“Qəbələ” Türkiyədə təşkil olunan “İzmir Cup” turnirində bu gün ilk oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, komandamız qara sarğı ilə çıxdığı görüşdə Belçikanın "Brügge" klubu ilə qolsuz bərabərliyə imza atıb.
"Brügge"yə qarşı oyun bir dəqiqəlik sükutla başlayıb. Hər iki komanda oyunun baş hakiminin müşayiətilə aprel döyüşlərində həlak olmuş həmyerlilərimizin xatirəsini yad ediblər.
Bu gün Aprel döyüşlərinin başa çatmasından 3 il keçir. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu.
Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini bir daha ehtiramla yad edir, ailələrinə başsağlığı veririk.
“Qəbələ”nin qrup mərhələsinin növbəti oyununda rəqibi Portuqaliya "Benfika"sı olacaq.