“Neftçi” 5 illik həsrəti bitirmək üçün səfərbər olub. Cari mövsümün ilk 5 turu bundan xəbər verir. Amma mövsümün sonunda da 5 almaq üçün tempi qorumaq, hələ bir az da artırmaq lazımdı.
Roberto Bordin tənqidə açıq biri olduğunu dünənki matçda göstərdi. Mətbuatın iradlarından da nəticə çıxarıb, daha düzgün start heyəti müəyyənləşdirməklə “Zirə” ilə görüşün əvvəlindəcə qola sevindi. Dario Federikonu əvəzləyən Namiq Ələsgərov ötürmə verdi, Kvame Karikariylə müqayisədə ilk “11-liy”ə daha çox layiq olan Mirabdulla Abbasov hesabı açdı. Bu epizodda meydan sahiblərinin mərkəz müdafiəçiləri ani diqqətsizliyin acısını çəkdi.
Qoldan sonra “Neftçi” təşəbbüsü rəqibə verdi. Daha çox top saxlayan meydan sahibləri təzyiqi artırdı və fasiləyə kimi bərabərlik qolunu vurdu. Amma ikinci hissənin əvvəlində Qoran Paratskinin gözəl zərbəsi yekun hesabı müəyənləşdirdi - 2:1. Baxmayaraq ki, hələ fasiləyədək zədə alan xorvat əvəzənməli idi. Məşqçilər oyun sxemini pozmamaq üçün risk etdi, o da qələbə qolunu vurdu. Lakin az sonra Qoran matçı davam etdirə bilmədi.
Didərgin həyatı yaşayan, doğma stadionunda təmir getdiyindən rəqiblərini Mərdəkanda qəbul edən “Zirə” Samir Abasovun rəhbərliyi altında ikinci məğlubiyyətini aldı. Komanda aşkar autsayderə çevrilsə də, insaf naminə, oyun planında xeyli irəliləyiş əldə etdiyini vurğulamalıyıq. “Qartallar” dünən də xala layiq idi və belə davam etsələr, bəxt onların üzünə güləcək. Necə ki, “Neftçi”nin uğurunda bu amilin rolu az deyil.
Bordin “Neftçi”də özünəinamı bərpa edib, rotasiyalarla hamıdan yararlanmağa çalışır, ən yaxşılara güvənir. Komandanın ən böyük üstünlüyü sabitlik,oyun tərzinə sadiqlikdi. Bakılılar fövqəladə bir şey etmir: müdafiədə əla qapanır, hücumdakı oyunçuların fərdi bacarığı hesabına qollar vururlar. Bu, hələlik lider olmağa kifayət edir, amma çempion olmaq üçün yetərli olmaya bilər. Zamanla rəqiblər bu oyun tərzinə çarə tapacaq, Bordinin də məşqçi bacarığı o zaman üzə çıxacaq. Hələlik qaliblər mühakimə olunmur, amma “Neftçi” çempionluq yarışında möhkəm namizəd hesab edilməməlidi.
Bəlkə də “Dalğa Arena”dakı görüş daha maraqlı ola bilərdi. Onsuz da amansız mübarizə izlədik, futbolçular sonadək döyüşdü və nəticəni xırda nüanslar müəyyənləşdirdi. Amma daha baxımlı oyun izləməyimizə hakimlər briqadası mane oldu. Hər epizodda fit çalan, tempin yüksəlməsinə imkan verməyən Rauf Cabbarovu yeni FIFA referisi kimi namizəd göstərənlərin ağlına şübhə edirəm. Futbolçuları bir-birinə qırdıran hakimin bu hərəkətləri daha çox qonaqlara sərf edirdi. Çünki zirəlilər yalnız sürət hesabına nəsə edə bilirdi, futbolçuların ustalıq səviyyəsi rəqibdəki qədər yüksək deyildi.
“Neftçi”nin təqvimi daha rahatdı. Dövrənin son 2 matçını evdə keçirəcək bakılılar lider mövqeyini qoruya bilər. Amma qışda heyətə mütləq əl gəzdirilməlidi. “Qarabağ” avrokubok matçlarını bitirdikdən sonra ağdamlılarla ayaqlaşmaq üçün dünən sərgilənən oyun kifayət etməyəcək.