(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Elmar Məmmədyarovun İcraiyyə Komitəsində nə işi var?”

“Elmar Məmmədyarovun İcraiyyə Komitəsində nə işi var?”

"Futbolu futbol mütəxəssisləri müzakirə etməlidirlər. Məsələn Elmar Məmmədyarovun AFFA-nın İcraiyyə Komitəsində nə işi var?" – bu sözləri yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas millimizin Slovakiya qarşısındakı məğlubiyyətinə münasibət bildirərkən deyib.
 
Onun fikrincə, Azərbaycanda futbolun bu səviyyədə olmasına səbəb regionlarda bu sahəyə olan diqqətsizlikdir: "Azərbaycan milli komandasının yaxşı oynaması üçün regionlarda futbol inkişaf etməlidir və uşaq futboluna xüsusi diqqət göstərilməlidir. Azərbaycanda futbol yetişdirən rayonlar olub, Lənkərandır, Tovuzdur, Gəncədir, Ağdamdır, Bakı öz yerində, Quba və Zaqatalada da son zamanlar inkişaf var idi. Yəni regionlarda futbol sahəsində inkişaf olmazsa, büdcə qoyulmazsa bu iş alınan deyil. Düzdü, regional turnirlər keçirilir, amma çox zəif təşkil olunur".
 
Aqil Abbas yüksək liqada 16 komanda olacağı təqdirdə seçim şansının artacağını deyib: "Əgər yüksək liqada 16 komanda olarsa, həm futbolçuların təcrübələri artar, həm də seçim şansı çoxalır. Yoxsa 8 komanda, hansı ki onun da yarısı xaricilərdir, yerdə qalır 50 futbolçu, burdan nə seçə bilər ki baş məşqçi? Futbolçu çatışmazlığı var. I divizyonun da səviyyəsi aşağı olduğu üçün oradan da milliyə oyunçu dəvət etmək mümkün deyil. Ona görə də gərək yüksək liqadakı komandaların sayı artırılsın. Mən hər zaman demişəm, hələ biz uzun müddət yerli məşqçilərlə işləməliyik. Çünki burada məşqçi ilə futbolçu arasındakı ünsiyyət əsas faktorlardandır. Yoxsa Yurçeviç gəlib, xoş gəlib. İşini görüb maaşını alır. Millinin oyunundan üç gün əvvəl gəlir Bakıya, sonra da çıxıb gedir evinə".
 
Deputat bildirib ki, futbol mütəxəssislərin ixtiyarına verilməlidir: "AFFA region liqaları yaratsa da, bu, uğursuz oldu. Bu məsələni oturub futbol mütəxəssisləri müzakirə etməlidirlər. AFFA İcraiyyə komitəsi var. Məsələn, Elmar Məmmədyarovun orada nə işi var? Futbol bilir? Təbii ki, orada əsl mütəxəssislər də var. Onlar bu işi götür-qoy etməlidirlər. Məsələn, deyirlər AFFA istefa versin. AFFA istefa edəcək, aparıb məni qoyacaqlar. Ona görə deyirəm ki, futbolu bilən adamlar bu məsələ ilə məşğul olmalıdırlar. I divizyonda oynayır, birinci yeri tutur, gah deyirlər sənin pulun çatmadı, gah da deyirlər uşaq futbolunda çatışmazlıq var, ona görə də səni götürmürük. Təkcə “Qəbələ”dən başqa bütün komandalar Bakıdadır. Heç Sumqayıt da region sayılmır. Qarabağın da adı regiondu, bütün bazası Bakıdadır. Niyə “Xəzər Lənkəran”, “Kəpəz”, “Turan” olmamalıdır. “İnter”in adını dəyişib “Keşlə” qoyanda nə olur ki guya?"
 

 
tarix: 13-06-2019 11:10


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az