Oyunla bağlı hər şeyi Aftandil Hacıyev deyib. “Səbail”in baş məşqçisi dünən Qəbələdə darmadağın olmalarını rəqibin daha istəkli olmasıyla əlaqələndirib.
Təbii ki, daha doğru oynayan, qələbə üçün daha çox çalışan, onu daha artıq istəyən “Qəbələ” 3 xala layiq idi. Və onu da ayağı açılan, son 3 tura 4 qol David Volkovun liderliyi ilə qazandılar. Digər futbolçular da motivasiyalı idi, məşqçi tapşırıqlarını düzgün yerinə yetirib, 3:0-a sevindilər.
Bu, “Qəbələ”nin cari mövsümdə ilk ev qələbəsi idi. Komanda son pillədən qurtulmasa da, vəziyyətini düzəltmək üçün önəmli addım atdı. Elmar Baxşıyev nəticələrdə sabitliyə nail ola bilmir, lakin yetirmələrindən maksimumu almaq üçün hər şey edir. Alınanda, rəqib də imkan verəndə, səhvləri ilə şərait yaradanda “qırmızı qaralar” xaldan imtina etmir.
Dünənki nəticə “Qəbələ”nin yaxşı oyunuyla yanaşı, birbaşa qonaqların səhvlərinin, ruhsuzluğunun nəticəsi idi. Belə motivasiyasızlığın səbəbi klub daxilində araşdırılmalıdı. 7 oyunluq qələbəsiz seriya mütləq araşdırılmalıdı. Hacıyev də mətbuat konfransında buna işarə vurub, lakin səbəbləri klub daxilində saxlamağı lazım bilib.
Əslində, milliləşdirilmiş əcnəbiləri olan “Sumqayıt”ı nəzərə almasaq, “Səbail” legioneri ən az olan komandadı. Maykl Essyen kimi kitabı bağlanmışı nəzərə almasaq, yalnız Yevgeni Koçuk meydanda olur, qalanları isə zədə üzündən kənardadı. Yayda heyətin bilərəkdən zəiflədilməsindən sonra bu aqibət gözlənilirdi.
Aftandildən yerliləri oynatmaq istənilir, o da bu tələbə əməl edir. Rəhbərlik məşqçinin qarşısına avrokuboka vəsiqə qazanmaq tələbi də qoymayıb. Və komanda hələ də yuxarı pillələrdədisə, deməli, faciəvi nəsə baş verməyib. Bu səbəbdən Hacıyevin istefasını gözləmək mənasızdı – ondan istəniləni təmin edir. Və belə uğursuz seriya da büdcə, oyunçu, şərait fərqinə görədi, komanda daha aşağı pillələrə layiqdi.
“Səbail” belə aciz duruma düşübsə, buna görə strategiyanı səhv seçən klub rəhbərliyi qınanmalıdı. Avrokuboka vəsiqə qazandıqdan sonra iddiasından qəfil imtina edən “dənizçilər” bu aqibəti özləri seçib. İdarəçisi Ramin Həsənov olan klubdan başqa nə gözləyəsən?
İcraçı direktorun adını təsadüfən yazmadıq. Futbolda südəmər sayılan birisi niyə elita klubunda rəhbər olsun ki? Dünən Bayraq Gününü qeyd edən ölkəmizdə bayrama biganə qalan yeganə klub məhz “Səbail” oldu. “Qəbələ”, “Keşlə”, “Neftçi” müxtəif plakatlarla, tədbirlə günün önəmini göstərdi, “dənizçilər” isə özlərini sanki bu ölkənin klubu deyilmiş kimi apardılar. 4 klub arasında autsayder olan “Səbail”in meydandakı nəticələri hətta gözləntlərin üstündədi. Yəqin ki, Hacıyev də məğlubiyyətin açıqlamadığı səbəblərindən söz salarkən elə bu amilləri nəzərdə tuturmuş.