(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Nazim Süleymanov: “İstefa verməsəydim, növbəti oyunu 7:0 “uduzacaqdım”

Nazim Süleymanov: “İstefa verməsəydim, növbəti oyunu 7:0 “uduzacaqdım”

“Azərbaycan çempionatında 8 klub oynayır. Bunların da 6-sı AFFA tərəfindən maliyyələşir. Hanı "Kəpəz”, "Şəmkir”, "Xəzər Lənkəran”, "Karvan”, "Şahdağ”, "Turan” və digər klublar? Bunların hər biri futbolumuzun bir rəngi idi. Məgər, ölkə çempionatı tək Bakıdan ibarətdir? Sonra da deyirlər yığma komanda oynamır. 8 klubdan seçim etməyə yetəri qədər futbolçu yoxdur”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri futbol veteranı Nazim Süleymanov "Sputnik Azərbaycan”a müsahibəsində bildirib. Futbolumuzun hazırkı durumu ilə bağlı danışan Süleymanov millimizin  son çıxışları, sabiq klubu "Sumqayıt”dan göndərilməsi və digər məsələlər haqda da fikirlərini açıqlayıb.

- Azərbaycan futbol klublarının bu il avrokuboklardakı rəqiblərini dəyərləndirərdiniz. Sizcə, klublarımızın şansı nə qədərdir?
- İlk olaraq "Qarabağ" haqda danışaq. Qeyd edim ki, avrokuboklarda "Qarabağ"ın uğurlu çıxışı legionerlərin hesabınadır. Onların artıq bir neçəsi klubu tərk edib. Son təlim-məşq toplanışlarında klubumuz bir oyun məğlub olub, bir oyun isə heç-heçə edib. Amma bu nəticələr də dəqiq nəsə deməyə imkan vermir. İlk rəsmi oyun "Partizani" (Albaniya) klubu ilədir. Albaniya futbolu hal-hazırda yaxşı vəziyyətdədir. Elə hesab etməyək ki, "ağdamlılar"a asan klub düşüb. Məncə, çox çətin oyun olacaq. Təbii, istərdik ki, "köhlən atlar" yenə bizi sevindirsin.

"Neftçi" isə ilk turu keçməyə məhkumdur. İlk rəqibimiz Moldovanın "Speranta" klubudu. Moldova futbolu bütün parametrlərinə görə bizdən geri qalır. "Neftçi" bunu bacarmasa, Roberto Bordinin gəlməyi nəyə lazım idi, transferlər nəyə lazım idi, bu qədər maliyyə, bu qədər qayğı nə üçün idi?! 

"Səbail" avrokuboklarda ilk dəfə gücünü sınayacaq. Bu klubla bağlı nəsə təxmin etmək çətindi. Klub özü də açıqlamasında bildirib ki, ən çətin rəqib bizə düşüb. Buna baxmayaraq mən inanıram ki, "Səbail" tarix yaza bilər. İlk dəfə çıxış etsin və ilk dəfə qələbə qazansın.

"Qəbələ" klubu haqqında bir az geniş danışmaq istərdim. Klubun infrastrukturu qurulub, akademiyası, məktəbi var. Bütün yaş qrupları ən yüksək səviyyədə təlim məşq toplanışları edə bilir. "Qəbələ"nin əvəzedici heyəti var. Bilirsiniz ki, əvəzedici heyət ötən mövsüm ikinci liqada çıxış etməkdən imtina etdi. Məncə, düz də etdi. Oynayıb yüksək nəticə göstərib yüksək liqada təmsil olunmayacaqsa, onda nəyə lazım idi bu boyda həngamə? Bunun adı baş aldatmaqdı. Klubun prezidenti istefa verdi. Bir neçə güclü oyunçusu "Qəbələ"ni tərk etdi. Yəqin ki, Gürcüstan klubu ilə qarşılaşacaq. Ümid edək ki, klub nəticə göstərə biləcək. Bilirsiniz, əsas məsələ UEFA-da reytinq xalımızın artırılmasıdı. Tək "Qarabağ"la bunu bacarmayacağıq. Ona görə də, "Qəbələ"yə də diqqət ayrılmalıdı.

- Bir az ölkə çempionatından danışaq. Yüksək liqamızda 8 klub iştirak edir. Vaxtı ilə 24 klub mübarizə aparırdı...
- Çox düzgün vurğuladınız - 8 klub. Bunların da 6-sı AFFA tərəfindən maliyyələşir. Hanı "Kəpəz”, "Şəmkir”, "Xəzər Lənkəran”, "Karvan”, "Şahdağ”, "Turan” və digər klublar? Bunların hər biri futbolumuzun bir rəngi idi. Məgər ölkə çempionatı tək Bakıdan ibarətdi? Sonra da deyirlər yığma komanda oynamır. 8 klubdan seçim etməyə yetəri qədər futbolçu yoxdu.

- Yeri gəlmişkən, yığma komandanın son oyunları haqqında çox müzakirələr aparılır. Hərə günahı fərqli yerdə görür - futbolçularda, məşqçidə, AFFA-da və s. Siz necə fikirləşirsiz, müqəssir kimdi?
- Xaricdən kimi istəyirsən gətir, məşqçi kimi bu cür sistemlə yığma komanda formalaşdımaq qeyri mümkündü. Bu cür oyunla Avropa Çempionatına vəsiqə qazanmaq mümkünsüzdü. Ortaya sual çıxır: bu cür olacaqsa, xaricdən məşqçi gətirmək nəyə lazımdı? Bu qədər vəsait niyə xərclənməlidi? Olmaz ki, bu vəsait elə yerli məşqçilərə ayrılsın? Nazim Süleymanov danışır deyə, onu gətirək söhbəti deyil. Bizim PRO kateqoriyalı nə qədər məşqçimiz var. O maliyyənin üçdə birini onlara versək, görün necə can yandırarlar! U-21 komandamızın Lixtenşteynə məğlubiyyəti aidiyyəti adamlara bir siqnal olmalıdı. Eyni zamanda bölgə futbolu inkişaf etməlidi.

Bu olmasa futbolçuları haradan yığaq, haradan cəlb edək? Xaricdə oynayan elə də çox futbolçumuz yoxdu. Ölkə çempionatında iştirak edən klublar müstəqil olmalıdı. Klubları yaxşı saxlaya biləcək insanlar var. Sadəcə, onlara imkan verilmir. Baxın, 2 milyon əhalisi olan Kosovonun 12,500 minlik Maltanın 14, qonşu Gürcüstanın 10 klubu yüksək liqada iştirak edir. İkinci liqamızda vəziyyət lap biabırçıdı. Qalib olan komanda elitaya vəsiqə qazanmır. Bu o deməkdi ki, futbolun inkişafına gedən yolun qarşısını alırıq. Bir sözlə, problem qərar verənlərdədi. Ona görə də yığma komandanın məğlubiyyəti bu gün deyil, daha əvvəldən başlayır.

- "Sumqayıt” futbol klubunda bir müddət baş məşqçi kimi fəaliyyət göstərdiniz. Amma qısa bir zamanda klubdan ayrıldınız. Səbəb nə idi?
- Ayrılmağa səbəb odu ki, klubun rəhbərliyi futbol yox, başqa şeylər haqqında fikirləşir. Futbolçu öz potensialını göstərmək üçün gücünü, ağlını, bacarığını yaşıl meydanda sərf etməlidi. Amma təəssüflər olsun ki, Azərbaycanda elə futbolçular var ki, meydançada yox ondan kənarda "oynayır". "Sumqayıt” mənimlə müqavilə imzalayır, az sonra deyir ki, "bağışla, sənə yaxşı yol”. Bəli, deyə bilərsiniz ki, özün yazmısan ərizəni. Amma mən ərizəni yazmasaydım, növbəti oyunu 0:7 "uduzacaqdım". Yəqin nə dediyimi anlayırsınız. "Səbail”lə səfərdə oynayırdıq. 15-ci dəqiqədə 0:2 geridəyik. Hələ bir penalti zərbəsini də rəqib qapımıza vura bilmədi. Bilirsiz bu nə deməkdi? Bu, futbolda başqa şeylərdən xəbər verir.

- Sizdən əvvəl Samir Abbasov da narazı getdi...
- Baş məşqçinin çantası həmişə yanında olmalıdı. Mən böyük həvəslə "Sumqayıt”a gəldim. Samirin yenə bir neçə il imkanı oldu klubu formalşdırmağa. Mən gələndə isə artıq nə transfer etmək mümkün idi, nə də dəyişiklik. Hansı ölkədə klub prezidenti həm də menecerdi? Amma bizdə var. Məgər "Sumqayıt” zəif oynayırdı ki, məni uzaqlaşmağa məcbur etdilər? Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz. Hər bir kəs futbol üçün işləməlidi. Öz şəxsi mənafeləri kənara qoymaq lazımdı.

- Həmişə müzakirə olunan mövzulardan biri də sizin Valeri Qazzayevlə aranızda olan soyuq münasibət olub. Buna bir açıqlama verərdiniz.
- Valeri Qazzayev Rusiyada ən yaxşı iki məşqçidən biridi. Bəlkə də birincisidi. Aramızda soyuq münasibətin olmasını mən də təsdiq edirəm. Amma buna səbəb var idi. Bildiyiniz kimi o zaman mən Azərbaycan yığma komandasının kapitanı idim. Azərbaycan Fransa ilə oynamalı idi. Valeri Qazzayev mənim yığmaya getməyimin qəti əleyhinə çıxdı. Dedi ki, mən bu məsələ ilə bağlı sizin federasiya ilə danışacam. Mən həmin 0:10 məğlubiyyətində iştirak etmədim. Mənə icazə verilsəydi, bəlkə də hesab başqa cür olacaqdı. Bu azmış kimi o vaxtı AFFA rəhbəri Fuad Musayev UEFA-ya müraciət edərək məni cəzalı duruma saldı. "Alaniya Vladiqafqaz” klubunda mən bir neçə oyun diskvalifikasiya olundum. Növbəti oyunlarda məni ehtiyat oyunçular skamyasında saxladı. Oyun zamanı azarkeşlərin etirazı o qədər güclü olurdu ki, məcbur olub son 20 dəqiqədə dəyişiklik edərək məni oyuna salırdı.

- Hazırda nə ilə məşğulsuz?
- Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını yaratmışıq. "Sumqayıt”da mənim başıma bu oyunlar gətirildikdən sonra qərara aldıq ki, ittifaq kimi fəaliyyət göstərək. Azərbaycanda yerli məşqçi və oyunçuları klubdan birtərəfli çıxarırlar. Amma xarici futbol mütəxəssisləri, həkimləri, oyunçuların müqavilələrinə xitam verilsə də, onlara axırıncı qəpiyə qədər ödəniş edilir. İstəyimiz bizlərə qarşı haqsızlığın qarşısını almaqdır. Məsələ ilə bağlı AFFA-nın katibi Elxan Məmmədovla da görüşmüşük. Bizim bu təşəbbüsümüzü müsbət qiymətləndirdi. Qeydiyyat məsələsində dəstək olacağını söylədi. Bu işdə mənimlə birlikdə Samir Ələkbərov, Novruz Əzimov, Səmədağa Şıxlarov, Əfqan Talıbov, Babək Alxasov, Nadir Şükürov və digər şəxslər var. Biz birlikdə Gəncə, İmişli. Masallı, Buzovnada futbol ictimaiyyəti ilə görüşdük. İlk növbədə əsas məqsəd genişlənmək və daha sonra konfrans keçirməkdi.

- Olduğunuz yerlərdə hansı problemləri gördünüz?
- Ürək ağrısı ilə qeyd edim ki, Masallıda futbol məktəbi acınacaqlı vəziyyətdədi. Uşaqların məşq etməsi üçün top yoxdu. Buzovnanın o cür təlim məşq toplanışı nə gündədi. İmişlidə qapının toru yoxdu. 21-ci əsrdə Azərbaycanın bölgələrində futbol bax bu vəziyyətdədi. Əvvəllər maliyyə yox idi, qəbul etmək olardı. Bəs indi? Bu qədər maliyyənin olduğu vaxtda niyə bu problemlər həllini tapmır? Bizim məqəsdlərimizdən biri də bu problemləri araşdırmaq, üzə çıxarmaq və həll olunmasına yardımçı olmaqdı.


 
tarix: 09-07-2019 13:00


 
Xəbər lenti
21.07.2019
20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:45  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az