İvanoviçin final hədəfi: “Ən yaxşıya qalib gəlməlisən”
İvanoviçin final hədəfi: “Ən yaxşıya qalib gəlməlisən”
“Sabah”ın müdafiəçisi Filip İvanoviçin futbolinfo.az-a müsahibəsi
- “Qarabağ”la matçda yenə qalib gələ bilmədiniz…
- “Qarabağ”la istənilən oyun çətindir. Çünki onların yüksək keyfiyyətlərə malik futbolçuları və məşqçisi var. Bu komandaya qarşı daim yaxşı motivasiya oluruq. Çünki yaxşı olmaq istəyirsənsə, ən yaxşıya qalib gəlməlisən. Sadəcə, kiçik detallar qələbədə rol oynadı. Konsentrasiyanı kiçik bir zaman kəsiyində itirsən belə, bu, məğlubiyyətlə nətilənəcək. Belə komandalarla matçda 90 dəqiqə konsentrasiyanı əldən verməməlisən.
- Komandanızın qeyri-sabit çıxışını nə ilə əlaqələndirirsiz?
- Bizim futbolçular artıq yeni situasiyaya öyrəşməlidirlər. Bu, bizim üzərimizə düşən işdir.
- Yəqin ki, tez-tez baş məşqçi dəyişiklikləri sizə müəyyən qədər çətinlik yaradır?
- Dediyim kimi, biz hər situasiyaya öyrəşməliyik. Klub rəhbərlərinin qərarını müzakirə etmək bizə aid olan məsələ deyil. Biz öz işimizi düşünüb oyunlara hazırlaşmalıyıq.
- Xorvatiyalı məşqçi Jelko Sopiçi necə dəyərləndirirsiz? Artıq bir neçə məşqdə iştirak etmisiz...
- Şəxsən mən onu bəyənirəm. Baxmayaraq ki, çox az zamandır burdadır, lakin onun öz sistemi olduğu hiss olunur. Fikrimcə, bütün futbolçular bu məşqçidən razıdır. Biz geridə qalan turlarda qeyri-sabit oynamışıq. Amma ümid edirəm ki, yeni məşqçi bu vəziyyəti dəyişəcək. Komanda sabit, eyni tempdə oynayacaq.
- Klubda ən çox oyun keçirən əcnəbi futbolçulardansız. Bu il daha iddialı olacağınızı ötən mövsümdən düşünürdüz. Lakin istədiyin olmadı.
- Düzdü, mən burda ən çox oynayan əcnəbilərdən biriyəm. Burda oynadığım müddətə görə klub rəhbərliyinə təşəkkür edirəm. Çünki bizim rahatlığımız üçün hər cür şərait yaradıblar. Mən hər zaman da burda əlimdən gələnin ən yaxşısını edəcəm.
- Qarşıda kubok matçı var. “Ağsu” ilə matçda rahat qələbə qazanacağınız gözlənilir...
- Hər rəqibə ciddi yanaşırıq. Kubok da bizim üçün vacib turnirdir. Burda finala qədər getmək istəyirik. Ona görə daha diqqətli olmalıyıq.