Ölkə futbolu
Sadıq Sadıqov da hazırlaşır (FOTOLAR)
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi&…

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" sabah ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulur. Bakılılar Sloveniya təmsilçisi "Koper"lə oyunun hazırlığını dünən də davam etdirirdi.
Dünən axşam saatlarında oyunun baş tutacağı "Bakcell Arena"da yetirmələrinə məşq keçən Böyükağa Hacıyev futbolçulara son tapşırıqlarını verdi. Azsaylı azarkeşlərin də izlədiyi məşqdə bir sıra maraqlı məqamlar oldu. Bunlardan biri də klub prezidenti Sadıq Sadıqovun "Neftçi"nin məşqində sağlamlığına diqqət yetirməsi idi. Belə ki, Sadıqov özünəməxsus idman geyimində stadionu asta yerişlə bir neçə dövrə vurduqdan sonra bir sıra isinmə hərəkətləri etdi. İlk baxışdan onun meydana daxil olub futbolçularla oynayacağını zənn etsək də, o, kənarda əyləşib, komandasının məşqini izləməyi üstün tutdu.
Futbolinfo.az saytının əməkdaşının diqqətini çəkən məqamlardan biri də Sadıq müəllim meydançada dövrə vuranda klubun vitse-prezidenti Tahir Süleymanova "çıxıb hər şeyi danışacam" deməsi oldu. Görünür, kimlərsə Sadıq bəyi yaman əsəbləşdirib. Süleymanovsa bu dəfə od olan yerdə su olmağa üstünlük verərək, klub prezidentini sakitləşdirməyə çalışdı və buna da nail oldu.
Matça təşkilati məsələlərdə hazırlıq – öncədən xəbər verdiyimiz kimi – ürəkaçan səviyyədə deyil. Ümumiyyətlə, bu sahədə çalışanların işə elə də ciddi önəm vermədiyi açıq-aşkar hiss olunur. Stadionun kənarında oyunla bağlı hər hansı bir lövhəyə, afişaya rast gəlmək mümkün deyildi. Stadionun kassalarına yaxınlaşanda isə məlum oldu ki, qarşılaşmanın biletləri dünən günorta saatlarında satışa çıxarılıb. Bu matça 2 gün qalmış bilet satışına öz mənfi təsirini göstərmişdi. Dünən axşam stadionun kassalarınndan aldığımız məlumata görə 700-ə yaxın bilet satılıb. Halbuki “Neftçi” rəsmi saytı vasitəsilə mindən çox bilet satıldığını açıqlamışdı.
EMİN SƏFƏROV