(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sabahın ulduzları”ndan biri - Bəhlul

“Sabahın ulduzları”ndan biri - Bəhlul

Zaman-zaman üzə çıxan, özünü yaxşı tərəfdən göstərən gənc futbolçular gündəmdə olur. Milli, yaş qrupları üzrə yığmalar, klublardakı uğurları diqqət mərkəzinə düşür. Futbolçular "milliləşdirilmiş" olmadıqda, bu daha sevindirici olur, çünki kökünə kimi qanımızdırlar...

Azərbaycanda istedadlar yetərincədi. Bu gün də, sabah da olacaq... Əsas onların üzə çıxarılması, yetişdirilməsi, böyük futbola gətirilməsidir. Hər bir uğurun təməl daşı elə möhkəm təməlin qoyulmasındadır...

Şablon ifadələrlə hər kəs futbolun gələcəyinin uşaq futbolundan asılı olduğunu bilir, bu barədə danışılır. Hələ 150.000(!)- dən çox futbolçunun da qeydiyyatdan keçirildiyi, "futbol ailəsi" təbliğ edilir...

"Qərəzli" futbol ictimaiyyəti, azarkeşlər bir tərəfə, yığmalarda çalışmış, bu gün də çalışan məşqçilər, federasiya kabinetlərində gecə-gündüz məşvərətlər aparanlar da imdad edirlər-"futbolçu yoxdur". 100 milyonlar qarşılığında "hazırlanan", kağız üzərində olan "futbolçular" hara yox olub...?

Yəqin Hollandiya səfirliyi qarşısında etiraz piketinin bir məqsədi də 150.000 futbolçunun qeybə çəkilərək "çerez Berlin" "zambaqlar ölkəsində" peyda olmalarıdır. "Ayaks" Azərbaycanda istedad qoymayıb qalsın. Hamısını aparıblar...

II

15 il öncə ölkə futbolunda köklü dəyişiklər baş verdi. Sponsorlar futbola axışdı. "2005-2015 futbola dair Dövlət Proqramı" qəbul edildi. Bakıda, bölgələrdə müasir stadionlar, bazalar inşa edilməyə başladı. Neçə-neçə iddialı klub yarandı, AFFA-ya külli miqdarda vəsait ayrıldı...

Çox ciddi islahatlara başlanılmışdı. Yevlax, Lənkəran, İmişli, Zaqatala, Qəbələdə möhtəşəm infrastruktur yaradılırdı. Paytaxt da öz yerində, Bayıldan Mərdəkan, Şüvəlana, Biləcəridən 8-ci km, Zırəyə kimi stadionlar, bazalar ərsəyə gəlirdi...

Belə şərait Azərbaycan futbolunda heç vaxt olmamışdı. Azarkeşlərin də inamı artmışdı. Çempionat oyunlarında tribunalara nəinki bölgələrdə, Bakıda 10,15, 20 min insan axışırdı.

Yaxın gələcəkdə futbolun keyfiyyət dirçəlişi gözlənilirdi...

III

Qayğı, imkanlar yaradılmışdı, qalırdı inkişafa aparacaq əməli işlərin görülməsi. O vaxt uşaq futbolunda durum bərbad vəziyyətdə idi. Bunları bilirdik. Təhlillər apardıq, yenidən araşdırmalar etdik, klublar, cəmiyyətlərlə, uşaq məşqçiləri ilə görüşlərdən sonra yeni bir layihə hazırladıq...

"Sabahın Ulduzları" uşaq futbolunda tam kompleks yanaşmanın ilk addımları idi. Təşkilati işlərdən tutmuş media dəstəyinə kimi incələmələr olmuşdu. Bu işdə ilk olaraq ən böyük dəstəyi "İnter", "Neftçi", "Bakı" klubları, o vaxtkı "Neftçi" İSM, "Vətən" cəmiyyəti və yeni, heç bir sponsorları olmayan, köməyimizlə yaradılmış uşaq komandalarının məşqçiləri göstərdilər. Sonradan "Qarabağ", "Olimpik" (AZAL) və digərləri də yarışa qoşuldular...

Uşaq futbolu çox çətin sahədir. Futbolu dərindən bilmədən uğurun qazanılması mümkünsüzdür. Uşaq futbolunda nəticə önəmli deyil, əsas gələcəyə, inkişafa yönələn addımların doğru olmasıdır. Yarışlar balacalar üçün bir bayram əhval-ruhiyyəsinə çevrilməlidir...

Bununla yanaşı pedaqoji, psixoloji yanaşma, uşaqlara futbol, oyun, yarış qaydalarının öyrədilməsi, intizamın yaradılması və s. amillərdir. "Sabahın ulduzları" marşı sədaları altında hər matça milli, klub, "Fair-Pley" bayraqları ilə çıxması, hər oyundan öncə milli himnin səsləndirilməsi uşaqlarda vətən sevgisini, klub anlayışını, qalib, mübarizlik ruhunu, gələcəyə inamlarını formalaşdırırdı...

Bütün bunlar təbii baş verirdi. Diqtə edilmədən, uşaqlara qayğı, nəvaziş göstərilərək edilirdi. Oyun protokollarındakı yeniliklər, heyətlərin elan olunması, müxtəlif nominasiyalar, hər oyunun ən yaxşıları, "Turun ulduzu" mükafatlarının adlı-sanlı veteranlarımız, klub rəhbərləri, məşqçiləri tərəfindən təqdim edilməsi, "Sabahın ulduzları"nın mediada işıqlandırılması uşaqların inkişafına müsbət təsir edirdi...

"İdman" tv-də yarışların xüsusi həftəlik proqramı işıq üzü görürdü. Mərkəzləşdirilmiş qaydada keçirilən oyunlara maraq çox böyük idi. Elə olurdu ki, tamaşaçıların sayı bəzi ölkə çempionatı qarşılaşmalarından daha çox olurdu. Dəvətlərimizlə hər şənbə, bazar futbol adamları, jurnalistlər qonağımız olurdu və hər biri sevə-sevə uşaqları izləməyə, həvəsləndirməyə gəlirdilər...

Mükafatlandırma mərasimləri mədəniyyət ocaqlarımızda xüsusi proqramla təşkil edilirdi. Bunlar sıradan yanaşma deyildi, futbolla mədəniyyətin sintezi yaradılırdı. Uşaqların hafizəsində tariximizlə birgə futbol da bir mədəniyyətdir təfəkkürü formalaşdırılırdı...

İlk belə tədbirlərin aparıcılığını bu gün artıq Aztv-yə rəhbərlik edən Rövşən Məmmədovla birgə etmişik. Sonradan estafeti "Xəzər"tv-dən Ceyhun Rzayev qəbul edib. Balaca futbolçular səhnədə mərhum Ələkbər Məmmədovdan tutmuş digər məşhurlarımızla bir sırada dayanırdılar...

Ölkə çempionatında amansız mübarizə getməsinə baxmayaraq klub prezidentləri, cəmiyyət rəhbərləri, baş məşqçilər, futbolçular balaca davamçılarının oyunlarını izləyirdilər. Bu, uşaq məşqçilərini həvəsləndirir, məsuliyyətlərini daha da artırırdı...

IV

Uşaqlar özləri də hiss etmədən böyüyürdülər. Balaca futbolçular böyüyə-böyüyə "Sabahın Ulduzları" da böyüyürdü. 2006-da turnir UEFA-nın diplomu ilə təltif edildi. Artıq yarış Bakı hüdudlarından çıxmışdı. Sumqayıt, Şirvan şəhərləri turnirdə təmsil olunurdular. Ən böyük addımlardan birini isə "MKT-Araz" atmışdı....

İmişlilər iki yaş qrupunda hər həftə uzaq yol qət edərək yarışlarda iştirak etmək üçün Bakıya səfər edirdilər. Uşaqların hər dəfə meydana çıxması bayrama çevrilirdi. Tək futbolçular yetişmirdi, o vaxtkı AFFA Hakimlər Komitəsi ilə sıx əlaqələr nəticəsində gənc hakimlər ilk addımlarını bu yarışda atırdılar...

Dəvətimizlə FİFA referiləri də meydana çıxırdılar, sözümüzü yerə salmazdılar. Yarışın mahiyyətini onlar da dərk edirdilər. Meydanda uşaqlara göstərdikləri qayğını görməyə dəyərdi.
Gələcəyin istedadlı FİFA referisi Əliyar Ağayev də ilk mükafatını "Sabahın ulduzları"nda almışdı...

V

Futbola ümumi olaraq kompleks yanaşılmasa, inkişaf mümkünsüzdür. Uşaq futbolundan peşəkarlığa kimi yol zəncirvari bir-birinə bağlıdır. Bu zəncirin biri qırılsa, istənilən nəticə ola bilməz. Futbol, klub idarəçiliyində böyük problemlər yaşansa da, çətinliklə də olsa addımlar atılırdı...

Çətinliklərin ən böyük səbəbi futbola futbolu bilməyənlərin axını idi. Dövlət qayğısı, milyonların qarşılığında idarəçilik xaosu, pərakəndəlik, şəxsi maraqlar üstünlük təşkil edirdi. Buna baxmayaraq müsbət addımlar atılırdı...

O dövrlərdə ən böyük işlərdən biri "Bakı" futbol akademiyasının yaradılması oldu. Dəvət edilmiş türk mütəxəssislərlə yerlilərin vəhdəti sayəsində uşaq futbolunda möhtəşəm işlər görülürdü. "Neftçi", "İnter" klublarının da uşaq futboluna diqqəti təqdirəlayiq idi. "Qəbələ" də artıq bu sahədə inkişafı ilə bağlı layihəyə start vermişdi...

"Neftçi", "Xəzər Lənkəran, "İnter"ın timsalında "Birlik kuboku" qazanılır, çempionatın səviyyəsi artır, iddialar çoxalırdı. Azarkeşlər daha ciddi nəticələr istəyirdi. Qarşıda" Neftçi", "Qarabağ", "Qəbələ"nin möhtəşəm qrup uğurları gəlirdi...

Bütün bunlar uşaqlarda futbola sevgini, həvəsi artırırdı. Ölkə futbolunda ən uğurlu layihələrdən biri də əvəzedicilərin yarışının təşkili oldu.
Futbolda ardıcıllıq, keçid mərhələləri, keyfiyyətin təmin olunması mütləqdir...

"Sabahın ulduzları" bu baxımdan bir baxış, seçim, seleksiya rolunu da oynayırdı. İstedadların uşaq yaşlarından üzə çıxması, onların klublar tərəfindən diqqətdə saxlanılması, akademiyalarına, heyətlərinə cəlb edilməsi prosesi sürətlənmişdi...

Vl

Futbol ictimaiyyətində bir çox istedadların sırf müxtəlif klublara aid olduğu, ilk gündən o klublarda addım atdıqları fikiri formalaşıb. Bu, onların günahı deyil, heç klublar da burada təqsirkar deyilər. Belə də olmalıdır, futbolda konveyer sistemi çalışmalıdır...

Şəraiti olan klublar seleksiya sayəsində istedadları görür və daha da təkmilləşdirilməsi üçün kluba, akademiyalara cəlb edirlər. Onların tapılması, ilk addımlarının atılması isə birbaşa ilk məşqçilərinin əməyidir...

Səviyyəli iş ortaya qoyulmasa, istedadlı uşaqların da üzə çıxarılması mümkün olmaz, proses dayanar. Bunlara məsul futbol sisteminin tənzimləyici orqanı, baş qərargahı federasiyadır. Futbolun sabahı, gələcəyi qoyulan layihələrin keyfiyyətindən asılıdır. Klublar da bu sistemin tərkib hissəsidirlər...

İstiqamətverici, təkanverici qüvvə AFFA-dır. Ümumi futbolun inkişafı qəbul edilən qərarlardan, ortaya qoyulan layihələrdən asılıdır. Klublar, futbolda olan qurumlar da bu sistemə tabedir. Qərarlara uyğun addım atmağa məcburdular...

Ayrı-ayrılıqda klublar öz çərçivəsində addım ata, müəyyən uğurlar qazana bilərlər. Sistem axsaması baş verirsə, gec-tez klublara sirayət edir, inkişafın qarşısını alır. Uğurlu layihələrə dəstək verilmədikdə, sistemin daxilində parçalanma, qopma, geriləmə, qarşıdurma baş verir...

VII

Yuxarıda qeyd olunan müsbət işlər görülərkən AFFA eyni vaxtda yeni "layihələr" hazırlayırdı. İlk olaraq "Top çiləmə" festivallarından başlanıldı.
Futbolu bilmədən həvəskar düşüncə ilə atılan addımlar idi...

Məqsədimiz "Sabahın ulduzları" layihəsinin tədricən bütün ölkəyə yayılması idi. Çünki, yüzlərlə bacarıqlı, istedadlı uşaqlarımız bölgələrdə idi. 5 yaş qrupunda yarışları əhatə etmək planı hazır idi. "Top çiləmə" fonunda "Sabahın ulduzları" layihəsinin populyarlığı, effektliyi, keyfiyyət səviyyəsi futbol məmurlarında qısqanclıq yaratdı...

AFFA-nın imkanları çox genişdir. İstər səlahiyyət, istərsə maliyyə mənbələri ölkədə futbol bumu yaratmağa imkan verirdi. Uğurlu layihəyə dəstək vermək əvəzinə federasiya yeni uşaq yarışlarına start verdi. Paralel olaraq "Sabahın ulduzları" layihəsi "vurulmağa" başlandı....

Federasiya bu illər ərzində uşaq futboluna 10 milyonlarla vəsait xərcləyib... Azərbaycanda uşaq-gənclər futbolundakı bərbad durumu hər kəs bilir. Marketoloqların uşaq futbolundakı futbol cinayətləri ölkə futbolunun genefondunu məhv edib. "Təbliğat maşını" isə günahları klubların üzərinə yönləndirir. Belədisə, federasiya uşaq futboluna illərdi ağılasığmaz pulları niyə xərcləsin ki...?!

VIII

Bu gün Bəhlul Mustafazadədən ağız dolusu danışılır. Bu uşaq "MKT-Araz"-"Sabahın ulduzları"-"Qəbələ" işbirliyinin, təbii futbol konveyerinin məhsuludur... Hazırda üzdə olan istedadların mütləq əksəriyyətinin çoxu "Sabahın ulduzları"- klublar-cəmiyyətlər- məşqçilərin ortaya qoyduqları ümumi işin bəhrəsidir...

Emil Balayev, Mahir Əmrəli, Coşqun Diniyev, Fəhmin Muradbəyli, Namiq Ələsgərov, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Elşən Abdullayev və onlarla digərləri...

Azərbaycan futbolunda qəribə tendensiyə, təfəkkür formalaşdırılıb. Hər futbolla məşğul olan uşaq böyük futbol oynamalıdır. Dünyanın heç bir yerində belə anlayış yoxdur. Böyük futbolu bacarıqlılar, istedadlar oynayır. Onlar isə xüsusi sistem halında bütün ölkədə axtarılır, tapılır, cilovlanır, futbol elmi öyrədilir, böyüdülür, nəticələr qazanılır...

Sistemin daxilində iş axarı bir-birini tamamlamalıdır. Qırılma anı nə aşağıda, uşaq futbolunda, nə də yuxarıda, peşəkar futbolda baş verməməlidir. Azərbaycan futbolunda bunların heç biri davamlı olaraq həyata keçirilmir. ..

Məqsədli şəxsi ambisiyalarla uşaq futbolundan tutmuş klublara kimi ümumi futbol dağıdılır, ələ alınır, monopoliya halına salınır. Ən əcaibi isə, bütün uğurlu layihələrin qarşısı məqsədli olaraq alınır. Federasiya ideoloqlarına aid olmayan bütün layihələrə "düşmən" gözü ilə baxılır...

IX

"Bakı" akademiyası artıq yoxdur, AFFA istəsəydi dəstək verərdi, "Sabahın ulduzları" can verir, "Qəbələ" klubunun Qəbələdə keçirtdiyi möhtəşəm beynəlxalq uşaq turnirləri tarixin yaddaşına köçüb, əvəzedicilərin yarışı Divizion "bataqlığına" sürüklənib...

Heç birinə əməli maddi-mənəvi qayğı göstərilmədi, düzgün yol tutulmadı. Qayğılar axtyamovlara, eddilərə, canlara, Berlin layihələrinə göstərildi... Bilmək olmaz, bəlkə hesabatlarda bəhlulların Berlində, "Mançester Yunayted" məktəblərində yetişdiyi bildirilir. "Piket"çilərdən nə desəniz gözləmək olar....

Necə ki, "Sabahın ulduzları" sözünü dilə gətirmək belə qadağandır. Bu illər ərzində mənasız layihələrə 100 milyonlar fonunda "Sabahın ulduzları"na AFFA-dan bir qəpik də vəsait ayrılmayıb, dəstək verilməyib... Əks halda neçə-neçə bəhlullar üzə çıxardı...

Nəticədə federasiya ideoloqlarının "yetişdirdikləri", müqəddəs pasportumuzun verilməsinə şərait yaratdıqları "istedadlar" erməni klubunda oynamaq sevdasına düşənlər oldu. Bu gün isə başbilənlər heç bir məsuliyyət, cavabdehlik daşımadan "turist" səfərlərində bəhlulların oyunu ilə öyünürlər...

X

Vaxtilə bəhlullar "MKT-Araz"la "Sabahın ulduzları" yarışlarına gəlirdi, "Qəbələ" akademiyasında püxtələşirdilər. İndi uşaq futbolunda yerli komanda(!) yetərsay olmadığına görə meydana çıxmır. Keyfiyyət bir yana, heç kəmiyyət düzəlmir...

Futbol cavabdehlərinin 10-15 ildə gördükləri iş 100-dən çox milliləşdirilmiş, bunun sayəsində heç bir uğur qazanmayan, nəsli-kökü bilinməyən futbolçulardı. Dağıdılan klublar, xarabalığa çevrilən ümumi Azərbaycan futboludu...

Klubların da səhvləri yetərincə olub, var. Bu "münbit" şəraiti də yaradan federasiyanın özüdür. Əməllərdən də əl çəkilmir, "Neftçi", digər klublar aźlıq edir, indi də başlar çox qarışıqdı, "Qəbələ"yə "uğurlu" rəsmilər axtarşındadırlar...

Imişlidə isə Heydər Əliyev adını daşıyan müasir stadion dağılır. Artıq bəhlullar üzə çıxmır...
Əsas, yeni-yeni eddilərin "tapılmasıdır". Bölgələrdə istedadlarımız üzə çıxmadan gözləri yaşlı qalsa da olar...

Son illər AFFA-da görüşlərimizdə, müzakirələrimizdə uğurlu "Sabahın ulduzları" layihəsinin dirçəlməsi, bütün ölkə futboluna tətbiq edilməsi ilə bağlı təkliflərim olub. Şəraitin yaradılacağı halda bütün məsuliyyəti öz üzərimizə götürəcəyimiz vurğulanıb...

Xll

Bu günə kimi "düşünülür". Vacib olan Bəhlul Mustafazadənin formalaşmasında müstəsna əməyi olan "Qəbələ"yə icraçı direktor və ya buna bənzər "əlaltı kadrın" tapılmasıdır. "MKT-Araz" isə çoxdan unudulub artıq...

TAHİR SÜLEYMANOV


 
tarix: 18-10-2019 09:00


 
Xəbər lenti
18.11.2019

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az