(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

Azərbaycanlı futbolçuların legioner həyatı yaşamaması, yaşaya bilməməsi böyük problemdi. Elə son illərdə onlarla həmyerlimiz ölkə xaricinə çıxıb, lakin heç biri möhkəmlənməyib və geri qayıdıb. Kamran Ağayevdən Rauf Əliyevə, Ruslan Qurbanovdan Elnur Cəfərova kimi xeyli futbolçu boynubükük dönüb.
 
Son vaxtlar gənc oyunçularla bağlı yeni cəhdlər görürük. Təəssüf ki, onlar da eyni aqibəti yaşayır. Fərid Nəbiyevə ümidlər böyük olsa da, bu futbolçu Çexiyada daha üst səviyyəyə yüksəlmədi, Elvin Sərkərov Latviyadan eyni məyusluqla döndü. Düzdü, yenə xaricə gedənlər var, gəl ki, qalıcı olmaq, daha irəli getmək, güclü komandalara yüksəlmək perspektivi qaranlıq görünür.
 
Bunun səbəbləri barədə fikirlərini öyrənmək üçün Erkin İbrahimovla danışdıq. Gənc futbolçuların ölkədən çıxarılması üçün ən çox çalışan iki menecerdən biri olan sabiq həmkarımız (digəri Vaqif Heydərlidi – red.) problemlərdən, reallıqlardan söz saldı. Ondan AFFA İcraiyyə Komitəsinin qərarından necə faydalandıqları barədə də soruşduq. Çünki 2019-cu il, iyunun 3-də qurumun qəbul etdiyi qərarda deyilir: “Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödənilsin”.
 
- Bu il “Neftçi”dən Əli Şirinovu “Dauqavpils”ə apardım. Ondan əvvəl Elvin Sərkərov və Tural Bayramlını bu Latviya klubuna yerləşdirmişdim. Təəssüf ki, Elvin zədə alıb, qayıtdı, Tural da qayıtmaq üzrədi. Elvin hazırda zədəsini müalicə etdirir. Çox güman ki, “Neftçi”yə qayıtmayacaq. Əslən Qəbələdən olduğu üçün, bu şəhərin komandasına getmək istəyir, onların toplanışına qatılmalıdı.
 
- Tural niyə qayıdır?
- Onun da problemləri var. Son mövsümdə zədə problemi də oldu. Onların ümidi doğrultmadığını deməzdim. Turalın başqa bir təklifi var idi – Liepayadan. Amma bu komandada legioner çox olduğundan alınmadı. Klub rəhbərliyi səviyyəsində danışıqlar olmuşdu. Ola bilsin, qışda yenidən getdi, amma indi qayıdır.
 
- Niyə ancaq Latviya, niyə ancaq “Dauqavpils”?
- Yalnız bu klub deyil. Düzdü, onlarla əlaqələrimiz yaxşıdı, amma başqa variantlar da olur. Məsələn, Arzuman Rizvanov Çexiya “Bohemians”ındadı. Bu ölkədə möhkəmlənmək çətindi, çexlər öz gənclərinin yetişməsinə daha çox diqqət ayırdıqlarından, legionerlərə qarşı qısqanclıq var. Fərid Nəbiyev 3 il orada oldu, amma əsas komandaya yüksələ bilmədi. Çexiyada baş çıxarmaq üçün legionerlər yerli gənclərdən ikiqat güclü olmalıdı. Bu üzdən Arzumana da başqa variantlar axtarıram.
 
- Variantlardan, təkliflərdən danışırıq, reallıq isə birdi: möhkəmlənə bilmirlər, geri qayıdırlar. Səbəb?
- Marka yoxdu, hardasa zəifik. Ən önəmli səbəb odur ki, xaricdə qalmaq ağırdı. “Dauqavpils” böyük klub deyil, şəraiti də sıradan sayılmalıdı, az büdcəlidi. Bir sıra məişət problemləri olur və buna hamı dözmür.
 
- Elvini aparmaqla onun karyerasına mane olmadızmı? Ötən mövsüm yavaş-yavaş “Neftçi”də oynayır, əsas komandanın üzvünə çevrilməyə başlayırdı.
- Getdi və ardıcıl 4 oyun əsas heyətdə oynadı. Sadəcə, zədə aldı və yüksəlişi dayandı. Doğrusu, orada tibbi problemlər də var. Azərbaycanda müalicə xərclərini klub üzərinə götürür, Latviyada isə bu klubun imkanları ona yetmirdi. Gördülər ki, Elvin oynaya bilməyəcək, zədəsi tez müalicə olunan deyil, ciddi maraqlanmadılar. Peşəkarlıq deyil, lakin reallıqdı, barışmalı olduq. Doğru addım atmadılar, amma problemlər olsa da, belə klublardan başlayaraq iş görməliyik. “Riqa” kimi daha güclü komandalara futbolçu aparmaq çətindi. Bəxt də gətirməlidi, belə klublardan başlamalısan.
 
- Məncə, bu, baş aldatmaqdı. Heç bir perspektiv olmayan belə transferlərlə özümüzə ziyan vururuq...
- İşləmək lazımdı. Hər futbolçunun öz tarixçəsi var. Uğurluları da olur. Mirabdulla Abbasovu Latviyaya aparmışdım, eləcə də Orxan Qurbanlını. Onlar icarədə idi və heyətdə möhkəmlənmişdilər. Bu futbolçuların qalmaq variantı real idi, ölkəmizdəki klubları buraxmadı, inkişafdan dayandılar, ehtiyatda çürüdülər və indi “Səbail”dədilər. Onların digər üstünlüyü rus dilini bilmələri idi, bu isə uyğunlaşmağa kömək etdi. İndikilərdən Turalın bu baxımdan problemi var. Həm də Mirabdullayla Orxana o klubda oynayan həmyerlimiz Vüqar Əsgərov da kömək edirdi, indi isə o da yoxdu, uşaqlara çətinlik yaranır.
 
- Vüqarın Liepayaya gedişindən sonra indi apardığın Əli Şirinova daha çətin olacaq.
- Əli rusdillidi, çox sərbəstdi, ona asan olmalıdı. Tez uyğunlaşsa, möhkəmlənəcək.
 
- Başqa hansı planlar var? Bir də bizim klublar belə gəncləri rahatlıqla buraxırmı?
- Yeni dəvətlər mütləq olacaq, işlər görəcəyik. Belarus klublarıyla danışıq aparırıq. Amma transfer dövrü ilə əlaqədar qışda mümkün olacaq. Həm də ən yaxşı gənclərimizi aparmaq mümkün olmur, klubları da başa düşməliyik. Premyer Liqada limit var, yerli klublar ehtiyac duyduqları gəncləri saxlamağa məcburdu. İndi AFFA-nın yeni təşəbbüsü var, 21 yaşadək olan futbolçuların xaricə getməsinə müəyyən yardım edirlər. Səfər xərcləri, müəyyən məişət problemlərinə kömək ediləcək. İndi bazada qalırlar, daha yaxşı şərait yaradılması üçün assosiasiya kömək etməyə çalışır. Amma yenə də ən yaxşıları aparmaq olmur, digərlərinin isə möhkəmlənməsi çətin olur.
 
- Daha təcrübəliləri aparmaq olmur, yoxsa məsləhət deyil?
- Variantlar çox deyil. Bəhlul Mustafazadəni aparmaq üçün müəyyən işlər görürdüm, Portuqaliyadan təklif olmalıydı, lakin o, “Sabah”a getdi. Burada tələbat olan oyunçuları aparmaq çətindi, say azdı, olanlar da burada aldıqları maaşa qane olurlar. Daha çox az oynayanlara qapı açırıq. Keyfiyyətlə yanaşı, kəmiyyətlə bağlı da kasadlıq var. Həm də AFFA-nın məlum qərarı gənclərlə işləməyə stimul verir.
 
- AFFA-nın qərarının müsbət tərəfləri var, lakin konkretlik yoxdu. Məsələn, bilmək istərdim, sizə bu transferlərə görə menecer haqqı ödənilir?
- Nəzərdə tutulmayıb hələ ki. Hələ mexanizm təkmilləşməyib. Viza, bilet və s. məsələlərdə yardım edilir, orada qalmaq, yerləşmək baxımından da kömək var. İndi danışırıq ki, belə gənclərə müəyyən maaş ayrılsın. Çünki o zaman həmin klublar bizimkiləri götürməkdə daha çox maraqlı olurlar. İndiyədək neçə futbolçu aparmışam, nəsə qazanmamışam, çünki pul güdməmişəm. Reallıq odur ki, biz buradan hətta limit üçün də nəzərdə tutulmayan futbolçuları aparırıq və onları Belarusun, Latviyanın güclü klublarına yerləşdirmək mümkünsüzdü.
 
- Bəlkə burada da hansısa limit tətbiq edilməlidi. Gedib möhkəmlənən, heyətə düşən futbolçulara yardım etmək məsləhətdi. Yoxsa hər menecer səviyyəsi oldu-olmadı, bir neçə futbolçu aparsa, bu, yersiz maliyyə israfı olacaq. AFFA da müəyyən şərtlərlə yardım etməlidi, həqiqətən ümidi doğruldanlara dəstək olmalıdı.
- Sistem təkmilləşməlidi. Hələ çiydi, bişməyib, təşəbbüsdü, sistemə çevrilməsi prosesin gedişində mümkünləşəcək. Mən də bu barədə düşünmüşəm. Stimul, mükafat olmalıdı. Məsələn, hansısa futbolçu deyək ki, 15 oyun oynamalıdı, o zaman ona qayğı göstərilməlidi. Hələlik qüsurlar üzə çıxacaq, hər şey zamanla təkmilləşməlidi. Bir şərt də o ola bilər ki, xaricə gedən futbolçularımızdan kim milliyə düşürsə, oyuna çıxırsa, ona görə mükafat verilməlidi.
 
- Bu zaman başqa problem ortaya çıxacaq. Bizdə heç də milli komandaya ən yaxşılar cəlb olunmur. Şəxsi tanışlıq, məşqçilərlə münasibətlər də mühüm rol oynayır. Deyək ki, AFFA-yla işbirliyində olan hansısa menecerin zəif müştərisi məşqçiylə münasibətlərə görə heyətə düşəcək, sənin xaricə apardıqların kənarda qalacaq.
- Mümkündü. O qədər variantlar olacaq ki. Hələlik sistem təkmilləşməli, qüsurların qarşısı alınmalıdı. Bu, mərkəzləşmiş qaydada olmalıdı. Bəlkə Məşqçilər Komitəsinin rəyi əsas götürülməlidi, bəlkə də başqa nəsə. Məsələn, U-21-in baş məşqçisinin rəyi əsas ola bilər ki, bu futbolçunun perspektivi var. 6 aylıq sınaq müddəti götürməliyik, ilin sonunda müzakirə aparmalı, məsləhətləşməliyik.
 
- Latviya, Çexiya – bu ölkələrdə azərbaycanlı futboçu təklif edərkən ilk reaksiya necə olur?
- Yuxarıdan aşağı baxırlar. Yaxınlarda Sloveniyaya səfər etmişdim. Elə orada da ilkin təəssürat çox pisdi. Bu ölkələrə futbolçu yerləşdirmək çox çətindi. Sterotipləri qırmaq lazımdı. Məsələn, son olaraq futbolçuları “Dauqavpils”ə yerləşdirməyimdə Mirabdullanın böyük rolu oldu, o, oyunu ilə ümidi doğrultmuşdu. Arzumanın klub tapmasında Fərid Nəbiyevin Çexiyada özünü yaxşı göstərməsinin rolu oldu. Hələlik markanı yaratmaqla, tanıtmaqla məşğuluq. Sloveniyaya, Belarusa elə uşaqlar göndərməliyik ki, onlar qapını yaxşı açsın. Litvada da gənclərimiz var, onların oynadığı komanda diviziona düşdü, davamı onların özünü necə göstərdiyindən asılıdı.
 
- Amma Azərbaycana futbolçu gətirmək asandı...
- Bəli. Çünki bilirlər ki, pullarını vaxtında alacaqlar. Avrokuboklardakı nəticələrimiz də kömək edir. Xaricə çıxışda isə əngəllər var. AFFA-nın təşəbbüsü kömək etməlidi. Məsələn, Əli Şirinovun Latviyaya aparılmasında bunun xeyrini gördük.
 
FƏRİD

 
tarix: 21-07-2019 09:00


 
Xəbər lenti
15.11.2019

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az