(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Azarkeşlər Slovakiya ilə oyunda Elxan Məmmədovu istefaya səsləyəcək

Azarkeşlər Slovakiya ilə oyunda Elxan Məmmədovu istefaya səsləyəcək

Milli komandalarımızın biabırçı nəticələri, futbolumuzun uçuruma yuvarlanması azarkeşləri bezdirib. Sosial şəbəkələrdə etirazçıların canlanmasını müşahidə etməkdəyik.
 
Azərbaycanın U-21 yığmasının Lixtenşteynə 0:1 hesabı ilə uduzmasının ardından əsas milli komandanın evdə Macarıstana yenilməsi (1:3) azarkeşlərin səbr kasasını daşırıb. Futbol qurumunun baş katibi Elxan Məmmədovu rüsvayçı durumun memarı sayanların gündən-günə çoxalması da təbii haldı.
 
Sosial şəbəkələrdə Azərbaycan futbolunun əsas söz sahibinə yönələn iradların səbəbi haqda yenidən söz açmağa ehtiyac duymuruq. Feysbukdakı idman səhifələri arasında xüsusi "çəki”si ilə seçilən "9-luğ”un (9LUG) atdığı addım isə olduqca diqqətçəkəndi.
 
Ölkənin idman saytlarını dəstəyə çağıran sözügedən səhifə affaistefa həştaqı ilə futbol azarkeşlərini bir araya gətirməyə çalışır. Hədəf Nikola Yurçeviçin rəhbərliyi altında "Bakcell Arena”da növbəti matçına çıxacaq seçməmizin oyununda AFFA-dakı səbəbkarları istefaya səsləməkdir.
 
İyunun 11-də Bakı vaxtı ilə 20:00-da baş tutacaq Azərbaycan – Slovakiya oyununda futbolçular və milli deyil, ölkə futbolunu iflic vəziyyətinə salanlar - Elxan Məmmədov və əlaltıları istefaya səslənəcək. Səhifəni ziyarət edən tərəfdarların bu çağırışa reaksiyasından, yazılan şərhlərdən bışağın sümüyə dirəndiyini anlamaq çətin deyil.
 
Eyni addımı “Azərbaycan futbolu” səhifəsi də atıb. Eyni zamanda bir sıra feysbuk istifadəçiləri fərd olaraq çağırışa qoşulduqlarını təsdiqləyib və Slovakiya ilə oyunda tribunada yerlərini alacaqlar.
 
Macarıstanla matçda tribunaların demək olar, dolmasına baxmayaraq, heç bir etirazın edilməməsinin səbəbi başqadı. Çünki həmin gün “Bakcell Arena”da azarkeşdən çox xüsusi qruplar toplaşmışdı və vəziyyətə nəzarət edirdilər. İndi isə narazı azarkeşlər Slovakiya ilə oyuna məhz bunun üçün gedəcək.
 
 
 
 
 
 

 
tarix: 10-06-2019 09:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az