etməliyəm. Görünən budu ki, vəzifəsinin önünə “president” yazılan Natiq İsmayılov orda heç bir səlahiyyət sahibi deyil, sıradan bir işçidi. Əlbəttə, böyük iş adamlarının, şirkətlərin futboldan çəkilməsindən sonra mətbuata yanaşmanın dəyişəcəyi gözlənilən idi. Mən hələ illər öncə təklif eləmişdim ki, KİV-ə barmaqarası yanaşan klubların fəaliyyətinin işıqlandırılmasına məhdud yer ayrılmalıdı”.
 
Ceyhun Rzayev (Xəzər TV) də mətbuatın acınacaqlı durumda olmasından danışır: “Mətbuata münasibətin hansısa mətbuat işçisini qane etdiyinə inanmıram. Səbəbləri çoxdu. Xüsusilə maddi baxımdan vəziyyət acınacaqlıdı. Saytlara kənardan reklam gəlmir, klublardan asılıdılar”.
 
Amal Abuşov (sport7.az) eyni mövqeni bölüşənlərdəndi: “Mətbuat diqtə olunan yox, diqtə edən tərəf olmalıdı. Amma hazırda belə deyil, mətbuatın ümumi durumu elə ölkənin durumu kimidi. Bu gün ictimai nəqliyyatda, səhiyyə və təhsil ocaqlarında, xeyir və şər məclislərində toplum hansı problemlərlə üz-üzədirsə, mətbuat da onlardan kənarda deyil. Təkcə mətbuatı tənqid etməklə hədəfdən yayınmış olarıq”.
 
Qol.az-ın rəhbəri Aydın Bağırov idman mətbuatına münasibəti qənəətbəxş sayır, amma: “Hesab edirəm ki, ciddiliyini və sanbalını qoruyan, jurnalistikanın verdiyi imkanlardan sui-istifadə etməyib təmiz işlə məşğul olan hər bir media qurumu və idman yazarına münasibət bütün dövrlərdə ümumən normal olub və olacaq da. Təbii ki, idman mediasının həm iqtisadi, həm də peşəkarlıq durumu məni ciddi şəkildə narahat edir. Düzdü, Qol.az da daxil olmaqla bir neçə sanballı sayt iqtisadi məsələləri çətinliklə də olsa, həll edir, amma digər saytların maddi durumu çox acınacaqlıdı. Bu isə birbaşa olaraq, medianın daha da inkişaf etməsi yolunda ciddi əngəldir. Bir çox saytın əsas problemi klubların reklamlarından asılı vəziyyətə düşməsidi. Bu, normalda qəbulolunmaz bir haldı. Amma təəssüf ki, bugün idman mətbuatımızın 95 faizi klub reklamlarından asılıdı. Məni narahat edən başqa bir fakt da var. Dünya çempionatı kimi yarışın getdiyi bir vaxtda belə, idman saytlarının əksəriyyətinə böyük şirkətlər reklam vermədi. Amma əslində əksinə olmalıydı. Düzdü, şirkətlərin özünün də maddi durumu devalvasiyaya qədərki kimi deyil. Amma istənilən halda, saytlarda böyük şirkətlərin reklamlarına rast gəlirik. İdman saytlarının isə hamısı da olmasa, əksəriyyəti bu proyektdən kənarda qalıb. Bunun da sadə bir səbəbi var: idman saytlarının oxucu reytiqininin ictimai-siyasi saytlarla müqayisədə bir xeyli aşağı olması. Məncə, sayt rəhbərləri gələcəkdə bu problemə, oxucu kütləsinin azlığına xüsusi diqqət yetirməlidirlə. Əks halda, sabah rəhbərlik etdiyi saytlar bir-biri sıradan çıxacaq. Çünki 1-2 klub reklamı dayandırsa, onların fəaliyyəti tamamilə iflic olacaq”.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 03-07-2018 14:07


 
Xəbər lenti
21.11.2018

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   Braziliya, İtaliya və Fransaya 1 qol bəs etdi

09:00   Boş ümidlər, gözlənilən sonluq

02:54   Bernar Şalland: “Himnin fitə basılması yaxşı hal deyil”

02:18   Qurban Qurbanov: “Erkən qol ağır zərbə oldu”

01:57   Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

01:35   Millimiz Millətlər Liqası ilə bağlı ümidləri Kosovoda “basdırdı”

20.11.2018

20:50  Vüqar Məmməd: “Yekun istədiyimiz kimi oldu”

19:02  “Sumqayıt” “Zirə” ilə oyun üçün hazırlığa start verdi

18:55  Yığmamız Lixtenşteyni darmadağın edib, elit-raunda yüksəldi

17:56  Ruslan Abışov məşqlərə başladı

15:50  “Beşiktaş”ın futbolçusu sıradan çıxdı

15:31  Mərakeş avropalılarla bir yerdə?

15:25  “Azərbaycandan güclü idik”

14:59  PSJ-də ayrılıq

14:32  Çeferinin ideyası var

14:26  İbrahimoviç “Milan”a bir az da yaxınlaşdı

14:17  “Dembele ciddi olmalıdır”

14:07  Müller 100-ə çatdı

13:34  Mbappe və Asensio

13:22  “Topaz": Priştina, Qlazqo və Stokholmda final matçları

13:15  Millimizin pley-offdakı potensial rəqibi bilindi

13:10  UEFA-dan yeni siqnallar: “Səbail” də qumara qurşanıb?

12:46  "Neftçi" qvineyalını yola saldı

12:27  Yığmamıza qol vurdu, qələbəni şərh etdi

12:08  Gürcüstan – Avropanın 40-cı komandası

12:01  Almaniya - Hollandiya matçında 4 qol - VİDEO

11:44  Gürcüstan Qazaxıstanı da məğlub etdi - VİDEO

11:29  Birinci Divizionda 11-ci turun hakim təyinatları

11:19  Əliyar Ağayev Millətlər Liqasında oyun idarə etdi

11:00  “Bu oyunda 2:1 hesabı ilə qalib gələcəyik” – Kosovolu futbolçu proqnoz verdi

10:30  “eTopaz”da günün canlı oyunları

10:00  İslandiya Qətərlə “sülh bağladı”, Halldorsson...

09:30  Slavçevli Bolqarıstan da Millətlər Liqasında mübarizəni dayandırdı

09:00  Priştina gözləntisi

01:44  Hollandiya, Norveç və Makedoniya da növbəti mərhələdə!

00:01  Super Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az