(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Usta zərbəsi

Usta zərbəsi

“Sumqayıt” oyununa görə bu məğlubiyyətə layiq deyildi. Daha aqressiv, daha istəkli oyun sayəsində bu komandanın Qəbələdən xalla qayıtması sürpriz olmazdı.
 
15-ci turun 3-cü matçında da rəqiblərdən yalnız biri qol vurdu. Və dünənki matçlardan fərqli olaraq, bu dəfə meydan sahibləri sevindi. Stiven Monrozun dəqiq zərbəsi maraqlı qarşılaşmanın tək qalibini müəyyənləşdirdi.
 
“Sumqayıt” yaxşı futbolçulara sahibdi. Yeni transferlər heyətə tam uyğunlaşmasa da, ümumi ansamblı pozmurlar. Lakin “gənclik şəhəri” təmsilçisinin əsas üstünlüyü komanda oyunudu. Ayxan Abbasovun işi görünür və matçda meydan sahibinin kim olmasını müəyyənləşdirmək çətin idi. Ancaq iş futbolçuların ustalığına gələndə səviyyə fərqi özünü göstərirdi.
 
“Qəbələ” əla heyətə malikdi. Təmkin Xəlilzadənin getməsi də komandaya təsir etməyib. Yalnız Davit Volkovla güclənən əyalət təmsilçisi xüsusilə hücumda əla oyunçulara sahibdi. Atakora – Monroz – Adeniyi üçlüyü istənilən rəqibi məyus edə biləcək səviyyədədi. Məşqçi işi baxımından axsama olmasaydı, komanda rahatlıqla çempionluğa da iddia edə, ən azı ilk üçlükdə olardı. Sənan Qurbanov hələ təcrübəsizdi və rəhbərlik ona öyrənmək üçün zaman tanıyır.
 
Bu gün də “Qəbələ” 3 xalı oyunçuların fərdi bacarığı sayəsində əldə etdi. Hücumda rəngarəng kombinasiyalar alınmayınca, qonaqlar yaxşı müdafiə səddi qurunca nəticəni həll etmək üçün fərdi bacarıq lazım gəldi. Və bu anda Monroz səhnəyə çıxdı, gözlənilməz zərbə ilə xal bölgüsünə əngəl oldu. Ərköyün, ipəyatmaz fransızın yayda satılmamasının xeyrini Qurbanov hələ çox görəcək.
 
Liderlərin oyununa kimi baş tutam 3 oyunda ortabablar autsayderləri məğlub edib. Bu, o deməkdi ki, avrokuboklara vəsiqə uğrunda mübarizədə əsas namizədlər yavaş-yavaş müəyyənləşir. Lisenziya üzündən belə şansı olmayan “Sabah”dan fərqli olaraq, “Qəbələ” və “Səbail” sonadək döyüşəcək. Birinin finala çıxacağı dəqiq olan “Zirə”ylə “Sumqayıt” kubokda sürpriz etməsə, bu komandaların hər ikisi qitə meydanında ola bilər.
 
FƏRİD

 
tarix: 03-02-2019 16:26


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az