(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Mahir 8 məğlubiyyətdən ehtiyat edir

Mahir 8 məğlubiyyətdən ehtiyat edir

Milli komandamızın futbolçusu Mahir Emreli Avro 2020-nin seçmə mərhələsi çərçivəsində evdə Macarıstan yığmasına 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Yeganə qolumuzun müəllifi əvvəlcə matç haqda danışıb.
 
- Çox istəyirdik ki, qalib gələk. Başa düşürəm, yaxşı nəticə olmayanda hamı üzülür. Amma inanın ki, biz də üzülürük. 15 gün öncə yığışırıq, təlim-məşq toplanışı keçiririk, hazırlaşırıq və sonda belə nəticə olanda insan özünü sanki etdiyi hər şey boşa getmiş kimi hiss edir. Amma ümidimiz hələ də var. Slovakiya millisi ilə matçda hər şeyi düzəldə bilərik. Əlimizdən gələndən də artığını etməliyik.
 
- Sanki bəzən komandada ruh hiss olunmurdu.
- Həm 1-ci, həm də 2-ci hissədə  erkən qol buraxdıq. Biz də qol vurandan sonra həvəsə gəldik. İstədik 2-ci topu da vuraq. Qarşıya atıldıq, qapımızda yenə qol gördük. Düşünürəm ki, bu amil rol oynadı.
 
- Yəni, buraxdığınız qollar həvəsinizdən irəli gəlirdi.
- Ola bilər ki, həvəsimizdən irəli gəlsin. Evdə oynayırdıq, istəyirdik ki, pressinq edək. Belə olan halda haradasa boşluqlar verdik. Amma yenə də səhvlərimizdən nəticə çıxarmalıyıq, növbəti qarşılaşmalarda bunu təkararlamamlıyıq.
 
- Sizcə, Macarıstan millisindən xal almaq olardı?
- Əlbəttə, olardı. Biz hər iclasda bunu deyirdik. Baş məşqçimiz də deyirdi ki, bizim yaxşı şansımız var. Biz də sözün düzü, buna inanırdıq. Bəxtimiz gətirmədi.
 
- Bu məğlubiyyət Slovakiya ilə matça necə təsir edəcək?
- Bu komandanın cəmi bir oyununa baxmışıq. Hələ tam analiz etməmişik. Yəqin ki, sabahdan etibarən başlayacağıq. Yenə də deyirəm, həvəsdən düşməməliyik. Əsl komanda ruhu burda bilinir. Ən azından nə olursa, olsun, çıxıb, öz oyunumuzu oynamalıyıq.
 
- 8 oyuna 8 məğlubiyyətdən qorxmursan?
- Qorxsaq, elə də olacaq. Qorxmamaq lazımdır. Gələn insanlara, oyuna baxan azarkeşlərə futbol həzzi yaşatmaq lazımdır. Çünki artıq futbol dəyişib. Azarkeşlər də görürlər ki, komanda çalışdı, amma nəticə olmadı. Düşünürəm ki, sadəcə, öz futbolumuzu oynamalıyıq.

 
tarix: 09-06-2019 09:31


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az