(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Hacıyev “Səbail”lə bağlı bütün məqamları aydınlatdı: “Essyeni fasilədə əvəz etməli idim”

Hacıyev “Səbail”lə bağlı bütün məqamları aydınlatdı: “Essyeni fasilədə əvəz etməli idim”

Qısa avrokubok macərasının ardınca “Səbail” yenə bir araya gəlir. Komanda bu gün 4 günlük istirahətdən sonra məşqçləri bərpa edəcək.
 
Komandanın durumu, qitəmiqyaslı yarışdan sonrakı əhval-ruhiyyəni öyrənmək üçün baş məşqçi Aftandil Hacıyevlə söhbətləşməyi lazım bildik. Ondan soruşmalı başqa mətləblər də var idi. Çünki “Səbail”in iddiasını azaldacağı, legionerləri yola salıb heyəti yerli gənclərdən quracağı haqda söz-söhbətlər var. İki aydı maaş almayan, ötənilki bürünc medala görə vəd edilən mükafatı hələ də görməyən, bu üzdən Avropa Liqasında inamsız çıxış etdiyi deyilən futbolçuların əhval-ruhiyyəsini ən yaxşı bilən elə Hacıyev olar.
 
- İstirahətiniz bitir. Futbolçular hamısı qayıdıbmı?
- Hamı Bakıda idi. Yalnız oğlu dünyaya gələn Dilan Duventru vətəninə getmək üçün icazə almışdı. O da bu gün gəlir. Məşqə çata bilməyəcək, lakin hamı düşərgədə olacaq.
 
- Yeni mövsüm start götürənə kimi yalnız məşq edəcəksiz.
- Təlim-məşq toplanışı keçirməyi planlaşdırırıq. Rəhbərliklə söhbət edib, planı demişik. Reallaşıb-reallaşmayacağını bilmirəm. Maliyyə ilə bağlı problemlərimiz var. Bizə yoxlama oyunları keçirmək vacibdi, azı 3 oyun istəyirəm. Bakıda qalsaq, rəqib tapa bilməyəcəyik. Gözləyirik. Rəhbərlik bir qərar verəcək.
 
- Öncə ötən mövsümə qısaca nəzər salaq...
- Çempionata pis başlamışdıq. Çünki komanda gec komplektləmişdi. Bununla belə, səbrlə davrandıq, plandan kənara çıxmadıq. İlk vaxtlar nəticələr yaxşı olmasa da, get-gedə oyunumuzu düzəltdik, inkişaf tempi götürdük. Düzdü, burada 2 texniki qələbə qazanmağımız çox qabardıldı. Amma zənnimcə, hamı razılaşmalıdı ki, avrokuboklara alın tərimizlə vəsiqə qazandıq. Xal ehtiyatımız yaxşı oldu, hətta həmin oyunlarda uduzsaydıq, yenə 4-cü yeri tutacaqdıq. Həmin texniki qələbələrə ehtiyacımız olmadı. Hansı ki, hamı bunu əlində bayraq edirdi.
 
- Yəqin həmin xallar həm də mövsüm boyu sizə psixoloji təzyiq oldu...
- Xüsusilə mövsümün sonunda. Zirədə, Sumqayıtda yaxşı nəticələri psixoloji gərginlik içində qazandıq. Həmin 2 texniki qələbə rahat olmağıma imkan vermirdi. Baxmayaraq ki, belə olmasında bizim günahımız yox idi. Hamı düşünürdü ki, həmin qələbələrə görə yuxarı pillələrdə gedirik. Bununla belə, plana uyğun işlədik, oyundan-oyuna artırdıq və əla mövsüm keçirdik. Debütüm idi, komandanı tam yenidən yığmışdıq. Bütün bunları nəzərə alsaq, gözləniləndən də yaxşı olduq.
 
- İndi soyuq başla Avropa Liqasının ilk təsnifat mərhələsindəki oyunları dəyərləndirə bilərsiz?
- Bürünc medaldan sonra komandanın daha yaxşı olacağını gözləyirdik. Heyət minimum 80 faiz qorunub saxlanmalıydı. Ancaq “Səbail”in sabit büdcəsi var, artan deyil. Heç hədəf də böyüməyəcək. İstərdik ki, büdcə, hədəf böyüsün, lakin klubun strategiyası var və razılaşmalı olduq. Belədə heyəti qorumaq çətinləşdi, strategiyaya uyğun olaraq, yerli futbolçuların heyətə daha çox cəlb edilməsi lazım gəldi. Bu isə komandanın yenidən formalaşdırılması, komplektləşdirilməsi demək idi. Ona görə də Avroliqadakı nəticəmiz gözlənilən idi.
 
- Ötən mövsüm boyunca Avropa Liqasına vəsiqə üçün oynadığınızı büruzə vermədiz. İz azdırırdız, yoxsa həqiqətən belə tələb yox idi?
- Mən təyinat alanda rəhbərliklə görüşdük və qarşıma qitə yarışlarına yüksəlmək tələbi qoyulmadı. Mən gələndə komanda 7-ci yeri tutmuşdu, hədəf kimi sonuncu olmamağı qarşıma hədəf qoydular. Amma özüm ilk gündən daha yaxşı nəticəyə inanırdım. Qitə yarışına 4 vəsiqə verilir və çempionatımızdakı komandalardan yalnız “Sabah”ın belə şansı yox idi. Özümə dedim ki, 7 komanda arasından ən yaxşı nəticə göstərən 4 komandadan biri niyə də “Səbail” olmasın? İnanırdım, vicdanla işləyirdim və nəticə də bəllidi.
 
- Çempionatdakı “Səbail” güclü idi, yoxsa avrokubokdakı?
- Rəqabətə görə çempionatdakı. İndiki heyətə daha 2-3 nəfəri əlavə edə bilsək, ötən mövsümlə müqayisədə daha keyfiyyətli kollektivə malik olacağıq.
 
- Ötən mövsüm büdcəni aşmadız? Bəlkə indi kifayət edəcək sayda futbolçu ala bilməməyinizdə bu amilin rolu var...
- Yox, ciddi şəkildə aşmadıq. Bəzi artıq xərclər ortaya çıxdı, hansı ki, klub buna hazır deyildi. Futbolçuların əməliyyat xərcləri bir az çox oldu. Amma bu, büdcənin ciddi şəkildə aşılması demək deyil. Heyətin 11 üzvü ilə vidalaşdıq, onları lazımi şəkildə əvəz etməyə imkanımız olmadı. Daha bir mərkəz müdafiəçisi və hücumçu almaq istəyirdik, olmadı, eləcə də digər mövqelərə. Yeni gələnlərdən Eriko tez uyğunlaşdı, hətta ötən mövsüm belə müdafiəçimizin yoxluğundan əziyyət çəkdiyimizi də deyim. Digərləri isə hələ adaptasiya dövründədi. Məsələn, Mirabdulla Abbasov hələ tam formada deyil. 11 nəfərin yerini doldurmaq üçün həm vaxt az idi, həm də büdcəmiz imkan vermirdi. Futbolçuların da bəziləri komandaya gec qoşuldu, komplektləşməni zamanında yekunlaşdıra bilmədik.
 
- Hamı “Səbail”in böyük büdcəyə malik olduğunu deyir, sən isə maliyyə çatışmazlığından danışırsan.
- “Səbail” Premyer Liqadakı klublar arasında ən aşağı büdcəli 3 komandadan biridi. İnsanların bizim böyük imkanlarımız haqda danışarkən nəyə əsaslandığını bilmirəm.
 
- Vaxtilə AFFA-nın maliyyələşdirdiyi “Şəfa”da oynamısan. İndi də “Səbail” eyni vəziyyətdədi. Bu klublar arasında hansı oxşarlıqlar var?
- Demək çətindi. “Şəfa”da daha çox yerli oyunçulara üstünlük verilirdi. Elə “Səbail” də öz futbolçularımıza qapı açması ilə seçilir. Ötən il 17 yaşlı Ədilxan Qarəhmədov kimi futbolçunu üzə çıxardıq. Bu mövsüm də eyni qaydada davam edəcək, yeni gəncləri komandaya qazandırmağa çalışacağıq.
 
- Yəqin limit oyunçunuz elə Ədilxan olacaq...
- Başqa gənclərimiz də var. “Şüvəlan”dan icarədən qayıdan Murtuz Abakarov, Turan Manafov və başqaları.
 
- Futbola maliyyə axınının başladığı dövrdə “Turan”a getdin, orada oynadın. Həmin dövrü indiki paytaxt klublarının toplaşdığı “Bakı birinciliyi” ilə müqayisə edə bilərsən?
- Rəqabət, kütləvilik baxımından o illər çox yaxşı idi. Tovuzdakı oyunlara 6-7 min adam gəlirdi, səfər matçlarında tribunaların heç olmasa, 2 sektorunu bizim azarkeşlər doldururdu. Yenə komandaların sayını, çempionatdakı rəqabəti artırmaq lazımdı.
 
- Müdafiəçi olmusan. Tələblərində arxa xətt oyunçuları bunu hiss edir?
- Mərkəz müdafiəçiləri ilə daha çox danışıram. Özümün meydanda qarşılaşdığım epizodlarla bağlı məsləhət verirəm.
 
- Amma sanki sənə qulaq asmayıblar. Əks halda, “Universitatya Krayova” ilə oyunlarda buraxdığınız 6 qoldan əksəri onların səhvi üzündən reallaşmazdı.
- Yalnız mərkəz müdafiəçilərini günahlandırmazdım. Səhvlər bütün komandanın idi, rumınların hücumlarını incələyəndə problemin bizim hücum xəttindən başladığını, sıralandığını görürük. Sadə səhvlər idi, ancaq rəqibi də nəzərə almalıyıq. Yaxşı, texnikalı, fərdi bacarığı yüksək olan futbolçuları var idi.
 
- İşlədiyin məşqçilərdən kimdən və nəyi “oğurlamısan”?
- Hərəsindən bir şey götürmüşəm. Daha çox “Qarabağ”da olarkən Qurban Qurbanovdan faydalanmışam.
 
- Rumıniyada vurduğunuz ilk qol da “götürülmə” idi...
- Künc zərbəsindən sonra vurduğumuz qolu deyirsizsə, bundan milli komandada çox istifadə etmişik. U-21-də oynayarkən, Əsgər Abdullayevin vaxtında Uelsə belə qol vurulan oyunda meydanda olmuşam. Rumınların həmin zonalarda boşluqları olduğunu bilirdik, matçdan öncə müəyyən tapşırıqlar verdik və Ağabala Ramazanov ilk qolumuzu vurdu.
 
- Naci Şensoydan heç nə öyrənməmisən. O, çılğın idi, sən çox təmkinlisən.
- (gülür) Ondan Ayxan Abbasov daha yaxşı faydalanıb, çox çılğındı.
 
- Bizim məşqçilər 17-20 yaşında futbolçulara güvənməyə niyə qorxurlar? SSRİ vaxtı “Neftçi”də xeyli gənc 20 yaşa çatmamış daim əsas heyətdə oynayır, şans qazanırdı, indi isə yalnız təcrübəlilər etimad görür.
- Etiraf edək ki, yaş limiti, tələbi olmasaydı, bir çox komandalar, xüsusən iddialılar hətta həmin bir yerdə də başqalarına güvənərdi.Komandadan komandaya fərq var. Eyni zamanda bu gün klubların heyətində daim meydana çıxan 3-4 gənci görmək istəyiriksə, uşaq futboluna diqqət ayrılmalıdı. Material keyfiyyətli deyil, əvəzedicilərdən heyətə qatdığımız oyunçuların tam hazır olmadığı ilk baxışdan görünür. İstedadlar yetimir, olsa, heç kim beləsindən imtina etməz. Uşaq futbolundakı çatımazlıqlar futbolumuzda böyük yaradı. Getdikcə daha da uçuruma yuvarlanırıq. Bu, milli komandalarımızın çıxışına da təsir edir və edəcək.
 
- “Səbail”də bu yöndə iş gedir?
- Keçən il komandanı toplayanda bu barədə ciddi söhbətimiz olmamışdı. Amma çempionatın gedişində rəhbərlik yerli gənc futbolçuların heyətə cəlb olunması ilə bağlı tapşırıqlar verdi. İmkan olduğu təqdirdə gənclərə diqqət yetirməyimi istədilər. Buna əməl etdik, aşağı yaş qrupları ilə indi daha sıx təmasdayıq.
 
- Bilal Həmdi “Zirə”dəki dövrüylə müqayisədə zəif görünürdü. Siz də onu rumınlarla hər iki oyunda əvəzlədiz...
- Nəinki Bilal, bir çox oyunçular hazırlığa gec qoşuldu. Əvvəldə dediyim səbəblərdən heyəti vaxtında komplektləşdirmədik. Biz yoldaşlıq oyununa çıxarkən hələ fiziki hazırlığı tam qaydasında olmayan, fərdi məşq edən futbolçularımız var idi. Mirabdulla, Duventru müqavilə məsələləri, Essyen bəzi tədbirlər, Koçuk milli komandada olması üzündən hazırlığa vaxtında qoşulmadı.
 
- Sözlərindən belə başa düşdüm ki, Erikodan razısan. Bəs, digər mərkəz müdafiəçisi Elvin Yunuszadə necə idi? Əksər qolları mərkəz zonadan buraxdız və bu oyunçuların bir-birinə uyğunlaşmadığı aşkar görünürdü...
- Hər ikisi əsas mərkəz müdafiəçilərimizdi. Çox istərdim ki, bu mövqedə onlarla rəqabət apara biləcək daha bir oyunçumuz olsun. Rumınlarla oyunlardakı səhvlər isə birbaşa Erikonu da gec transfer etməyimiz və onların bir-birinə uyğunlaşmaması ilə bağlı idi. Avropa Liqası matçları bizim üçün hazırlıq dönəmi oyunları kimi alındı. Halbuki ona kimi biz artıq heyəti formalaşdırmalıydıq. Maliyyə problemləri və s. məsələlər üzündən xeyli gecikdik.
 
- Hazırda ölkədə ən yaxşı 3 mərkəz müdafiəçisi kimdi?
- Bədavi Hüseynovun adı mütləq çəkilməlidi. Təcrübə baxımından Rəşad Sadıqov, gənclərdən Bəhlul Mustafazadə siyahıda olmalıdı. Elvin Yunuszadədə böyük potensial var, amma milli səviyyəsində oynamaq üçün özünə daha çox fikir verməlidi.
 
- Klub rəhbərliyi ilə avroliqanın dəyərləndirməsini aparmısız?
- Bu gün iclas olacaq. Amma ümumi söhbətdə fikirlərini bildiriblər, çıxışımız qənaətbəxş sayılıb. Belə güclü rəqibə qarşı - üzləşdiyimiz heyət problemlərini də nəzərə alsaq -, faciəvi çıxış etmədik. Könül istərdi ki, mərhələ keçək, ən azı reytinqə xal gətirək, amma bu qədər çətinliyi nəzərə alsaq, mən də çıxışımızı yaxşı sayıram.
 
- Yəqin maaşların 2 aydı yubanmasını, bürünc medallara görə vəd edilən mükafatların hələ verilməməsini də nəzərdə tutursan. Bunu edən rəhbərlik nəticədən narazı qala bilməz.
- Yubanmaqla bağlı hər hansı fikir söyləyə bilmərəm. Müəyyən köçürmələrdə gecikmələr mümkündü. Bəli, yubanmalar olub, amma yeni anlaşdığımız bütün oyunçuların ödəmələri çatdırılıb.
 
- Belə motivasiya ilə Avropa Liqasında böyük hesabla uduzmamaq da böyük şeydi. Rəhbərlik bu problemi yoluna qoymayıbsa, nəticələrə görə onlar da günahkardı.
- Mən bu barədə danışmaq istəmirəm. Sadəcə, səhvlərimiz oldu, təcrübə topladıq.
 
- Eltun Yaqublu sanki futbolçunuz deyil, klubun vitse-prezidentidi.
- O, “Səbail”in ilk günündən komandada olan insanlardandı. Komandanın sıfırdan yığılmasında əməyi olub, divizionda oynadıqları dövrdən kluba sadiq biridi. Daha təcrübəli oyunçular olduğu halda məhz xidmətlərini nəzərə alaraq, onun birinci kapitan kimi qalmasına qərar vermişəm. Bir ildi zədə üzündən kənarda idi, indi onu dəyişmək, kapitanlıqdan məhrum etmək doğru deyil. Futbolçu kimi də faydalıdı, ilk illərdə komandanın yığılmasında əməyi keçib.
 
- Bəs, Rumıniyada son dəqiqələrdə meydana çıxmalı idi? Sizə qələbə qolunu vurmaq lazım ikən, müdafiəçinin müdafiəçi ilə əvəzlənməsi qəribə göründü və rəqibin vurduğu 3-cü qolda səhv edənlərdən biri də o idi.
- Ehtiyat oyunçular skamyamızda hücumumuzu gücləndirəcək heç kim yox idi. Bəhanə deyil, həqiqətdi. Ona görə Eltunu deyil, bir başqasını meydana buraxmaq şansı qalmamışdı. Həmin vaxt cinah müdafiəçimiz Ürfan Abbasov da yorulmuşdu, çatdırmır, cinah hücumlarına dəstək verə bilmirdi. Yaqublunu buna görə meydana buraxdım. Cinahda effektivliyi artıracağına ümid etdim, çünki daim hücumameylli oynayıb. 3-cü qolu buraxmağımızın həmin anda önəmi yox idi, bizə daha çox qol vurmaq lazım idi, bacarmadıq.
 
- Rumıniyada erkən qollar buraxmaq işinizi çətinə saldı.
- Evdə 2:3 uduzmuşduq. Planımız standart vəziyyətlərdə bir qol vurmaq, qapımızı toxunulmaz saxlayıb, əks-hücumda ikinci qolu axtarmaq idi. Alınmadı, Mirabdulla Abbasov 2 real şansı boşa verdi, rəqib isə eyni sayda fərqləndi, müəyyən səhvlərə yol verdik. Fasilədən sonra aqressivliyi artırdıq, daha hücumameylli oynadıq, 2 top vurduq, davamını gətirə bilmədik. Halbuki bu nəticəni çoxları gözləmirdi, hətta darmadağın olacağımızı düşünürdülər.
 
- “Səbail”də rəhbərlikdə həqiqətənmi iki cəbhə var?
- (gülür) Klubda bir cəbhə ilə söhbət aparıram, ikinci cəbhəni nəinki görmürəm, hətta hiss etmirəm. Klubda idarəçiliyi yerinə yetirən Tamerlan Abdullayevdi, digər rəsmi şəxslər də var. Onlardan tam dəstək görürəm. Bundan sonra necə olacağını bilmirəm.
 
- Veteranlar arasında oyun keçirmək lazım gəlsə, Maykl Essyeni komandanızda görmək istərsiz.
- Hə.
 
- Amma yəqin rumınlarla Bakıdakı görüşdə oynamasını istəməzdiz...
- Nəyə işarə vurduğunuzu bilirəm, amma heç kim mənə onu mütləq oynatmağımın lazım gəldiyi barədə göstəriş verməyib. Ümumiyyətlə, heyət seçimimə heç vaxt qarışmayblar. Essyeni meydana buraxmaq mənim təşəbbüsüm idi. İlk dəqiqələrdən Mayklın meydanda olmasının rəqibi çəkindirə biləcəyini düşündüm. Maksimum bir hissə, uzağı, daha 10-15 dəqiqə oynaya biləcəyini bilirdim, fiziki imkanları yalnız buna yetirdi. Təcrübəsi hesabına müəyyən qədər kömək də etdi. Fasilədə əvəz etməliydim, ikinci qol məhz onun oynadığı zonadakı səhvdən sonra vuruldu. Acı təcrübə oldu. Verdiyim heç bir qərara görə peşman deyiləm, nəyi doğru bilirəmsə, onu da edirəm.
 
- Essyeni heyətə salmaqla rəqibi motivasiya etmədiz?
- Belə olduğunu düşünmürəm. Doğrusu, azarkeşləri də düşünmüşdüm. Essyeni meydanda görmək üçün ən optimal vaxt avrokubok görüşü idi. Çünki əsas məqsədimiz azarkeşləri tribunalara qaytarmaq olmalıdı. Təəssüf ki, belə alındı.
 
- O qədər bərbad oynadı ki, cavab matçında meydana buraxmadız...
- Rumıniyada taktika başqa idi. Orada daha çox qaçan futbolçular lazım idi. Oyuna fərqli sxemlə çıxmışdıq, hərəkətliliyi təmin edən oyunçulara şans verdik. Həmin sistemdə Essyenə yer yox idi.
 
- Həqiqətən düşünürsüz ki, bu yaşda o, sizə heç olmasa, çempionatda kömək edəcək?
- (ah çəkir) Hazırlığa çox ara verib. Amma həqiqətən çox istəkli görünür, alınsa, oynayacaq, kömək edəcək.
 
- Mətbuatda Essyenin cavab matçında oynamamasına qiyam edən futbolçuların səbəb olduğu yazıldı. Əksər oyunçular özlərindən qat-qat çox maaş alan birinin əvəzinə meydanda işləmək istəmədiklərini bildiriblər.
- Mümkün deyil. Hərə öz işini görür. Məşqçilər hər şeyə nəzarət edir.
 
CAVAD

 
tarix: 23-07-2019 20:12


 
Xəbər lenti
22.08.2019
21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az