Roberto Bordin tək qalmayacaq. Premyer Liqada tezliklə daha bir əcnəbi baş məşqi kimi çalışmağa başlayacaq.
“Qəbələ”nin bu yöndə axtarışda olduğunu bilirik. Lakin “Sabah” onlardan çevik davranır. Belə ki, dünən səhər istefaya getdiyi açıqlanan Elşad Əhmədovun xələfi ölkə xaricindən seçilib.
Hələlik nə rəsmi məlumat, nə də dolğun bilgi var. Lakin bildiyimiz yeni baş məşqçinin Xorvatiyadan gələcəyidi.
Bu variantıb reallaşma ehtimalı çox böyükdü. “Sabah” bu ildən Xorvatiya “Dinamo”su (Zaqreb) ilə sıx əməkdaşlıq edir. Təsadüfi deyil, “Dinamo” Futbol Akademiyasının mütəxəssisi Adino Mustedanaqiç “Sabah” futbol məktəbinin koordinatoru seçilib, onunla yanaşı, fiziki hazırlıq üzrə mütəxəssis və bir məşqçi ilə 3 illik müqavilə bağlanıb. Hər 3 mütəxəssis bu müddət ərzində ölkəmizdə yaşayaraq, akademiyada daimi fəaliyyət göstərəcəklər. Onlar “Sabah”ın akademiyasının inkişafı üçün çalışacaqlar.
Təkcə bu fakt “Sabah”ın yeni baş məşqçi axtarışlarını Xorvatiyada aparmasına inanmağa kifayət edir. Prinsipcə, pis variant da deyil. Seçimdə diqqətli olmaq, namizədi hərtərəfli araşdırmaq, daha sonra isə komandanı ona tapşırmaq olar.
Xatırladaq ki, Elşad Əhmədovun baş məşqçi postundan ayrılmasından sonra köməkçilərindən Səttar Əliyev də işi ilə vidalaşıb. Aleksandr Qross, ukraynalı fiziki hazırlıq üzrə məşqçi Pavel Sirenko və qapıçılarla işləyən Vitali Kovalyov isə gözləmə mövqeyindədi. Əsas komandaya müvəqqəti baş məşqçi əvəzedici heyətin çalışdırıcı Rövşən Bbayev təyin olunub. O, ötən mövsüm əsas komandada Əhmədovun köməkçisi idi.