(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Premyer Liqada fərqlənən “üçlük”: izləyicilərlə xal fərqi artır

Premyer Liqada fərqlənən “üçlük”: izləyicilərlə xal fərqi artır

“Səbail” Premyer Liqada intriqanı geri qaytara bilərdi. Amma matçın 86-cı dəqiqəsində Qara Qarayevin vurduğu gözlənilməz zərbəylə “dənizçilər”in müqaviməti qırıldı. “Qarabağ”ın yarımmüdafiəçisi topu elə yerə göndərdi ki, qapıçının qonaqları xilas etməsi mümkünsüz idi.
 
9-cu turun nəticələri heç nəyi dəyişmədi. Nətizələr elə alındı ki, ilk “üçlük”dəki komandalar turnir cədvəlinin daha aşağısındakı rəqibləri yenib, vəziyyətini yaxşılaşdırdı. Daha 2 komanda öz aralarında heç-heçə etdiyindən liderlər qrupu ilə qalanları arasında xal fərqi açıldı.
 
“Qarabağ” bütün 90 dəqiqəni üstün olduğu matçda qola sevinmək üçün çox çalışdı. Bir sıra futbolçulara istirahət verən Qurban Qurbanov yalnız legioner “üçlüy”ünü döyüşə atdıqdan sonra təzyiqi artırıb, istəyinə çatdı. Amma qolu əvvəldən meydanda olan yerli oyunçu vurdu. Yenicə meydana çıxan Maykl Essyenin bağlamalı olduğu mövqedə Yevgeni Koçuk Qaraya mane olmağı bacarmadı və ağdamlılar 8-ci qələbəyə sevindi.
 
Əslində, bu oyunda heç kim “Səbail”dən qələbə gözləmirdi. İndiyədək ağdamlılara cəmi bir qol vurmuş (daha bir oyunda texniki qələbə - müəl.) rəqib ən yaxşı halda 0:0-a ümid edə bilərdi. Aftandil Hacıyev taktikanı buna uyğun qurmuşdu, əks-hücumlarla bir neçə epizod yaradılmasına da nail oldu. Lakin “Qarabağ” usta oyunçuları hesabına lazım olan nəticəni təmin etməyi bacardı.
 
Maraqlıdı ki, son 5 oyuna cəmi 1 xal toplayan “Səbail”, buna rəğmən, hələ də ilk “dördlük”dədi. Daha aşağıdakı komandaların qeyri-sabit oyunu üzündən zirzəmiyə yuvarlanmayan “dənizçilər” növbəti turda “Keşlə”ni də yenə bilməsə, vəziyyət pisləşəcək. Bu iki komandanı hazırda 5 xal ayırır.
 
“Neftçi” Sumqayıtda qələbə seriyasını davam etdirib, çempionluq yarışından əlini üzmədiyini göstərdi. Roberto Bordinin yetirmələri artıq öz oyununu tapıb. Növbəti turda “Qarabağ”la oyun bakılıların durumuna qiymət vermək üçün daha yaxşı fürsət olacaq. Amma hazırda hər şey əla görünür. Komandanın məhsuldar hücum xətti çox güclüdü. Komandanın normal heyəti var, sadəcə, komandanın relsə düşməsi üçün zamana ehtiyac duyulurdu. Mövsümün startındakı təzyiqlər, istefa şüarları futbolçuların daha da birləşməsinə, yumruq olmasına yardım etdi.
 
Sumqayıtdakı oyunda hakimin təyin etdiyi ilk 2 penalti də müzakirəyə açıqdı. Meydan sahiblərinin hesabı açdığı penaltinin təyin olunduğu epizodda sanki qayda pozuntusu yox idi. Var idisə də, bundan öncə oyundankənar vəziyyət qeydə alınmalıydı. Elə meydan sahibləri də çox rahat cəzalandı. Stiven Monroza qarşı kobudluq cərimə meydançası kənarında başlamışdı və penalti təyin etməmək olardı. Görünür, Əliyar Ağayev səhvini səhvlə sığortaladı.
 
Amma matçın nəticəsini hakim yox, açıq oyunda bakılıların sürətinə çatdırmayan sumqayıtlılar özləri müəyyən etdi. Ardıcıl fərdi səhvlərdən sonra qollar sıralandı. “Neftçi” qələbəyə rəğmən, buraxdığı 2 topa görə narahat olmalıdı. Çünki “Qarabağ” bakılılarla bu qədər rahat hücum etməyə iman verməyəcək, yarımmüdafiənin mərkəzini ələ keçirib, müdafiəni tez-tez narahat edəcək. Və növbəti turdakı bu oyun çempionatdakı intriqanın yenidən azalmasına səbəb ola bilər. “Neftçi” taleyini özü müəyyən etməli, rəng gətirdiyi yarışda solo ifaya imkan verməmək üçün döyüşməlidi.
 
“Keşlə” yenə bir hissə oynadı. Tərlan Əhmədovun yetirmələri ilk dəqiqə yarılanarkən mövsümün ən erkən qolunu vurub, oyuna 1:0 öndə başladı. Yəqin belə startı komanda özü də gözləmirdi. Fasiləyə kimi daha bir topun vurulması isə matçın taleyini müəyyənləşdirdi. Hesab böyüməsəydi, fasilədən sonra çox şey baş verə bilərdi. Çünki “Qəbələ” fasilədə ayıldı və ikinci hissədə mənzərə dəyişdi. Heyət yetərsizliyi üzündən oyundan qopan “Keşlə” yalnız 3 xalı qorumaq üçün döyüşməklə məşğul oldu.
 
İlk dövrədə Qəbələdə qazandığı 4:0 hesablı qələbəylə Sənan Qurbanovu istefaya göndərən “Keşlə” onu əvəz edən Elmar Baxşıyevin də əhvalını korladı. Bu məşqçi son matçadək səfər oyunlarında uduzmurdu.
 
Mövsümün iki məyusluq gətirən komandasının duelində xallar bölündü. Heyətini kifayət qədər gücləndirən “Sabah”la “Zirə” heç cür oyununu tapa bilmir və indiyədək məşqçi dəyişikliyinə gediblər. Amma bu da problemin həllinə səbəb olmayıb. Xüsusilə “Sabah”ın vəziyyəti arzuolunmazdı. Müvəqqəti baş məşqçi İqor Ponomaryovun bu yükü qaldırmadığı aşkar görünür. 10 il məşqçilik etməyən birinə bu qədər zaman verilməsi də yanlışdı. Rəhbərlik onun bərbad məşq prosesindən xəbərdar olmalıdı və indiyədək yeni məşqçini təyin etməliydilər. Belə yubanma acı nəticələrini mütləq verəcək.
 
Son matçda qələbəni elə Ponomaryovun əldən verdiyini yazmalıyıq. “Zirə”nin hesabı açmasından sonra meydan sahibləri hələ fasiləyəcən oyunu dəyişdi. Məşqçi işinə görə yox, bəzi futbolçuların fərdi bacarığıyla rəqib cəzalandırıldı. Lakin ikinci hissədə Zaur Haşımov təcrübəli həmkarına dərs keçdi. “Zirə”də ikinci matçına çıxan bu məşqi oyun sistemini dəyişdi, bərabərlik qoluna nail oldu. Hətta qonaqlar bir az diqqətli oynasa, qələbə qolunu da vura bilərdi. Uzun fasilədən sonra Azərbaycana qayıdıb, debüt oyununu keçirən Riçard Qadze faktiki təkbaşına “Sabah”ın müdafiəsini darmadağın etdi.
 
Bərabərlik komandaların yerində qalması üçün kifayət etdi. Halbuki qələbə hər iki kollektivə daha vacib idi. Hazırda liderlərlə xal fərqi artır və avrokuboka vəsiqəni hədəfləyən bu kollektivlərin işi asan olmayacaq.
 
FƏRİD

 
tarix: 29-10-2019 09:00


 
Xəbər lenti
21.11.2019
20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az