Belə oyunları çox görmüşük. Rusiya ilə Bakıdakı heç-heçəni də, elə bu Xorvatiya ilə “Bakcell Arena”dakı qolsuz sülhü də. Dünənki oyunla siyahı zənginləşdi.
Sensasiyadan danışmırıq. Qanunauyğunluqdu. Dünya ikincisini də öz üslubumuzla ram ediriksə, danışılacaq başqa söz yoxdu. Boşa verilmiş bütöv bir tsikli faydasız 1 xalla ört-basdır edəcək qədər usta idarəçilərimiz var. Onları qınayırammı? Qətiyyən. Bacarana baş qurban.
Oyundan danışmağın yeri yoxdu. Xorvatiyanı baş məşqimiz olmadan büdrədiriksə, taktikadan, heyət seçimindən, əvəzetmələrdən bəhs etməyək. Uels və Xorvatiya milliləri ilə matçlarda daha doğru taktikayla oynadığımızı, daha yaxşı göründüyümüzü deyə bilərik. Amma, lakin, ancaq...
Heç kim kor deyil. Xorvatlar ilk 15 dəqiqədə oynadığı futbolla komandamıza 7-8 top vurmalıydı. Fasilədə nə oldusa, ikinci hissədə matçın favoriti birdən-birə dəyişdi. Oyunun son dəqiqələrində qol vurması lazım olan rəqib hücuma keçmirsə, irəli top daşımalı olan kapitan Luka Modriç öz cərimə meydançasında müdafiənin cinahlarına top paylayırsa, mən o futbola başqa ad qoyaram. Total futbolu totalizatorla, xal almağı mal almaqla qarışdırmayaq. Qaliblər mühakimə olunmur və illər boyunca xatırlanan nəticə olacaq.
Təmkin Xəlilzadə yəqin ki, vurduğu qolda yüksək ustalıq göstərdiyini düşünür. Lakin rəqib mənim üçün elə koridor açsa, qabağımdan qaçsa, bu yaşımda mən daha yaxşı qollar vuraram.
5 oyuna 1 xal faciəvi nəticədi. Xorvatlardan alınan xal yırtıqlara yamaq olacaq, lakin yaralarımıza məlhəm deyil. Futbolçulara verilən mükafat da daxil olmaqla, az qala milyon dollara başa gələn bu heç-heçə sadəcə, kimlərinsə ömrünü uzatdı, bəlkə də yerini daha bir neçə illik möhkəmlətdi.
Amma eyni sözləri Nikola Yurçeviçə aid edə bilmərik. Xorvat məşqçi müqaviləsi bitən kimi yola salınacaq. Çünki Robert Prosineçki qapıda gözləyir. İllik 250 min avro aldığı Bosniya və Hersoqovina millisindən istefa verən bu məşqçi 4 qat artıq maaş üçün çoxdan razılığa gəlib.
İlk xalı bayram edək. Modriçin Bakıda qeyd etdiyi, bizimkilərin də hədiyyələrlə qatıldığı ad gününü bayram etdiyimiz kimi...