Riad Rəfiyev hələ böyük oyunlar üçün təcrübəsiz biridi. Klub prezidenti kimi fəaliyyətə başlamasının 1 ili bugünlərdə tamam olur. Menecerlikdə pərgar, iş ustası ola bilər, amma böyük kollektivin rəhbəri olmaq, onların hüququnu müdafiə etmək, klubu qorumaq üçün çox cavandı.
Premyer Liqanın növbəti turunun “Sumqayıt” – “Zirə” oyunu mövsümün matçına çevrilə bilər. Çünki məhz bu iki komandadan biri sonuncu pilləni tutmalıdı - plan belədi, “Keşlə” xilas olunmalıdı. Və “qartallar”ın heyətini əhəmiyyətli şəkildə gücləndirdiyini nəzərə alsaq, bu aqibəti “gənclik şəhəri” təmsilçisi yaşayacaq. Şənbə günü baş tutan “Keşlə” – “Sumqayıt” matçı göstərdi ki, başqa yol yoxdu.
“Zirə” müstəqil klubdu, AFFA-nın maliyyəsi ilə dolanmır, axırıncı yeri tutsa, çoxları sevinəcək. Lakin bunu “qartallar” da başa düşür, işlərini ehtiyatlı tutublar, heyəti gücləndirib, vəziyyətdən çıxmaq üçün hər şey edirlər. “Sumqayıt” sonuncu olanda isə bəhanə var. Belə ki, legioner transferinə qadağa qoyulan klub, milli komandalara namizədlərin məskəni kimi maliyyələşdirilir və uğursuzluq olan halda bu şərtlər önə çəkilib, bəhanə tapılacaq.
Bircə “Keşlə” sonuncu olmamalıdı. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov onsuz da maliyyə çək-çevirindədi. Çox böyük büdcə qarşılığında nəticələr uğursuz olsa, onun imici yerlə bir olacaq. Mövsüm boyu səhvlər edilib, indisə komandanı son pillədən qurtarmaq lazımdı. Meydanda mümkün deyilsə, pərdə arxasında.
“Sumqayıt”ın qapısına son dəqiqələrdə təyin edilən penalti təsadüfi deyildi. Rauf Cabbarov meydanda olsaydı, iş daha tez həll olunar, sona saxlanmazdı. Lakin bu baş hakim fasilədə əvəzləndi, yerini 4-cü olan Rauf Allahverdiyevə verdi. Elitada ilk oyununa çıxan bu referi isə “Keşlə”nin xal itkisinə imkan vermədi. Bəlkə də Cabbarov bu iyrənc oyunun bir parçası olmaq istəmədiyindən, özünü zədəli kimi göstərdi, aradan çıxdı, bəlkə həqiqətən də zədəlidi. Lakin fakt odu ki, hakimlər biabırçı qərarla “Sumqayıt”ın 7-ci pilləyə düşməsində ciddi rol oynadı.
Axundov iddialı biridi, komandasının sonuncu pillədə olması ilə razılaşmır. Amma xeyli səhvlər edilib və komanda bərbad gündədi. Tapşırıqla, başqa məqsədlərlə yığılan heyət vəzifənin öhdəsindən gələ bilmədiyindən, indi başqa yollara əl atılır. Bir oyun hakimlər, digərində rəqibin hansısa futbolçusu “kömək edəcək” və “Keşlə” son pillədən xilas olacaq.
Son turda Elçin Məmmədovun stadionun koridorlarında dolaşması, tez-tez hakimlər otağına baş çəkməsi təsadüf ola bilməz. Nə oyunun hakim-inspektoru idi, nə AFFA nümayəndəsi. Amma o, hətta oyunöncəsi məşq zamanı meydanın kənarında da görünürdü. Hakimlər Komitəsinin üzvünün belə səlahiyyəti olduğuna inanmıram, varsa da, qəribədi. Elçin bəlkə də rəhbəri Axundovun gözünə girmək üçün vurnuxurdu. Eyni zamanda Futzal Federasiyasının da rəhbəri olan Zaur bəy Elçinlə sıx əlaqələrə malikdi. Məmmədov uzun illər futzal hakimi olub, indi də komitədə bu sahənin kuratorudu. Yəqin dost köməyi üçün oralarda idi. Daha vacib “Zirə” – “Neftçi matçında deyil, autsayderlərin oyununda...
Frits Stuxlik Rauf Allahverdiyevi yanlış penalti qərarına qiymət verib, onu cəzalandıracaq, Məmmədov cəzanın az olması üçün səy göstərəcək. Amma komitə sədri bunun məqsədli olduğunu bilməyəcək, Raufun təcrübəsizliyinə bağlayacaq. AFFA-nın baş katibi Elxan Məmmədov onu hakimlərlə işləmək, səviyyəni artırmaq üçün gətirib, amma ətrafına elə adamlar yığılıb ki, avstriyalı hər nə qədər müsbət işlər görsə də, onun başını yeyəcəklər. Sonda da özüylə gətirdiyi kişi dostunu götürüb, vətəninə qayıdacaq...
Baş katib diqqətli olmalıdı, artıq hakimlərin kurasiyası ondadı və Xaqani Məmmədov iş başında deyil ki, önə verilə, söydürülə. Bundan sonra hakimlikdəki hər problem Elxan bəyi hədəfə gətirəcək. Baş katib papağını qabağına qoyub fikirləşməlidi – illərdi ölkə futbolunun inkişafı üçün onlarla dələduz bu sahədən uzaqlaşdırılıb, indi komitəni “keçmişi xarab” insanlarla doldurmaqla yenidən ağacın kökünə balta çalırlar, 90-cı illərə qayıdırıq. Hərdən Stuxlikin başına yığışanlara, ona məsləhət verənlərə baxmaq lazımdı.
Axundovun xilası naminə kimlərinsə oyun oynaması qəbul edilə bilməz. “Sumqayıt” rəhbərliyi bəlkə də Məmmədova görə səsini çıxarmayacaq, ancaq hər belə qərəzli səhvdən sonra AFFA-ya qarşı nifrət artacaq, kimlərsə dillənəcək, kütləvi narazılıq başlayacaq. Hakimlərlə bağlı ciddi oyunlar gedir və komitədəkilər bunu klublardakı bəzi işbazlarla birlikdə edir.
Tərlan Əhmədov da baş məşqçisi olduğu “Keşlə”ni xilas etməyə çalışır. Bir az məşqçi bacarığı, bir az digər bacarıqları ilə. “Neftçi”ni ötən mövsüm 3-cü pilləyə necə qaldırmışdısa, indi də digər paytaxt klubunda buna cəhd edir. Son oyundakı səhv penalti qərarı şübhələnmək üçün ciddi əsas verir. Düşünün...