(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Nail Kərimov: “Qəbələ”nin büdcəsinin azalması akademiyaya problem yaratmır”

Nail Kərimov: “Qəbələ”nin büdcəsinin azalması akademiyaya problem yaratmır”

“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov “FutbolPress”ə müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Buyaxınlarda “Feyenoord”un bazasında olduz. Səfər nə ilə bağlı idi?
- Səfər Stenli Brardın dəvəti əsasında baş tutdu. O, iki il yarım bizim akademiyada çalışıb və həmin zamandan isti münasibətlərimiz var. Səfərin indi baş tutmasının səbəbi yeni bazanın açılışı idi. Təxminən 3 həftə əvvəl istifadəyə verilmişdi. Oranı ilk ziyarət edən klub biz olduq. Belə səfərlərimiz həmişə olub. İstənilən halda, mübadilələr olmalıdı ki, yenilikləri görə biləsən. Biz də imkandan istifadə etdik. Ordakı infrastrukturla, məşq sistemləri, ümumiyyətlə yanaşma tərzləriylə tanış olduq.

- “Qəbələ”nin akademiyasında tətbiqi mümkün olan hansı müşahidələriniz oldu?
- Məşqçilərimiz həm məşq, həm də oyunlarla bağlı qeydlər götürdü. Bundan başqa, Stenlinin təqdimatı oldu ki, o, məşqçilərdən nə tələb edir və məşqçilər uşaqlardan nə tələb edir. Orda qeydlər var ki, məsələn, mövsümün əvvəlində məşqçi uşaqları toplayır və ən sadə qaydaları onlara çatdırır. Bundan sonra uşaqlardan kimsə qaydanı pozarsa, ilk dəfə üçün onu bağışlamaq olar. Ancaq əgər bu, təkrarlanarsa, deyək ki, növbəti dəfə o avtobusa gecikərsə, artıq avtobus onu gözləməyəcək. Bütün detalları çox yaxşı formada toplayıb, şifahidən kağız üzərinə köçürə biliblər. Mövsümün əvvəlində bunları uşaqlara çatdırırlar, əgər daha sonra futbolçu yerinə yetirməzsə, onu cərimələyirlər. Ancaq məsələ bundadı ki, futbolçu həmin tələbləri yerinə yetirir. Əgər ora ilə buranın fərqindən danışsaq, ən vacib məqam məsuliyyətdi. Hamı işinin arxasındadı. Əgər futbolçu məşqdədisə, bilir ki, ən vacib oyuna necə yanaşırsa, həmin məşqə də elə yanaşmalıdı. Eyni zamanda, məşqçi öz məsuliyyətinin fərqindədi. Bu detal da çox güman ki, bizimlə onların arasındakı əsas fərqi formalaşdırır. Bu, təkcə “Feyenoord” klubunda və ya Hollandiya futbolunda deyil, onların bütün həyatı belə keçir, hər sahədə bu cürdülər.

Orda müşahidə etdiyimiz əsas məqamlardan biri “skoutinq”lə bağlı oldu. Çox maraqlı sistemləri var. Hollandiya üzrə yarımştat işləyən cəmi 5 skoutla əməkdaşlıq edirlər. Bundan başqa isə 25 könüllü skoutları var. Klub bununla bağlı elan verir, maraq göstərənlər arasında seçim edilir və nəticədə bütün ölkə üzrə skoutları olur. Ola bilər ki, gələcəkdə biz də belə model tətbiq edək. Bizim “skoutinq” sistemimiz var, ancaq bu mövsümün əvvəlindən daim işlədiyimiz skoutlarla peşəkar münasibətləri dayandırmalı olmuşuq. Sadəcə, əvvəl əməkdaşlıq etdiyimiz skoutlardan biri hansısa futbolçunu gətirərsə, bunun üçün müəyyən məbləğdə ödəniş nəzərdə tutulur. “Skoutinq”lə bağlı xeyli qeydlər götürmüşük: futbolçuları necə cəlb edirlər, neçə yaşda götürürlər və s. Statistikaya baxıblar və məlum olub ki, ən yaxşı futbolçuları 5-7 yaş arasında götürdükləridi. Onlara “Feyenoord”un sistemini tam öyrədə biliblər. Qayıdandan sonra mən də bizim bazanı qabağıma qoyub, müqayisə apardım. Baxıram ki, daha uzun müddət bizdə olmuş uşaqlar daha yaxşı futbolçu ola biliblər. Bu gün üzə çıxara bildiyimiz uşaqların əksəriyyəti ilə 10-11-12 yaşından birlikdə işləyirik.

- Könüllü “skoutinq” sistemindən Azərbaycanda istifadə nə dərəcədə effekt verə bilər?
- Bunu yoxlamaq lazımdı. Deyə bilmərəm ki, indi belə bir müraciət etsək, necə yanaşarlar. Yaxud da, yanaşma yaxşı olsa və bir neçə skout cəlb edəriksə, sonradan bunun fəsadı çıxar, ya yox. Yoxlamadan mümkün olub-olmadığını deyə bilmərik. Ümumiyyətlə, bizdə “skoutinq”ə o qədər də düzgün yanaşmırlar. Deyirlər ki, burda nə var, bap-balaca ölkədi, hamı bir-birini tanıyır, məşqçi uşağı görəcək, gətirəcək. Ancaq biz təxminən 5 il bütün bölgələri əhatə edən “skoutinq” qrupu ilə işlədik. Deyək ki, biz 10 yaşda Füzulidə hansısa uşağı tapıb, akademiyaya gətirmişik. Bəlkə də, biz həmin vaxt onu üzə çıxarmasaydıq, futbolu buraxacaqdı, yaxud da inkişafı o qədər də yaxşı getməyəcəkdi və ya 1 il sonra başqa hansısa kluba gedəcəkdi. “Skoutinq” həm əsas komandalarda, həm akademiyalarda olduqca vacib yer tutmalıdı. Bizdə niyəsə buna o qədər də müsbət yanaşılmır. Akademiyada istifadə etdik və faydasını gördük, könüllü “skoutinq” sistemini də yoxlayacağıq. Bir nümunə çəkim, 3-5 il əvvəl deyilsəydi ki, Azərbaycanda könüllülük indiki səviyyədə olacaq, heç kim inanmayacaqdı. Ancaq cəhd olundu və alındı. İndi bütün idman yarışları üçün xeyli sayda kpnüllülər cəlb olunur. Ola bilər ki, bizim fikrimiz də hansısa formada reallaşsın.

- Daimi əməkdaşlıq etdiyiniz skoutlarla işbirliyini dayandırmanız yəqin ki, klubdakı maliyyə durumu ilə bağlıdı. Ümumiyyətlə, “Qəbələ”nin büdcəsinin azalması akademiyanın fəaliyyətinə necə təsir göstərir?
- Təbii ki, büdcəni optimallaşdırmağa çalışırıq. Müəyyən xərcləri azaltmışıq, bəzilərini isə dayandırmışıq. Günün tələbləri ilə yaşamalıyıq. Ancaq futbolçuların qidalanması və avadanlıqlarla təmin olunması, məşqçi və işçi heyətinin avadanlıqlarla təmini, məvaciblərinin verilməsi ilə bağlı heç bir sıxıntı yoxdu. Qeyd etdiyim kimi, müəyyən xərcləri dayandırmışıq, ancaq ümumilikdə iş istədiyimiz formada davam edir. Təbii ki, bir az da vəsait olsa, daha yaxşı iş görərdik. Məsələn, indi videoanaliz proqramlarından istifadə edə bilmirik. Bundan başqa, “GPS Tracking”dən yararlanmağımız mümkün deyil. “Feyenoord”da bunların hamısı yüksək səviyyədə təşkil olunub. Orda 50-yə yaxın GPS jileti var. Biz ilk addımda 10 jilet əldə edə bilməyi, U-19, U-17 komandalarını təmin etməyi düşünürük, ancaq onlarda neçə ildi bunlardan yararlanırlar. Verilənlər bazası məşqçinin əlinin altındadı və asanlıqla elmi yanaşma mümkün olur. Baxırlar ki, futbolçunun fiziki gücü nə qədərdi, onunla necə məşq etmək lazımdı, yükləmək olar, ya yox və s. Bu detallar hamısı birləşir və futbolçunun inkişafına yol açır. Biz istərdik ki, belə imkanlarımız olsun. Bunun üçün müəyyən addımlar atırıq, cəhdlər edirik. Çalışacağıq ki, çatışmazlıqları tamamlayaq.

- Yəni, ümumilikdə büdcənin azalması akademiyanın fəaliyyətinə problem yaratmır...
- Xeyr, hər hansı problem yaratmır. Azalmalar çox cüzidi. İşimiz əvvəlki tempi ilə, tam səliqəli və peşəkar formada davam edir.

- Bir qədər əvvəl qeyd etdiz ki, daha aşağı yaşdan akademiyada olan futbolçular daha uğurlu olub. Maraqlıdı, indi üzdə olan akademiya yetirmələrinizin arasında təməli “Qəbələ”də qoyulanlar daha çoxdu, yoxsa başqa yerlərdən götürdükləriniz?
- Hazırda əsas komandamızda və ya digər Premyer Liqa klublarında Qəbələdən olan futbolçu yoxdu. İndi U-19 komandamızda 3 yerli oyunçu var. Ancaq ümumi götürdükdə, uşaqların əksəriyyəti akademiyaya 10-11 yaşda gəlib. Bura gəlməzdən öncə maksimum 1 il, ilyarım futbolla məşğul olublar. Demək olar ki, həmin uşaqların əksəriyyətinin təməli elə “Qəbələ”də qoyulub. İlk məşqçiləri onları futbolla tanış edib, sonra da sağ olsunlar ki, “Qəbələ”də keçmələrinə şərait yaradıblar. Burda isə futbolçu kimi yetişiblər.

- “Qəbələ”nin son matçında 5 akademiya yetirməsi heyətdə idi. Həmişə deyilirdi ki, akademiyanın məqsədi əsas komandanı futbolçu ilə təmin edə bilməkdi. Böyük ölçüdə artıq bunu edirsiz, növbəti istəklər, hədəflər...
- Hələ bir neçə futbolçu da mövsümün əvvəlində digər klublara keçdi. Onlar getməsəydi, əsas heyətdə akademiya yetirmələri yəqin ki, daha çox olardı. Bəli, biz artıq o istəyə nail olmuşuq. Üstəlik, demək olar ki, hər matçda rəqib komandaların heyətinə də baxanda görürük ki, bir neçə yetirməmiz var. Səhv etmirəmsə, hazırda əsas komandasında “Qəbələ” yetirməsi olmayan yalnız “Neftçi” və “Keşlə”di. Qalan hamısına bizim yetişdirdiyimiz oyunçular var və onları görmək çox xoşdu. Bütün yığmalarda yetirməmiz var idi, indi əsas millidə də var. Bu da bizi sevindirir. Növbəti hədəf və ya istək odu ki, “Qəbələ”nin əsas komandasında akademiyamızdan çıxanların sayı yarıdan çox olsun. Eyni zamanda, milli komandada akademiya yetirmələri artsın və Avropaya bir neçə oyunçumuzu göndərə bilək. Bu templə davam edə bilsək, inanıram ki, yaxın gələcəkdə dediklərimin hamısını reallaşdıracağıq.

- Belə perspektivli futbolçularınız gözə dəyirmi və artıq indidən onlara xüsusi yanaşırsızmı?
- Əlbəttə. Hər yaş qrupumuzda bir neçə futbolçu var ki, onlarla xüsusi iş aparırıq. Hesab edirik ki, “Qəbələ”nin əsas heyətində və ya Avropanın ortabab klublarında oynaya bilərlər. Yəqin yaxın gələcəkdə onlar da üzə çıxacaqlar. Necə ki indi var, o yetirmələrin davamı gəlir.

- U-19 komandanız UEFA Gənclər Liqasında yarışacaq. Əvvəl bu yaşda oyunçular əsasən əvəzedici komandanızda oynayırdı. Məqsəd daha rəqabətli yarışda çıxış etmələri idi. İndi isə “Qəbələ”nin əvəzedici komandası yoxdu. U-19 Liqasında oynamaları o futbolçuların inkişafı baxımından əvvəlki effekti almağınıza mane olmur?
- Biz həmin vaxt Klublar Komitəsində məsələ qaldırmışdıq ki, əvəzedicilərin çempionatı ləğv edilsə və U-19 Liqası qalsa, orda isə limit tətbiq edilsə və əsass komandada heyətə düşməyən, deyək ki, 3 gənc oyunçu çıxış etsə, orda yaxşı rəqabət yaranar, keyfiyyət qalxar. Niyəsə bu təklif qəbul olunmadı. Ancaq bilirəm ki, digər klublar bu fikri dəstəkləmişdi, federasiyadan da müsbət yanaşanlar var idi. Əvəzedicilərin çempionatı ləğv olunanda məcburiyyət qalmadı ki, mütləq oynayaq. Belə qərara gəldik ki, həmin uşaqları bir komandada toplamaq və tam ona konsentrasiya olmaq daha yaxşı olar. I Divizionda da oynaya bilərdik. O halda ki, Gənclər Liqası olmasaydı. Ancaq U-19 Liqasında oynamağa məcburuq, çünki bu, lisensiyalaşdırmanın şərtidi. Bu turnir ləğv olunsa, biz elə bu komanda ilə I Diviziona qoşula ilərik. İndi isə baxırıq ki, iki komanda üçün təminən 40-45 futbolçu saxlamalıyıq. Ancaq onların arasından neçəsi əsas komandaya namizəd ola biləcək? Cüzi hissəsi. Buna görə də təxminən eyni yaşda bu qədər futbolçunun saxlamağın elə də mənası yoxdu. Təbii ki, uşaqlar daha rəqabətli yarışda oynasalar, inkişafına yaxşı təkan olardı. Bir məqam da var ki, mövsümün əvvəlində və ya fasilələr zamanı I Divizion klublarının bir neçəsi ilə yoldaşlıq oyunları keçiririk və əksər hallarda U-19 ya qalib gəlir, ya da matç heç-heçə bitir. I Divizionda da ciddi rəqabət mühiti yoxdu. Təxminən bizim komanda ilə eyni səviyyədədi əksəriyyəti.

- Qarşıdan U-19-un UEFA Gənclər Liqasında APOEL-lə oyunları gəlir. Nə düşünürsüz?
- Hazırlaşırıq. Mərhələ keçmək istəyirik. Şanslar 100 faizdi. Biz özümüzə inanmalıyıq.

- Uğurlar!
- Təşəkkürlər!


 
tarix: 25-09-2019 17:12


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az