(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Mirabdulla problemi: “Neftçi” “Səbail”ə transfer qadağası qoyulmasına nail ola bilərmi?

Mirabdulla problemi: “Neftçi” “Səbail”ə transfer qadağası qoyulmasına nail ola bilərmi?

İlk transferini rəsmiləşdirən “Neftçi” qarşıdakı günlərdə daha fəal olacaq. Heyətin komplektləşdirilməsi üçün çalışmalar sürətlənib. Baş məşqçi Roberto Bordinin istəyinə uyğun olaraq, vacib bilinən mövqelərdə boşluqlar doldurulur.
 
Bakılılar heyətdəki futbolçularla bağlı problemləri böyük ölçüdə həll edib. Səlahət Ağayevlə anlaşmanın müddəti uzadılandan sonra diqqəti yenilərə yönəltmək olar. Amma…
 
…Amma Mirabdulla Abbasovla bağlı məsələ açıq qalır. “Neftçi”nin bu oyunçu ilə bağlı narahatlığı olmamalıdı. Mövcud müqavilənin müddətinin bitməsinə hələ 6 ay var. İş ondadı ki, hücumçu özü qalmaq istəmir. Bordindən narazı olan Mirabdulla getməkdə israrlıdı. O, italiyalı baş məşqçiçinin hər dəfə onun üstünə fərqli hücumçular gətirməsindən və az şans verməsindən narazıdı. Bu səbəbdən də müqavilədəki bənddən yararlanaraq getmək niyyətindədi.
 
Məsələ ondadı ki, Abbasovla anlaşmada 100 min manat ödəniləcəyi təqdirdə sərbəst qalacağı ilə bağlı bənd var. Futbolçu hətta özü də bu pulu ödəyib sərbəst ola bilər. Dario Federiko da qışda məhz həmin maddəyə görə klubdan ayrıldı. Yaxşı təklif gəldi, yeni klubu tələb olunan məbləği ödədi və braziliyalını saxlamaq olmadı.
 
Abbasovun müqaviləsindəki bənd qismən fərqlidi. Belə ki, orada klubun razılıq almasının vacibliyi də yazılıb. Lakin anlaşmanı hazırlayan klub hüquqşünaslarının səhlənkarlığı bu şərti gərəksiz edir. Əgər tərəflər 100 min manat qarşılığında sərbəst qalmağa razılaşıbsa, deməli, artıq klubun razılığı var. Bu iki bənd bir-birini “döyür” və “Neftçi”yə üstünlük qazandırmır. İş münaqişə həddinə çatsa, hücumçunu saxlamaq mümkün olmayacaq.
 
 
Düzdü, mətbuata açıqlamasa da, Bordinin bu hücumçuya az şans verməsini gərəkdirən səbəbləri var. Bildiyimizə görə, italiyalının Mirabdullanı rejimi pozmasına, bəzi davranışlarına və s. görə cəzalandırdığı vaxtlar da olub. Taktiki tapşırıqların yerinə yetirilməməsi də bura daxildi. Yəni ki, Abbasova az şans verilməsi bununla izah olunur. Məşqçi onun çatışmazlıqlarını düzəltməsi üçün çalışmasını lazım bilir, buna görə ehtiyatda saxlayır, Mirabdulla isə əvəzində klubu dəyişməyə cəhd edir.
 
İndi “Neftçi”nin futbolçunu israrla saxlamaq istəməsinin səbəbləri var. İstedadlı, gənc birinin itirilməsi yaxşı olmaz. Xüsusilə limitin tətbiq olunduğu çempionatda belə yerli oyunçu hamının arzusudu. Milli üzvünün, klubun öz yetirməsinin vidası da qınaq üçün əlavə imkanlar açır. Məhz buna görə bakılılar onu saxlamaq üçün prosesi uzadır, futbolçunu dilə tutmağa çalışır.
 
“Neftçi” müqavilədəki bəndə görə Mirabdullanı saxlaya bilməyəcək – yuxarıda bunun izahını vermişik. Klub arzusuna çatmaq istəyirsə, başqa təzyiq forması seçməlidi.
 
Xatırlayırsızsa, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev bu hücumçu ilə danışdıqlarını bildirmişdi. O, “Neftçi”yə də rəsmi müraciət edəcəklərini mətbuata açıqlamasında söyləmişdi. Məşqçi faktiki naşılıq etmiş, taktiki səhv buraxmışdı. Çünki 6 aydan çox müqaviləsi qalan oyunçuyla kluba bildirmədən danışığa girmək qanuna ziddi – həmin vaxt, yəni, yazda bu, edilməməliydi.
 
 
Hacıyevin bu etirafı “Səbail”i çətin vəziyyətdə qoyur. “Neftçi” AFFA-nın Oyunçuların Statusu və Transfer Komitəsinə müraciət etməklə “dənizçilər”in və futbolçunun cəzalandırılmasına nail ola bilər. Ölkədə məsələyə baxılmasa, UEFA-ya, FIFA-ya da üz tutmaq mümkündü. Məsələ ciddiləşsə, mətbuata verilən həmin açıqlama kifayət edir ki, “Səbail”ə transfer qadağası qoyulsun, üstəlik, Hacıyevlə Abbasov cərimələnsin.
 
Təbii ki, Azərbaycanda bu, bir qədər qəliz məsələdi. Əvvəla, Oyunçuların Statusu və Transfer Komitəsinin sədri Nailə Rüstəm-zadəni AFFA-da tapmaq çətin məsələdi. Kiminsə adamı olduğu üçün bu posta təyin olunmuş xanımın belə məsələdə qərar vermək hüququnun olduğuna da əmin deyilik.
 
 
İkincisi, “Səbail”dən şikayət etmək çətin məsələdi. Bu klubun rəhbərinin əmisinin AFFA prezidenti olması faktı problemin böyüməsinə imkan vermir. Kimdən kimə şikayət etməli?
 
 
Fakt budur ki, müqavilənin detallarına varanda Mirabdullanın, proseslərin ümumi gedişinə baxanda isə “Neftçi”nin haqlı olduğunu görürük. Düzdü, Abbasovun 100 mini özünün ödəməsi və “Səbail”ə yox, başqa kluba keçməsi variantı da var. Bunun necə tənzimlənəcəyini isə zaman, bir də tərəflərin səriştəsi göstərəcək.
 
Dəqiq olan odur ki, nə “Neftçi”yə, nə də Mirabdullaya belə problem lazım deyil. Avrokubok mövsümü yaxınlaşır, indi futbol haqda düşünmək daha məntiqlidi.
 
CAVAD

 
tarix: 05-06-2019 09:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az