(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Müdafiə batalyonunun fədailəri: baş katibin ssenarisi ilə təkrarlama

Müdafiə batalyonunun fədailəri: baş katibin ssenarisi ilə təkrarlama

Bəlkə kiminsə xəbəri olar – Vaqif Sadıqova bir şey olmayıb ki? Nəfəs alırmı? Futbolumuzun gündən-günə çiçəklənməsi üçün yer belləyib, torpaq sulayırmı? Sağdısa, niyə indiyədək danışmayıb? Kukla teatrında işdənmi çıxıb? Axı, onun növbəsidi, xordan geri qalır...
 
Elxan Məmmədovu bu qədər sadə oynayan bilməzdim. O ki taktika ustasıdı, gözlənilməz gedişlər edərdi. AFFA-nın əməkdar marketoloquna, indiki adı ilə baş katibinə yaraşdırmadım bu ssenarini. Düzdü, o, həmişə kritik məqamda gizlənir, futboldakı problemlər qabaranda kölgəyə çəkilir, sakitlik olanda, külək azalanda isə baş qaldırır. Yenə də eyni vəziyyətdi, millinin biabırçılıqları qismən unudulub, lakin bu dəfə hamı onu günahkar bildiyindən gözdən itib, əvəzində teatr üzvlərini, düyməciklə danışan robotları qabağa verib.
 
Son 2 gündə 2 fərqli adamın eyni müsahibəsini oxumuşam. Zalım uşağına necə təlimat keçilibsə, eyni mahnını fərqli aranjimanda oxuyublar. Sözləri qismən fərqlidi, amma musiqisi, ritmi, ahəngi, damara işləmə dozası eynidi. Sadıqova görə bu səbəbdən narahat oldum. İcraiyyə Komitəsinin üzvləri olan Kazbek Tuayevlə İsgəndər Cavadov kənd zəhmətkeşləri üçün kolxozçu mahnısı oxuyubsa, baş aqronom kənarda qalmamalıdı.
 
 
Osetin qanı cuşa gətirilən Tuayev baş məşqçi olanda avrokuboklarda bircə mərhələ keçə bilməyibsə, indi hamıdan qələbələr, qrupa yüksəlmələr gözləyir. İllərdi heç bir iş görmədən İK-da kreslo qucaqlayan, heç kimi yetişdirmədən futbol məktəbində dəyişməz rəhbər olan, ancaq büdcə talayan Kazbek bəy deyir: “Avrokuboklardan söz düşmüşkən, bəzi problemlər də var ki, onları mütləq qeyd etməliyik. İlk növbədə stadion məsələsinə toxunmalıyam. Çox maraqlı, bir qədər də qəribə vəziyyət yaranıb. AFFA-nın inşa etdirdiyi stadionlar olmasa, klublarımız avrokuboklardakı oyunlarını harada keçirəcək? Ardıcıl bir neçə ildir ölkə çempionu olan “Qarabağ” Çempionlar Liqasında rəqibini “Dalğa Arena”da qəbul edəcək. “Neftçi” ev oyunlarını “Bakcell Arena”da keçirəcək, “Səbail” Rumıniya təmsilçisi ilə Bayıl stadionunda qarşılaşdı. Bəli, bütün  bu stadionlar AFFA-nın həyata keçirdiyi infrastruktur layihələridir. Bəs bu stadionlar olmasa, necə olacaqdı?! İcraiyyə Komitəsinin üzvü kimi AFFA rəhbərliyinin fəaliyyətini yaxından izləyirəm. Assosiasiya prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov futbolun inkişafı üçün əlindən gələni, bəlkə də daha artığını edir”.
 
Çox həssas mövzudu, Kazbek bəy. Amma sən canın, AFFA-nın stadionlarndan danışarkən AFFA-nın klublarının siyahısına baxdınmı? Hamısı assosiasiyanın əlinə baxan klublardı, harada oynamalıdılar? Bölgə futbolunu məhv edib qondarma “Səbail”i yaradan AFFA rəhbərliyi bu addımı atarkən səsini çıxarmayan “qəhrəman” indi fürsətcillik edir. Qurum bütün stadionları ələ keçiribsə, klublar harada oynamalıdı? Həqiqətən vicdanın sızlayırsa, Lənkəranda, İmişlidə, Gəncədə boş qalan stadionları yada sal, niyə regionlarda futbolun olmadığını dilə gətir, sonra da bir az utan, qızar. İK üzvü kimi nə vaxt məsələ qaldırmısan, bölgələrin qayığısına qalmısan?
 
Həm də yalan danışmaq lazım deyil. “Bakcell Arena” hər nə qədər AFFA-nın balansında olsa da, onun saxlanması üçün bütün xərcləri paytaxt klubu çəkir, qazonun qorunması üçün aylıq 8-10 min avro da təriflədiyin Məmmədovun şirkətinə sərvət qazandırır. “Qarabağ”a gəlincə, bu klubun 2 stadionu var, dövlət tədbirinə görə “Dalğa Arena”ya məhkum ediliblər. Yoxsa ağdamlıların dövlətə qarşı çıxmasını gözləyirsiz? Sizin ruhunuzun uyumalı olduğu Respublika stadionuna hamı arxa çevirdiyi, AFFA-dakı işbazların şəxsi məqsədlərinə görə futbol təsərrüfatından təcrid etdiyi bir vaxtda məhz “atlılar” o arenaya sahib çıxıb.
 
 
Daha bir avrokubok təmsilçimiz “Qəbələ” isə rəqibini doğma şəhərdə, iş adamlarının vəsaiti hesabına tikilən stadionunda qəbul edəcək. Riyakar olmaq lazım deyil, adam gərək əlinə verilən mətni bir-iki dəfə oxuya, məntiqlə düşünə, sonra bülbül kimi ötə. Təriflədiyiniz AFFA rəhbərliyinin isə futbolun inkişafı üçün əlindən gələndən artığını etməsinə ehtiyac yoxdu, yarısını etsinlər, bəsdi. Bunu etsələr, milli komandaların nəticələri monopoliyada olan şura klublarından aşkar seçilən müstəqil klubların nəticələrinə yaxınlaşar.
 
Kazbek bəyin danışdırılmasının səbəbi son abzasda gizlənir: “Son zamanlar AFFA rəhbərliyi ilə bağlı bəzi mətbu orqanlarda çox neqativ fikirlərə yer verirlər. Fikir verdinizsə, tənqidi fikirlər demədim, neqativ fikirlər dedim. Konstruktiv tənqid hamı üçün faydalıdır. Lakin həmin o neqativ yazılar, fikirlər süni xarakterlidir. Buna yol vermək olmaz! AFFA rəhbərliyini elə absurd məsələlərdə ittiham etməyə çalışırlar ki, deməyə söz tapa bilmirsən. Ən çox da səsləndirilən fikirlər 8 komandalı çempionat, millinin məğlubiyyətləri, guya veteran futbolçulara diqqətin az olması, müəyyən şəxslərin işsiz qalması və sairdir. Gəlin hər məsələyə ayrıca aydınlıq gətirməyə çalışaq. Premyer Liqada 8 komanda çıxış edir? Bəli! Amma AFFA klubların sayının az olmasını arzulayırmı? Xeyr! İcraiyyə Komitəsinin iclaslarında dəfələrlə bu məsələ barədə uzun-uzadı müzakirələr aparılıb. Mövcud standartlara cavab verən klublar yoxdursa, lisenziyalaşdırma şərtlərinə əməl edə bilmirlərsə, bunun təqsirkarı AFFA rəhbərliyidirmi?! Milli komandanın hər uğursuz oyunundan sonra məşqçilər və futbolçular barədə deyil, assosiasiya rəhbərliyi haqqında sağlam məntiqə söykənməyən müzakirələrin aparılmasını da anlaya bilmirəm. Futbol veteranlarına AFFA-nın göstərdiyi diqqət göz qabağındadır. Hətta bütün dünyada iqtisadi böhran olduğu dövrdə də AFFA futbol veteranlarına təqaüd verilməsini dayandırmadı, çoxsaylı layihələrinin icrasını davam etdirdi. Bəzən elə veteran futbolçular işsiz qalması barədə şikayət edir ki, həmin şəxslər indiyə qədər həm milli komandalarda, həm də müxtəlif klublarda çalışıblar. Məşqçi işi elədir ki, müəyyən müddət işsiz qalmağını təbii qəbul etməlisən. Futbolçu kimi böyük karyeraya malik olmaq heç kimə əsas vermir ki, yaxşı futbolçu olmasının məşqçi çalışdığı dövrdə də ona əlavə imtiyazlar verə biləcəyini düşünsün. Futbol oynamaq və məşqçi işləmək müəyyən qədər çox oxşar olsa da, mahiyyət etibarilə fərqli şeylərdir. Bilirsiniz ki, uzun müddətdir uşaq futboluna çox yaxından bağlıyam, rəhbərlik etdiyim məktəbdə xeyli uşaq futbolun sirlərini öyrənir. AFFA-nın uşaq futbolu sahəsində gördüyü işlərə çox yaxşı bələdəm. Futbol veteranı, sabiq məşqçi, İcraiyyə Komitəsinin üzvü kimi sizi əmin edirəm ki, AFFA-nın bu istiqamətdə gördüyü işlər mütləq bəhrəsini verəcək”.
 
Cavabımız:
1. Konstruktiv tənqid istəyən Tuayev üçün bu yazı dərslik ola bilər, oxusun, səhvini anlasın. Yazılanlar hamısı həqiqətdi. AFFA ölkədə futbolun inkişafına birbaşa cavabdehdi, lakin indiki rəhbərliyin 12 illik fəaliyyəti dövründə futbola milyardlar xərclənib, milli komandamız isə hazırda 3 oyundan sonra 0 xala malikdi və bütün futbol təsərrüfatı iflic vəziyyətdədi. Belə məqamda Kazbek bəy yalançı tərif gözləyirmi?
2. 8 komandalı çempionat üçün kim tənqid edilməlidi? İncidilən, küsdürülən iş adamlarına görə azarkeşlərimi qınayaq? Futbolda aclıq olduğu dövrdə 20-26 komandalı yarışlar reallaşırdısa, nəyə görə milyonların dövr etdiyi zamanda əksəriyyəti birbaşa AFFA-nın əlinə baxan, 6-sı Bakıda məskunlaşan 8 komanda mövcud olmalıdı? Bəlkə səbəb monopoliya, ehtiyat etdikləri mütərəqqi qüvvələrin, səriştəli, bacarıqlı insanların süni şəkildə ofsayda salınmasıdı? Lisenziya oyunları qohum-qardaşın idarə etdiyi klublara niyə problem yaratmır görəsən? Həmin “Səbail” kimi qondarma klub kimə lazımdı? AFFA-nın işçilərinin əlavə maaş alacağı yer kimimi təsis olunub? Həmin pulu hansısa bölgə təmsilçisinə xərcləmək olmazmı?
 
 
3. “Milli komandanın hər uğursuz oyunundan sonra məşqçilər və futbolçular barədə deyil, assosiasiya rəhbərliyi haqqında sağlam məntiqə söykənməyən müzakirələrin aparılmasını da anlaya bilmirəm” deyirsiz. Anlamalısız. İllərdi siz də daxil olmaqla onlarla məşqçi, yüzlərlə futbolçu gəlib-gedib, nəticələr daha da pisləşib. Deməli, problem srtukturda, idarəçilikdədi. Dövlət hərtərəfli qayğı göstərirsə, amma real nəticə yoxdursa, başqa kim tənqid olunmalıdı?
4. Futbol veteranlarına AFFA-nın göstərdiyi diqqətdən danışan Kazbek bəy hərdənbir ətrafına baxsın. Özü kimi hamının ələbaxan olmasınımı istəyir? Veteranları təqaüdə, qondarma maaşlı postlara öyrətmək lazım deyil, onlar üçün iş şəraiti yaradılmalıdı. Minimal təqaüdə öyrəşdirilən həmin veteranların hamısının birlikdə aldığını Bernard Lippert kimi işbacarmazlar bir aya qazanır. Həm də 10 ildi. Halbuki almana ödənilən aylıq 30 min avroya indiyədək neçə akademiya açmaq, yeni nəsil yetişdirmək olardı. Tovuz bu gün yox, 10 il öncə yada düşsəydi, indi milli komandada kadr problemi olmazdı.
 
Daha sonra sazı Cavadov götürür və eyni mahnını təkrar oxumağa başlayır: “Hər zaman arzulamışam ki, komandalarımız həm Çempionlar Liqasında, həm də Avropa Liqasının qrup mərhələsində iştirak etsinlər. Bugünkü təmsilçilərimiz aşağı-yuxarı gözlədiyimiz nəticələri qazanırlar”.
 
İsgəndər bəy, sən canın, bu cümlələri dilinə gətirərkən hamınızın qorxulu yuxusuna çevrilən, uğurları ilə mənasız karyera yaşadığınızı, tarixdəki izinizin saxta olduğunu sübut edən “Qarabağ”dan başqa  hansı klubu nəzərdə tutursan? Müdafiəsinə qalxdığın saray klubu “Səbail”imi? Axı, az sonra “ən azı 1-2 mərhələ keçmək minimum tapşırıq, tələbdir” deməklə özünü ifşa edirsən.
 
“Əlbəttə, yaxşı olardı ki, Premyer Liqada klubların sayı artırılsın. Bununla bağlı tez-tez narazılıqlar səsləndirilir. İcraiyyə Komitəsinin hər iclasında bu məsələ müzakirə olunur. Ancaq məsələ təkcə AFFA-dan asılı deyil. İş adamları bu sahəyə maraq göstərməlidirlər. Federasiya üzərinə düşən öhdəliyi yerinə yetirir və rəhbrəlik də maraqlıdır ki, komandaların sayı çox olsun. Mən 14-16 komandalı çempionatın tərəfdarıyam. Bunun üçün isə klubların lisenziya tələblərini yerinə yetirməsi lazımdır. Bəzən bu şərtlərin ağır olduğunu qeyd edirlər. Ancaq lisenziya tələbləri olmasa, komandalar yenə mövsümü yarımçıq dayandıracaq, boşluqlar yaranacaq. Sponsorların, iş adamlarının sinəsini irəli verməsi vacibdir. Bu gün ölkəmizdə futbolu sevən kifayət qədər iş adamı var. Ölkə başçısı da idmanın inkişafı üçün hər cür şərait yaradıb. Onlar irəli çıxsalar, AFFA da dəstək olacaq. Onsuz da federasiya köməyini əsirgəmir. Mümkün qədər klublara həm maddi, həm də digər sahələrdə köməklik edir”.
 
Bu abzasa şərh verməyəcəm, Tuayevin dediyi eyni fikirlərin şərhinə baxıb, Cavadov da payını götürsün. Elə infrastrukturla bağlı dedikləri ilə bağlı da eyni cavabı haqq edir: “Federasiya infrastrukturu inkişaf etdirir, uşaq futbolu ilə bağlı müxtəlif liqalar təşkil edir, məşqçilərin təhsilini artırması, yeniliklərlə tanış olması istiqamətində işlər görür, hakimliyin səviyyəsinin qalxması üçün müxtəlif layihələr həyata keçirir. Vaxt var idi bütün klublarımız avrokubok oyunlarını bir stadionda keçirirdilər. Çünki UEFA tərəfindən bu cür oyunları qəbul edəcək lisenziyaya sahib başqa stadionumuz olmurdu. İndi kifayət qədərdi. “Bakcell Arena”, “Dalğa Arena”, Bayıl stadionu istənilən qitəmiqyaslı oyunları qəbul edəcək durumdadır. Deməli, futbolun inkişafında infrastrukturun təkmilləşdirilməsi və genişləndirilməsi vacib məsələdir. Tək paytaxtla kifayətlənmirik. AFFA-nın xətti ilə regionlarda olan stadionlar təmir edilir. Gəncə şəhər stadionunun ot örtüyü yeniləndi, indi isə stadionun ərazisində yardımçı meydança tikilir. Tovuzda akademiya yaradılır, meydançaların tikintisi üçün tenderlər elan edilir. Ağsuda stadion yenidən quruldu. Ölkənin müxtəlif rayon və şəhərlərində mini-futbol meydançaları salınıb və təmənnasız yerli ictimaiyyətin xidmətinə verilib”.
 
Bu hissəyə zəruri əlavə etməliyik. Ağsuda stadion niyə yenidən qurulur? Kimlərsə tikintidən yaxşı cibxərcliyi götürsün deyəmi? Bu rayonda heç vaxt futbol ənənələri olmayıb, klubu da olmayacaq. “Ağsu” illərdi mənasız xərclərlə divizionda oynadılır, futbolumuza hansı istedadı bəxş edib? Tovuz akademiyası haqda söhbətlər uzanır, 11 ilin üzərinə itirilmiş daha1 il gəlir, Gəncədə klub dağılır, futbol çoxdan muzeyə qoyulub, AFFA isə icra hakimiyyəti işçilərinin asudə vaxtında futbol oynaması üçün meydan salır. Odu söndürüb külüylə oynamaq nəyə lazımdı? Bu, daha çox kiməsə ölümündən sonra medal, fəxri ad verməyə bənzəyir.
 
 
Yeri gəlmişkən, İmişlidə də belə bir stadion tikilib, ulu öndərin adı verilib. Orada axırıncı dəfə nə vaxt futbol oynandığı yadınızdadımı? “Kim istəyirsə, pulunu verib, lap dədəsinin adını stadiona qoysun” deyənlər qohum-qardaşı üçün “Səbail”i açmaq əvəzinə həmin pulu bölgə təmsilçisinə ayıra bilməzdimi? O zaman Heydər Əliyev adına stadion da boş qalmazdı. İsgəndər bəy, indi bəhs etdiyin Gəncə, Ağsu stadionlarının fərqli aqibət yaşayacağına zəmanət verə bilərsənmi?
 
Sən bu dövlətin ayaqda durmasında, qurulmasında müstəsna xidməti olan, ölkə futboluna daim qayğı göstərən birinin adına olan stadionu boş qoymaqla “töhfə verən” bir qurumun məsulusan, danışığına fikir ver. Elxan Məmmədovun diqtə etdiklərini dilə gətirməklə özünü gülünc duruma salırsan. Bir də gördün yenə ölkə rəhbərliyinin İmişliyə yolu düşdü, stadionun durumuna nəzər saldı və özünü vertolyotla təcili ora çatdıranlardan da biri sən oldun. Gedib nə deyəcəksən?
 
“Nistru”nun heyətində doğma “Neftçi”yə top vurarkən ifrat formada nümayiş etdirdiyin qol sevinci yadındadımı? O zaman sənə edilən haqsızlığı, Bakıdan küsdürülməyini belə izhar etmişdin. Dövlət rəhbərliyi sizdən illərdi AFFA-da oturub futbolu niyə bu günə salmağınızın səbəbini soruşanda, sizi danlayanda bütün futbol azarkeşləri bax, həmin ekstrimdə olacaq. Azarkeşlərə, futbol ictimaiyyətinə, top oyununun yaşaması, inkişafı üçün həqiqətən əziyyət çəkən insanlara qarşı hqsızlıq etməyin. Kimlərisə müdafiə etmək üçün yalan danışmaq məşhur “11 nömrə”yə yaraşmaz.
 
Əslinə baxanda, AFFA rəhbərliyinin dəyişməsi sənə daha faydalıdı. Axı, hər dəfə qondarma namizəd olur, mənzil və ya başqa imtiyazlar alıb, irəli düşürsən. Ramiz Mirzəyevə alternativ olduğun vaxtı yadına salımmı?
 
Cavadovun digər fikirləri də İK-dakı həmkarının dediklərindən fərqlənmir. Amma onun milli komanda haqda dediklərinə diqqət yetirməyə dəyər: “Niyə bu gün millidə rəqabət yaratmaq mümkün olmur? Milli komandaya futbolçu klubdan gəlir. Klub öz yetirməsinə güvənmirsə, onun mütəmadi oynayıb inkişaf etməsindən maraqlı deyilsə, əlbəttə, zərbə milli komandaya dəyəcək. Baş məşqçi seçimi hardan, necə etməlidir? Bu işlər üzərində düşünmək və işləmək lazımdır”.
 
Düzdü, İsgəndər bəy, sözlərində həqiqət var. Amma cən canın, düzünü de, 1 il əvvəl – Qurban Qurbanov baş məşqçi olanda niyə eyni sözləri demirdin? Eyni vəziyyət deyildimi? Niyə həmin vaxt yığmanın məşqçilərini tənqid edir, mütləq nəticə qazanmaq lazım olduğunu bildiridin, indi isə Nikola Yurçeviçi yaddan çıxarır, klubları hədəf götürürsən? Məgər o zaman “Real”da, “Milan”da oynayan legionerlərimiz var idi?
 
Hər bir insanın iki üzü var, lakin iki üzü olmaq ikiüzlü olmaq üçün əsas vermir. Baş katib bu gün var, sabah olmayacaq, o, futbolda təsadüfi biridi. Amma 100 il sonra da Tuayev, Cavadov xatırlanacaq. Zamana, zamanın ağalarına yox, futbola xidmət edin, necə ki, həmin futbol illərdi sizə xidmət edir, 5-10 il oynamısız, qazandığınız imtiyazlar ömrünüz boyu özünüzə, bütün nəslinizə kifayət edir. Düzünü danışın, ağsaqqallıq edin, o zaman daha da böyüyəcəksiz, futbol ictimaiyyəti də arxanızca gələcək, arxanızca söyməyəcək.
 
 
VÜSAL MAHMUDOV
 
P.S.: Vaqif Sadıqovun müsahibəsi artıq gözünüzə dəyibsə, mənə də göndərin. Mütləq danışmalıdı, gecikir və mən 50 il məşqçi işləyib, hələ də perspektivli sayılan bu adama görə narahatam.

 
tarix: 18-07-2019 10:44


 
Xəbər lenti
18.08.2019

01:53   Vurğun 300 həddinə çatan 21-ci futbolçu oldu

01:31   "Monako"nu 3 qolla devirdilər

01:19   "Real" mövsümə qələbə ilə başladı – VİDEO

01:11   6 oyuna 21 qol

01:01   "Valensiya" son dəqiqədə büdrədi

00:51   "Beşiktaş" darmadağın oldu

00:37   “Sumqayıt”ın Qəbələdə ilk qələbəsi - VİDEO

00:24   "Qarabağ"ın oyunu isveçrəlilərə tapşırıldı

00:01   “Siti” büdrədi, “Liverpul” yox

17.08.2019

21:50  "Qarabağ"ın rəqibi uduzdu

21:42  Abbasov qalib komandasından narazıdı

21:29  Sənan Qurbanov yenə nağıl danışdı

21:00  "Sumqayıt" Qəbələdən 3 xalla dönür - YENİLƏNİB

20:19  Emilin ardıcıl 3-cü “quru oyunu”

20:02  “Qarabağ” hamıdan öndə - UEFA açıqladı

18:31  Faydasız Dadaşov

17:45  Nazarovla məğlubiyyət

17:19  Eddi hələ hazır deyil

17:01  Poçettino titul istəyir

16:47  İlk dəfə səfərdə

16:28  “Kəpəz” yenə qalib gələ bilmədi

16:07  “Bavariya”dan daha bir transfer

15:47  "Sabah"da 2 itki

15:23  "Real" Pulişiçi istəyir

14:55  "Qarabağ"ın oyununa biletlər satışda

14:12  “Zirə” Ərdəbil klubuna qalib gəldi

13:38  Rüfət Dadaşov yenə milliyə çağırıldı

13:27  "Qarabağ"a gəlmədi

12:42  Premyer Liqaya yeni sponsor tapıldı – Ramin Musayev açıqladı

12:29  Zubir Fransaya qayıtmaq istəyir

11:49  Suares sıradan çıxdı

11:37  Siasia futboldan qovuldu - ömürlük

11:20  Koutinyo icarəyə verildi

10:59  Fransızlar təsdiqlədi: “Zubirlə maraqlanırıq!”

10:29  “Zirə”nin 5-ci mövsümü

10:18  Gürcüstan və Ermənistan klubları arasında danışılmış oyun şübhəsi

10:09  Kamran Quliyev “avtobus”dan şikayət etdi: “Hamımız günahkarıq”

09:51  “Qəbələ” - “Sumqayıt”: ardıcıl üçüncü dəfə

09:40  Levandovskinin dublu "Bavariya"ya qələbə gətirmədi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az