Sabah Naxçıvanda mövsümün indiyəqədərki ən vacib qarşılaşması baş tutacaq. Əslində, çempionat başlamamış kecirilməli olan görüş nəhayət, reallaşır.
 
Uzun fasilədən sonra təqvimə salınan Super Kubok oyunu mətbuatın təzyiqi nəticəsində yenidən dünyaya gəlir. Bütün dünya ölkələrində olan praktikanın bizdə də tətbiqi məhz jurnalistlərin israrı nəticəsində gerçəyə çevrilir. Peşəkar Futbol Liqası əslində özü üçün baş ağrısından başqa bir şey olmayan bu oyunun yaxşı təşkili üçün əlindən gələni edir.
 
Belə oyunlarda favorit olmur. “Neftçi” ötən mövsüm həm çempion, həm ölkə kubokunun qalibi, hazırda çempionatın lideri olsa da, çətin günlərini keçirən “Xəzər Lənkəran”dan bir addım öndə görünmür. “Böyuk oyun”un iştirakçılarının duelində hər şeyi yenə xırda detallar həll edə bilər. Kimin güclü, kimin daha motivasiyalı və sonda kimin qalib olacağından asılı olmayaraq, matçın çəkişməli keçəcəyi, izləyənlərə zövq verəcəyi aydındı.
 
Superkubok matçı niyə Naxçıvanda keçirilir?
 
Təşkilatçıların verdiyi ilk cavab məntiqlidi. Elə sadə azarkeşlər və jurnalistlər də səmimiyyətə şübhə etmir. Blokada şəraitində olan Naxçıvanda futbolun inkişafı üçün məhz bu səviyyəli oyun stimul olmalıdı. Eyni zamanda neytral meydan amili də unudulmamalıdı. Bakı və Lənkəran klubları üçün paytaxtdakı hansısa arenadan və Sumqayıtdan birini seçməkdənsə, Gəncədə, İmişlidə və ya Şəmkirdə oynamaq daha yaxşıdı. Naxçıvan isə hamısından idealdı. Futbolun inkişafı üçün stimul perspektivini, eləcə də siyasi amilləri nəzərə alsaq, PFL ən düzgün qərarı qəbul edib.
 
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunun belə mötəbər matç üçün seçilməsinin digər səbəbi təhlükəsizlik məsələləri ilə bağlıdı. Ölkə kubokunun finalında “Neftçi”, bu mövsumun ilk dövrəsindəki Premyer Liqa matçında “Xəzər Lənkəran”ın günahı ucbatından baş verənlər vəziyyəti idarəolunmaz hala gətirib. Hətta iş o yerə çatıb ki, bundan sonra “Böyük oyun”da qonaq azarkeşlərin iştirakına qadağa qoyulub. Təbii ki, Naxçıvanda belə özbaşnalıq olmayacaq. Elə bu səbəbdən də neytral meydanlar içərisindən hər iki tərəfin çoxlu azarkeş apara bilməyəcəyi Naxçıvanın seçilməsi başadüşüləndi. İndi buyurun, tam neytrallığın olacağı bir yerdə əsl gücünüzü göstərin.
 
Bu oyun PFL üçün də bir sınaqdı. Bakıdakı vacib qarşılaşmaları yüksək səviyyədə yola verən qurum hamının ən azı bu gün gözünü dikəcəyi Naxçıvanda da bacarığını göstərməlidi. Axı, bu, həm də bir reklam kampaniyasıdı. Ölkəmizin daha bir dilbər guşəsinin tanıdılması, ən azı bu 2 klubda çıxış edən əcnəbilərinin Naxçıvanın blokada saxlanılması faktını beyinlərinə əxz etmələri üçün. Azərbaycandan ayrı qalmış Azərbaycan torpağının reklamı bəlkə də Super Kubok oyununun Naxçıvanda keçirilməsi üçün ən əsas səbəbdi.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp