(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA-da 2020-ci il çevrilişi: ilk addım atıldı

AFFA-da 2020-ci il çevrilişi: ilk addım atıldı

Milli komandamızın AVRO-2020-nin Macarıstan və Slovakiya ilə seçmə oyunları ərəfəsində növbəti məşqini AFFA İcraiyyə Komitəsinin üzvləri də izlədi. Qurumun növbəti iclası dünən Mərdəkandakı “Dalğa Arena”da təşkil olundu və tədbir bitəndən sonra ziyarət reallaşdı.
 
Milli komandaların buradakı təlim-məşq bazasında baş tutan görüşdə AFFA prezidenti Rövnəq Abdullayev danışmağa söz də tapdı: "Biz istəyirik ki, komandamız Avropa çempionatında iştirak etsin. Bu da siz futbolçuların əlindədir. İnanıram ki, biz bunu bacaracağıq. Bizim belə bir devizimiz var: "Niyə də yox?!" Hər şey öz əlimizdədir. Mən də çalışacağam ki, qələbədən sonra birlikdə sevinək. Qarşıdakı oyunlarda qələbə qazanmalıyıq. Qələbələr həm sizin karyeranızda böyük rol oynayacaq, həm də bizi sevindirəcək".
 
Rövnəq müəllimin istəyi gözəldi, lakin boğazdan yuxarı sözləri reallığa çevirmək asan deyil. Bunun üçün 12 illik hakimiyyət dövründə real addımlar atmaq, iş görmək lazım idi. İndi isə Avropa çempionatının final mərhələsində oynamaq yalnız arzu, istək ola bilər. Dövlət rəhbərliyinin belə bir tələbi var və hər dəfə finallardan yalandan dəm vurmaq yalnız baş aldatmaqdı. Onsuz da qarşıya qoyulan vəzifə yerinə yetirilməyəcək və qitə yarışından sonra ciddi islahatlar olacaq. İndi dilə gətirilən arzu ümidsizcəsinə söz gəvələməkdən başqa bir şey deyil.
 
Abdullayevin “Mən də çalışacağam ki, qələbədən sonra birlikdə sevinək” cümləsini isə futbolçular beynində çoxdan tərcümə edib. Bu, “Yaxşı mükafat olacaq” anlamındadı. Yəni ki, “udun, bir yerdə büdcədən müəyyən məbləğ ayırıb, paylaşdıraq”. Bakıda Litvayla yoxlama oyunundakı mənasız heç-heçəyə görə pul dağıdan AFFA təsadüf nəticəsində qazanılacaq xala görə niyə də yüzminlər ayırmasın?
 
***
 
İcraiyyə Komitəsinin iclasına gəlincə, verilən 3 qərar sıradan görünə bilər, amma diqqətli oxucular ciddi mesajları duymalıdı.
 
1. 2019/20 mövsümündə Azərbaycan Premyer Liqasında komandaların sayı ötən mövsüm olduğu kimi (8 komanda) saxlanılsın. Premyer Liqada çıxış etmək üçün lisenziya almaq məqsədilə Birinci Divizion klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyinə görə TPL-in növbəti mövsümündə də ötən mövsüm mübarizə aparan komandalar çıxış etsin.
 
Bu, “Keşlə”nin Premyer Liqada qalmasının təsdiqidi. Eyni zamanda divizion yarışlarının mənasızlığı göz çıxarır. Heç bir stimul olmayan, elitaya komanda bir yana, hətta futbolçu göndərə bilməyən səviyyəsiz yarışdan danışırıq. Hətta AFFA-dan maliyyələşən klublar da lisenziya tələblərini yerinə yetirə bilmirsə, onlara böyük məbləğlər niyə xərclənsin ki?
 
“Keşlə” xilas oldu. Büdcəsinə görə Premyer Liqanın 4-cüsü olan, ancaq sonuncu pilləni tutan klubun rəhbərliyindən kimsə bunun hesabatını soruşmadı. Halbuki elə iclasdaca bunu etmək olardı. İk üzvü olan Zaur Axundov bu klubun rəhbəridi və ona 6 milyona yaxın vəsait məhz AFFA tərəfindən ayrılır. Bu qədər böyük məbləği sonuncu olmaq üçün xərcləmək qəhrəmanlıqdısa, o başqa məsələ.
 
2. Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödənilsin.
 
Maraqlı bənddi. AFFA onsuz da indiyə qədər bunu edirdi, lakin görünür, xərcləri leqallaşdırmaq qərarına gəliblər. Halbuki baxışa göndərilən futbolçulara görə qurumun xərc çəkməsi absurddu. Yaxşı futbolçunu klub istəyər, onu AFFA göndərməz. Bacarığı olmayanlara, turist kimi gedənlərə vəsait xərcləmək isə ağılsızlıqdı. Bəs, bu xərclərin hesabatını kim verəcək? Yaxşı olardı ki, xaricə gedən və hansısa klubla anlaşan oyunçulara inkişafları üçün qayğı göstərilsin, hər yoldan ötənə yox. Türkiyənin BAL Liqasına gedənlər kifayət qədərdi, görək onlar da bu qərardan faydalana biləcəkmi? Halbuki onların heç birinin ölkəmizin hansısa klubunda oynaaq üçün perspektivi yoxdu.
 
Bu, daha çox işbaz menecerlərə yarayacaq. “Sumqayıt”ın menecer prezidenti Riad Rəfiyev bundan sonra AFFA-nın pulunu daha rahat mənimsəyəcək. Futbolçuları əcnəbi klubları çağıracaq, xərci çəkəcək, AFFA-da isə pulu guya onların ödəməsi ilə bağlı hesabat hazırlanacaq. Və vəsait Rəfiyevin, eləcə də digər “dost” menecerlərin cibinə gedəcək. Təbii ki, onlar da hamilərini unutmayacaq.
 
Bəri başdan deyək ki, hətta futbolçulara xərclənəcəksə də, bu pullar havaya sovrulmuş sayılmalıdı. Çünki yaxşı, istedadlı futbolçunu istəyən klub onun xərcini də çəkir. Kimlərisə sırıyırmış kimi xaricə aparmaq, xərc çəkmək faydasızdı. Bunu Elnur Cəfərovun xaricə göndərilməsində gördük. Gənc yaşında karyerasını bitirən bu futbolçu bir neçə klub gəzdi, ondan yalnız Riad faydalandı, futbolçu isə heç yerdə qərar tutmadı. Ramil Şeydayevin Türkiyədə, Kamran Ağayevlə Emin Mahmudovun Portuqaliyada duruş gətirə bilməməsi kimi.
 
3. AFFA-nın “Grow-2020” strategiyasına uyğun olaraq, 2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında lisenziya şərtlərinə əməl olunacağı təqdirdə komandaların sayının artırılması nəzərdə tutulsun.
 
Əvvəla, İK-nın bu qərarında məntiqsizlik var. Premyer Liqada oynamaq üçün lisenziya şərtlərinə əməl olunmasının vacibliyi indiyə qədər də var idi. Yəni, indi bunu qərara salıb, fərqli təqdim etmək gülməlidi. AFFA-nın baş katibi Elxan Məmmədov yenə ssenarisini yazdığı İK-nın iclasının qərarlarını rusca düşünüb, ana dilimizdə təqdim edib. Burada yeni nə var ki? Dünənədək də elitada oynamaq üçün tələblərə əməl etmək lazım gəlirdi, sabah da belə olacaq.
 
Amma ciddi analiz etsək, elə bu bənd gələcək islahatların xəbərçisidi. Əlyeri qoyuldu, AVRO-2020-dən sonra futbolda ciddi islahatlar olacaq və klubların sayının artırılması mütləq reallaşacaq. Avropa Liqasının finalı ərəfəsində gözlənilən yeni dövlət proqramı məhz gələn il mümkünləşəcək.
 
Məmmədovun bunu “Grow-2020” strategiyası ilə bağlaması isə təsadüfi deyil. Baş katib indidən özünü AFFA prezidenti kimi görür və Avropa çempionatının final mərhələsinə yüksəlməməyin məsuliyyəti Abdullayevin boynuna yüklənəcək. Bundan sonra isə Elxan bəy yeni prezident kimi işə başlayacaq, klub sayının artırılması üçün elə sponsor kimi qalacaq SOCAR-ın vasitəsi ilə maliyyə təmin ediləcək. İllərdi rəhbərinə xəyanət edən baş katib yenə vəziyyəti öz arzularına uyğun dəyişəcək. Həm pul olacaq, həm klub sayı artacaq – amma Abdullayevsiz...
 
***
 
Dünən Rövnəq bəyin yığma futbolçuları ilə görüşündə səsləndirdiyi fikirlərdən başqa hər hansı açıqlamaya rast gəlmədik. Halbuki həm o, həm də baş katib Avroliqa finalı ilə bağlı hesabat verməlidi. Təbliğat aparılıb, iş görülüb, indi də yekun vurulmalıdı. Məmmədovun Britaniya mətbuatına kiçik açıqlamasını nəzərə almasaq, yekunlarla bağlı heç nə deyilmir. Baş katibə çoxlu suallarımız var, ümid edirik, cavablandırmaq üçün üzə çıxar, şərait yaradar. Məsələn, bilmək istəyirik ki, nəzərdə tutulduğu qədər pivə sata bildimi?
 
FƏRİD

 
tarix: 04-06-2019 09:00


 
Xəbər lenti
16.06.2019

10:45   Tocuz və Gəncə: bölgə fanatları da Elxan Məmmədovun yalanlarından bezib

10:30   Serb hücumçu Bundesliqa klubunda

09:31   Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24   Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

15.06.2019

23:29  Ukrayna dünya çempionu oldu

22:28  Millimizdən heç-heçə

22:11  “Səbail”dən daha 2 transfer - RƏSMİ

22:00  “Qəbələ” Polşa klubuna qalib gəldi, “Mançester Yunayted”ə uduzdu

21:31  “Neftçi”nin Türkiyə toplanışı başladı

21:05  “Qəbələ”dən növbəti transfer

19:30  “Qarabağ” “Səbail”ə qalib gəldi

19:00  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:31  Yunanıstan millisinin forvardı Super Liqa klubunda

18:00  “Qəbələ”dən ilk transfer - RƏSMİ

17:44  “Qəbələ” Türkiyədə Ukrayna klubu qarşılaşacaq

17:00  “Fənərbaxça”dan ilk transfer

15:21  İtaliya klubu baş məşqçiylə vidalaşdı

14:17  Baş məşqçisindən Ramil Şeydayevlə bağlı transfer açıqlaması

13:40  Ponomaryovla B planı

13:19  İtaliya klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

12:54  “Neftçi” Türkiyəyə getdi

12:04  Braziliya Amerika Kubokuna qələbə ilə başladı

11:58  Bezotosnı “Keşlə”yə keçmədi

11:52  “Səbail” “Zirə”nin daha bir “sabiq”ini istəyir

11:45  Tanışlarla güclənən “Neftçi”

10:55  Çeferin ingilisləri tənqid etdi: "Londonda Azərbaycanın iki komandası oynasaydı..."

10:24  Leonardo yenidən PSJ-də

10:12  La Liqada klubunu dəyişdi

10:00  “Udineze”dən Super Liqa klubuna

09:47  PSJ yetirməsini 15 milyon avroya satdı

09:32  Superkubok matçının vaxtı və yeri açıqlandı

09:00  “Portu”nun futbolçusu Super Liqa klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az