(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Bu yığmanı bəyəndim

Bu yığmanı bəyəndim

Azərbaycan yığmasının Macarıstana məğlub olması camaatı niyə qəzəbləndirib, bilmirəm.

Amma bildiyim odur ki, yığmamız xeyli inkişaf edib. Macarıstanla oyunda bunu görməmək əməllicə...  

Yığmamız hələ indiyə qədər qalib gələ bilmədiyi Macarıstana yenə də məğlub oldu, bu, heç. Amma macarların qapısına qol vurmağı bacardıq axı.

Bəyəm bu, inkişaf deyil?

Özü də yığmamız qolu, hesab 0:2 olandan sonra vurdu. 11 il əvvəl bizim yığmamız 0:2 hesabı ilə məğlub durumda olarkən mübarizə əzmi ölürdü.

İndi mübarizə əzmimiz var. Hətta yığmamızın futbolçusu Almeyda bir dəfə driblinq etdi, macarların 2-3 futbolçusunu keçdi.

Bu driblinq o qədər gözəl alındı ki, şərhçi “Almeyda stadionu coşdurdu” dedi. İnsafınız olsun, 11 il bundan əvvəl yığmamızın hansı futbolçu stadionu coşdura bilərdi?

Bilirəm, deyəcəksiniz ki, stadionu coşduran braziliyalıdır, azərbaycanlı deyil ki...

A balam, 11 il bundan əvvəl yığmamızın heyətində milliləşdirilmiş braziliyalı yox idi? Var idi.

Amma onlar stadionu coşdura bilmirdilər. Deməli, artıq bu yöndə düzgün seçim etməyi öyrənmişik. Daha hər braziliyalını milliləşdirmirik.

Bu, inkişaf deyil?

Daha bir misal deyim, fikrim qüvvətlənsin.  Yığmamızın üzvü Ağabala Ramazanov deyib ki, oyundan əvvəl bilirdik ki, rəqib standart vəziyyətlərdə çox təhlükəli olur, elə buna görə də bu yöndə yaxşı hazırlaşmışdıq. 

Ay millət, 11 il əvvəl yığmamız rəqibin hansı yöndə üstün olduğunu bilmirdi ey, o ki, qala buna qarşı hazırlıq görəydilər də. 

11 ildən sonra rəqibin üstün cəhətlərini oyundan əvvəl öyrənə biliriksə, səbir edin, 11 ildən sonra  buna qarşı hazırlığımız da bəhrə verəcək.

Daha rəqiblər, məsələn, elə bu Macarıstan 11 ildən sonra bizə standart vəziyyətdən qol vura bilməyəcək.

Kim inanmırsa, mərcə girməyə hazıram.  

Maksim Medvedyevin dediyinə görə, Azərbaycan yığmasında bircə futbolçu var ki, o da Mahir Əmrəlidir. Bu Mahir deyib ki, oyundan əvvəl ümidimiz çox idi.

Bax, bu, lap yekə inkişafdır.

O 32 yaşlı Maksim Medvedyev 11 il  bundan əvvəl meydana çıxanda onda heç bir ümid-zad olmurdu. Elə meydana daxil olmazdan əvvəl məğlub olurdu yığma.

Şükür Allaha ki, indi ümid var, öz də çox. Daha nə istəyirsiniz ki? İstəyirsiniz ki, hər şey birdən həll olunsun?

Olmur. Özü də sizin kimi səbirsiz, nankor azarkeşlər üçün heç olmur.

Hələ birini də deyim, day bundan sonra da fikrinizdən dönməyəcəksinizsə, onda mənim sizə sözüm yozdur. 

Qara Qarayev qarşılaşmadan sonra deyib ki, oyundan əvvəl hansı komandaya qarşı oynayacağımızı bilirdik.

Bax, etiraf edin ki, bu, əsl inkişafdır. 11 il bundan əvvəl bizim yığma üzvləri, hansı komandaya qarşı oynayacaqlarını da bilmirdilər.

Dayandırın dedi-qodunuzu, yığmanın inkişafını görün. Bunu görməmək... Mən görürəm.  Bu yığma, bəyəndiyim yığmadır. 


 
tarix: 10-06-2019 16:53


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az