(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

İsraillilər “yatanadək”: Bordinin səhvləri həlledici oldu

İsraillilər “yatanadək”: Bordinin səhvləri həlledici oldu

Yəqin ki, qəzəbiniz soyumayıb. İsrailli futbolçuların etdikləri, hakimlərin onların iyrənc hərəkətlərinə göz yummaqla dəstək verməsi yadınızdadı və əsəbləriniz tarıma çəkilib. Haqlısız, amma...
 
Fransadan olan hakimlər briqadasının “Bney Yehuda”ya dəstək verəcəyini bəlkə də - məlum səbəblərdən - təxmin etmək olardı. Oyundan öncə “Neftçi” buna da hazır olmaq zorunda idi. Xüsusilə ikinci hissədə qonaq futbolçuların dəqiqəbaşı yerdə uzanıb qalması futbol adına rəzalət idi. Hamını təbdən çıxaran bu hərəkətlərə hakimlər göz yumur, “Neftçi” futbolçularını əsəbləşdirir, ritmdən salırdı. Tempin artdığı vaxtlarda belə dayanmalar bakılıları tormozlayırdı.
 
Xüsusilə ikinci hissə futbol adına rəzalət idi. Lakin etiraf edək ki, bu, zəiflərin “silah”ıdı və vaxtilə bizim futbolçular da belə edib. Elə həmin İsrailin “Makkabi”sinə qarşı 20 il öncəki matç yadıma düşür. “Qarabağ” avrokuboklarda mərhələ keçən ilk klubumuz adını qazanarkən matçın yarısını Respublika stadionunun qazonunda “yatmaqla” keçirmişdi. Sadəcə, indi hakimin etdikləri də qıcıq doğururdu və azarkeşləri meydana su qabları atmağa təhrik edən bu idi. Təəssüf ki, buna görə cəza da alacağıq.
 
Bütün bunlar matçın iyrənc tərəfi idi. Lakin görək yerdə yatan qonaqlar 2 qolu necə vurdu? Emosiyaları unudaq, bəzi “Neftçi” rəhbərlərinin də azarkeşlərə qoşularaq rəqib düşərgəyə etdiyi qeyri-etik jestləri kənara qoyaq və soyuq başla düşünək. 2:2 birbaşa Roberto Bordinin səhvlərinin nəticəsi idi. Rəqibin ardıcıl 2 qol vurmasının nə çirkin oyunla, nə də hakim qərəziylə əlaqəsi yoxdu. Yata-yata qol vurmurlar, vurub sonra yatırlar.
 
“Neftçi”nin əvvəlki rəqibləri avrokubokların debütantları idi. Və bizimkilər təcrübəsi sayəsində “Speranta”nı darmadağın etdi, “Arsenal”ın oyuna ciddi yanaşmamasından yararlandı. İtaliyalı məşqçimiz xüsusilə ruslarla oyunlarda analitik bacarığını göstərdi. Amma dünənki matçda Bordin də çaşıb qalmışdı. Həm oyunun qurulmasında, həm d əvəzetmələrdə ciddi səhvlər göz deşirdi.
 
Söhbət təkcə adlarda deyil. Bordin oyunu taktiki cəhətdən düz qurmamışdı. Bu məşqçi oyuna favorit kimi çıxa, futbolçuları birinci nömrədə oynada bilmir. Buna görədi ki, rəqib qapıçının matç ərzində seyvi olmadı, təhlükəli vəziyyətlərimiz barmaqla sayılacaq qədər azdı. “Bney Yehuda” zonaları bağlamaqla “Neftçi”ni cərimə meydançasının kənarında fırlanmağa məcbur etmişdi. Və Roberto bu kilidi açmaq üçün heç nə edə bilmirdi.
 
Qapımıza mövsüm ərzində vurulan ilk qol səhvlər zəncirinin nəticəsi idi. Bunu cəmi 3 rəqib futbolçu etdi. Bordinin gözləməli olduğu əks-hücumdan sonra futbolçular düzgün bölüşdürülmədi və dayaq bölgəsindəki ani diqqətsizlik dəqiq zərbə ilə yekunlaşdı. İkinci qol Sonu Mustivarın top itkisi ilə başladı və yenə dayaq bölgəsi ilə müdafiənin mərkəzi vahid blok ola bilmədi. Yaxşı ki, “Neftçi” fasiləyədək ayıldı və toplardan birinin əvəzini çıxdı, yoxsa heç-heçə də mümkün olmayacaqdı.
 
Fasilədən sonra həmin iyrənc futbol başladı. Oyun heç-heçə bitdisə, bu, Bordinin yox, əzmkarlıq göstərən futbolçuların və onları motivasiya edən, hər cür alqışa layiq azarkeşlərin əməyi idi. Dolu tribunalar sona kimi dəstəyini əsirgəmədi və bərabərlik qolu gəldi.
 
“Bney Yehuda” keçiləsi rəqibdi və Bordin komandanı düzgün hazırlasa, işinə “Arsenal”la matçlardakı kimi ciddi yanaşsa, səfərdə qələbə qazanmaq çətin olmayacaq. İsrail klubunu yenmək üçün təmsilçimiz bütün imkanlara malikdi. Qalır missiyanı yerinə yetirmək. Pley-off “Neftçi”nin haqqıdı, bunun üçün potensial var. Ruhdan düşməmək, matça köklənmək və qələbə qazanmaq gərəkdi.
 
Məğlubiyyət daha pis nəticə olardı, indi isə “Neftçi”yə sadəcə, düzgün oynayıb, qələbə qazanmaq lazımdı. Avropa Liqasının 3-cü təsnifat mərhələsinə gəlmişkən və potensial rəqiblərin də nəhənglər olmadığını bilərkən şansı qaçırmaq olmaz. Hələlik məğlubiyyət görməyən, səfər matçlarında parlaq qələbələr qazanan təmsilçimizə yenə inanmalıyıq. “Bney Yehuda”nın dünən burada etdiklərini əlimizdə bayraq etsək, məğlubiyyətlə indidən barışmalıyıq. Hələ İsrail səfərində bizi psixoloji təzyiqlər gözləyir. Bütün bunlara hazır olmalı, yalnız futbolu düşünməliyik.
 
Dünənki matçda əvvəl “Neftçi”, sonra rəqib yatdı. Bakılılar psixoloji cəhətdən, qonaqlar isə qazonda. Səfər oyununda isə 90 dəqiqə diri qalmaq gərəkəcək. Bordin isə ümumiyyətlə, yatmamalıdı. Normal heyət var, potensialı boşa vermək olmaz.
 
FƏRİD

 
tarix: 09-08-2019 10:55


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az