(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Əhmədov “Neftçi” ilə oyundan xal gözləyir: “İlk “beşlik”də olsaq, özümüzü çempion sayacağıq”

Əhmədov “Neftçi” ilə oyundan xal gözləyir: “İlk “beşlik”də olsaq, özümüzü çempion sayacağıq”

Premyer Liqanın debütantı “Sabah” bu həftə “Neftçi” ilə üz-üzə gələcək. Paytaxt klubu bununla da elitadakı bütün komandalarla üz-üzə gəlmiş olacaq – çünki ilk dövrə tamamlanır.
 
Komandanın baş məşqçisi Elşad Əhmədov da debütantdı. Güclülər dəstəsində ilk mövsümünü keçirən mütəxəssis vaxtilə “Neftçi”nin əvəzedicilərinə uğurla rəhbərlik edib, əsas heyətdə də müvəqqəti əvəzləyici olub.
 
- Axşamüstüdü, amma sənə “Sabahın xeyir” demək istəyirəm.
- Olar.
 
- Sabahınızın xeyir olacağına inanırsanmı?
- İnşallah. Buna inanmasaq, komandada olmarıq.
 
- Hansı hadisə sabahın xeyirli olduğunu təsdiqləyəcək?
- Mənə qədər də klubun strategiyası olub. Klub yaradılanda sabaha yönəlik işlər planlaşdırılıb. Mən tanış olanda da gördüm ki, rəhbərlik klubdan çox, Azərbaycan futbolunun sabahı haqda düşünür. Planlar elədi ki, azərbaycanlı balalarının, uşaqların futbol oynaması, bu sənətin sirrlərinə yiyələnməsi hədəf götürülüb. Bizdə legionerlər də var, amma komanda yığılarkən bir az problem yaşandı və bu səbəbdən belə alındı. Yerli uşaqlar debütant komandaya gəlmək istəmirdi. Amma yəqin ki, indiyəqədərki çıxışımız onların fikrini dəyişəcək və bundan sonra dəvətlərimizə daha həssas yanaşacaqlar.
 
- “Sabah”ın sabahı haqda ümidlisən, bəs, futbolumuzun sabahı?
- Ümid həmişə var. Doğrusu, ölkədə istedadlar da var, onları hazırlayıb yetişdirəcək insanlar da. Hardasa düz eləmirik. Problemin mütəxəssislərdə, rəhbərlikdə, yoxsa harda olduğunu bilmirəm. Amma nəyisə düz eləmirik ki, uşaqlar bəlli yaşa çatandan sonra peşəkar ola bilmirlər.
 
- Nəyi?
- Kimi danışdırsan, hərə bir söz deyəcək və hamısının dediklərində müəyyən qədər həqiqət var. Birini mən deyim: bu gün normal məşq etmək üçün meydançalarımız çatışmır. Biz bu gün məşqimizi bu problemə görə səhər vaxtı keçmişik, boş meydança yoxdu, azdı. Əsas komandalar belə problemlə üzləşirsə, görün, uşaq futbolunda durum nə yerdədi? Savadlı mütəxəssis qıtlığı da vacib amildi.
 
- “Sabah”ın sabahından danışırıq, amma komandanızın orta yaş həddindən xəbərin varmı?
- Hardasa 26, 27. Amma cavan uşaqlarımız da var, onlara güvənirik. İstərdim 24 olsun. Dediyim kimi, mövsümün əvvəlində perspektivli yerli oyunçular debütünt olduğumuza görə bizim komandaya gəlmək istəmədi.
 
- Azərbaycanda yaxşı gənclər çoxdumu?
- Çox olmasa da, var. Amma onlar ya məxsus olduqları komandalarda, ya da daha tanınan kollektivlərdə oynamaq istəyirlər. Biz özümüzü sübut edib, qışda, yayda yenidən onları dəvət edəcəyik.
 
- Ötən 6 turda həmin futbolçuların fikrini dəyişməsi, gələcəkdə sizi seçməsi üçün zəmin hazırlaya bilmisiz?
- Çempionat normal gedir, ancaq əsas sonluqdu. Hamını haqqımızda danışmağa məcbur etməliyik. Yalnız bu halda futbolçuların fikrini dəyişə bilərik. Klubumuzun maraqlı, ümid verən strategiyası var. Gənclərin bunu görəcəyinə ümid edirəm.
 
- Ötən 6 turdan razısan?
- Nəticədən hə, oyundan yox. İyunun 18-də yığışmışıq, hələ taktiki cəhətdən hazır deyilik, xəttlərarası əlaqə tam qurulmayıb. Bütün bunlara vaxt lazımdı. “Neftçi”də 2 oyunluq əvəzedici olanda da bunu deyirdim, 6-9 ay vaxt lazım olduğunu bildirirdim. Bakılılar məhz həmin vaxt bitəndən sonra özünü göstərməyə başladı. Komanda quruculuğu zamana bağlı olan məsələdi. Bizim komanda sıfırdan qurulub, hər şeyi bir neçə aya ideal səviyyəyə gətirmək mümkünsüzdü. Nəticəyə görə isə hər şeyin yaxşı olduğunu deməliyəm – 6 oyuna 10 xal debütünt üçün qənaətbəxşdi.
 
- “Xəzər”ə gedişini hamı geriyə addım sayırdı. Düşünmürsən ki, diviziondakı işinin sənə xeyri daha çox dəydi?
- Orada kollektivin uğurlu çıxışı həlledici oldu. Bizi oradakı çıxışımıza görə qiymətləndirdilər.
 
- “Xəzər” üçün təəssüflənirsən?
- Həm də çox. Yaxşı kollektiv yaratmışdıq, yerli uşaqlardan ibarət döyüşkən komandamız var idi. İstərdim ki, Premyer Liqaya gəlsinlər, heyf ki, komanda dağıldı.
 
- Komandadakı legionerlərdən nə dərəcədə razısan? Erik Ramos, Saşa Stamenkoviç hələ illər öncə “Neftçi”də oynayıb. Bu futbolçular fomasını qoruyub, yoxsa çempionat zəifləyib ki, yenə də onların xidmətinə ehtiyac duyulur?
- 2011/12 mövsümünü indiylə müqayisə etsək, həmin çempionat daha güclü idi. Komanda sayı çox, legionerlərin, yerli futbolçuların səviyyəsi yüksək idi. Əsas səbəb budu – indiki yarış nisbətən zəifdi. Amma Stamenkoviçlə bağlı vəziyyət də başqadı, o, əsl peşəkardı. “Sabah”a gələndə yaşına görə söz-söhbət yaranmışdı. Mən isə onu “Neftçi”dən tanıyıram, xarakterinə, peşəkarlığına bələdəm. Bu müddətdə çalışqanlığı ilə 7 kq çəki atıb, formaya düşüb, çempionatda heç bir qapıçıdan geri qalmır. Bacardığı qədər çalışır, hətta uduzduğumuz oyunlarda da ən yaxşı o olur.
 
- Marko Deviçin bu qədər uğurlu olacağını yəqin, sən də gözləmirdin.
- Onu Ukrayna yığmasında, “Metallist”də, “Şaxtyor”da görmüşdüm. Deviç söhbəti çıxandan sonra onun haqda internetdən də əlavə məlumatlar axtardım. İnsan haqda məlumat topladıqca onu daha yaxşı tanıyırsan. Mənim üçün əsas olan futbolçuların xarakteri, xasiyyətidi. Oyunçuları insani keyfiyyətlərinə görə seçmişəm.
 
- Yayda vidalaşdığınız futbolçunu da bu səbəbdən saxlamadız?
- Baliçin xarakteri yaxşı idi. Sadəcə, onu məcburiyyətdən götürmüşdük. Komanda yığılarkən heyət problemi var idi, oyunçu tapa bilmirdik. Videoları izləməkdən gözüm ağrıyırdı. Kompüter arxasında o qədər oturdum ki, bəzən eynək də taxırdım. Elə durum idi ki, futbolçuları bu yolla seçirdik, canlı baxmağa oyun yox idi, komanda isə sıfırdan qurulurdu. Baliçin oyununa baxmışdım, Sloveniya çempionatındakı oyunlarını görmüşdüm. Futbolçu kimi narazılığım yox idi. Amma mənim istədiyim dayaq yarımmüdafiəçisinin – Ramosun hərəkətliliyi o adamda yox idi.
 
- Transferlərdə gecikəcəyinizdən ehtiyatlanıb müqavilə bağladız və...
- İş ondadı ki, ilk müqavilə bağladığımız elə bu xorvat oldu. Bir neçə oyunçuyla razılaşmışdıq, sonradan gəlməkdən imtina etmişdilər, buna görə də tələsik müqavilə bağladıq. Bir az da təcrübəsizlikdən sanki darıxırdıq, narahat olurduq. Məşqlərdə 3 həftə vaxt verdim, 3 sınaq oyununa çıxdı. Vadim Abdullayev, Tərzin Cahangirov məşqlərdə ondan daha yaxşı işləyirdi, bu futbolçunu əsas heyətə necə qoya bilərdim? Qaçış zamanı ən zəiflərin qrupunda olurdu. Belə oyunçu start heyətdə çıxa bilməzdi. Ona görə də ziyanın yarısından qayıtmağı üstün tutduq. Səhv etmişdik, amma onu yoluna qoymaq lazım idi, futbolçuyla danışıb yollarımızı ayırdıq.
 
- Heyətdəki legionerlərin hansından daha çox razısan?
- Fərq qoymayacam, hamısından razıyam. 1-2 nəfərdən narazıyam. Məsələn, Vitali Kvaşuk birinci oyunda əla oynadı, sonra zəiflədi. Burada adaptasiya problemi də sözünü deyir. Amma bacarığı var, hər şey yoluna düşəcək.
 
- Bütün qollarınızı Deviçin vurması səni narahat etmir?
- Hamının qol vurması lazımdı, bu barədə düşünürük. Marko da bizimkidi, təki qol vursun. 6 oyuna 5 qol vurmuşuq və bu, az deyil.
 
- “Neftçi” ilə oyundan hansı nəticə gözləyirsən?
- Xal və xallar. “Qarabağ”la da yaxşı oynadıq. Uduzsaq da, oyundan razı qaldım, ən azı vuruşduq. Eyni oyunu “Neftçi”yə qarşı sərgiləyəcəyik. Nəticə qazansaq, daha yaxşı olar – buna çalışacağıq.
 
- 6 oyun arasında ən xoşunuza gələni hansı idi?
- “Keşlə” ilə oyunda daha yaxşı idik. Amma nəticəyə görə “Qəbələ” ilə matç - rəqib bizdən çox yaxşı idi, amma qələbə qazanmağı bacardıq.
 
- Bəs, ən pisi?
- Bunu sən özün də bilməlisən. “Sumqayıt”a evdə 1:4 uduzduğumuz oyun.
 
- Həmin matçda nə baş verdi?
- Uşaqların arxayınçılığını və ya yorğunluğunu deyə bilmərəm. Hər şey yaxşı idi, lakin nəsə baş verdi ki, belə alındı. Heç vaxt uduzmayacağımızı demirəm, amma həmin oyun belə alınmamalıydı. Kərim Diniyev kimi aparıcı oyunçum gözlənilmədən 3 səhvə yol verdi, halbuki ona çox güvənirəm. Ramosu, elə digər futbolçuları da tanıya bilmirdim. 4 top buraxsaq da, ən yaxşımız qapıçı Stamenkoviç idi.
 
- Rəqib komandaların hansının oyunu sənə daha çox zövq verir?
- “Qarabağ”ın. O komanda mənim oynatmaq istədiyim futbolu sərgiləyir. Fikirləşdiyim, qurmaq istədiyim oyunu indi “Qarabağ” oynayır. “Sabah” da elə futbol oynayacaq. Futbolçu vaxtımda da biz bu cür oynayırdıq. Topa sahib olmaq, kombinasiyalar. Bir sözlə, düşünülmüş oyun.
 
- Uzun illər “Qarabağ”da oynamısan, amma bu komandada işləmək sənə qismət olmayıb.
- Futbolu qurtararkən qısa müddət əvəzedicilərdə işləmişəm. Həmin vaxtdan əlaqələr kəsilib.
 
- Bu gün “Qarabağ”da olmaq istərdin?
- Komandanın yaxşı məşqçiləri var, Allah köməkləri olsun, güc versin. Mən “Qarabağ”da Ağdamda işləmək istərəm. “İmarət” stadionu üçün çox darıxıram. İndi də imkan olanda Quzanlıya baş çəkirəm. “İmarət” yadıma düşəndə kövrəlirəm. İnşallah, nəvaxtsa ora qayıdarıq.
 
- “Sabah”da yığma komanda səviyyəli neçə oyunçu var?
- Cavid İmamverdiyev çağırılır. İnanıram ki, çempionatın sonuna kimi Elşən Abdullayev də özünü göstərər. Eltun Turabova ümidim var. Üzərində çox işləsək, özü də artırsa, Kərim Diniyev də milliyə dəvət ala bilər.
 
- Amma Cavid də ötənilki oyunçu deyil.
- O, bizə gec qoşuldu. Toplanışları tam keçmədi. Ardınca zədələr mane oldu. Bu baxımdan fiziki hazırlığı axsayır. Qarşıdakı fasilə dönəmində özünə gəlməli və kapitan sarğısına layiq olduğunu isbatlamalıdı.
 
- Mövsümün sonunda ilk “dördlük”də olsaz, avrokuboka gedə bilmədiyinizə görə təəccüblənəcəksən?
- Getməyəcəyimizi əvvəldən bilirik. Məqsədimiz yaxşı komanda qurmaq, baxımlı futbol oynamaqdı. Təəssüflənəsi bir şey yoxdu.
 
- 8 komandalı çempionatın ən zəif cəhəti nədi?
- Bir komanda ilə 3-4 dəfə oynamaq adamı psixoloji cəhətdən yorur.
 
- “Sabah-2”nin oyunlarına baxırsanmı? Əsas heyətə layiqli futbolçular varmı orada?
- Cəmi 2 oyunlarına baxmamışam. Perspektivli 3-4 futbolçu var.
 
- Digər komandalardan heyətə cəlb etmək istədiyin oyunçuları gözaltı etmisən?
- Qışda çətin olar, amma yayda cəhd edəcəyik.
 
- İndiyəqədərki komandalarından “Sabah”ı nə fərqləndirir?
- Burada işləmək çox rahatdı. Əvvəllər də ciddi çətinliyim olmayıb, amma “Sabah”da əsas komandada işlədiyimdən fərqlidi. Öz bazamız, stadionumuz olanda daha yaxşı olacaq.
 
- İşinə rəhbərlik heç qarışmır?
- Mən istəməyəndə yox. Hansısa tapşırıq almıram, amma özüm bəzən məsləhətləşirəm.
 
- PRO kurslarında seçilənlərdən olmusan. Təhsilə daim davam etmək lazımdı?
- Mütləq. Videoanaliz hazırlamağı bacarmırdım. 2 aya hamısını öyrəndim. Ümumiyyətlə, müasir texnologiyalardan yararlanmalıyıq. Hər gün oxumalısan. İngilis dilini bilməməyim böyük qüsurdu. Öyrənmək üçün çox cəhd etdim, alınmadı, bazam yoxdu, gecdi. Böyük məşqçi olmaq üçün daim öyrənməlisən. 2004-cü ildə işləyən Elşadla 2014-dəki Elşad arasında ciddi fərq var idi. İndi bir başqa səviyyədəyəm və illər ötdükcə yenə inkişaf edəcəyimi düşünürəm. Özümdə dəyişiklik hiss edirəm.
 
- Mövsümün sonunda hansı yeri tutacağınızı vəd edirsən?
- Böyük hədəf yoxdu, elitada yerimizi qorumalıyıq. İlk “beşlik”də olsaq, özümüzü çempion sayacağıq.
 
FƏRİD

 
tarix: 05-10-2018 10:15


 
Xəbər lenti
25.04.2019

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az