2013/14 mövsümünün sonunda “Xəzər Lənkəran”dan ayrılan rumıniyalı yarımmüdafiəçi Adrian Pitin futbolinfo.az saytına müsahibəsi
 
– Hazırda nə işlə məşğulsuz? Hər hansı klubdan transfer təklifi almısız?
– Xeyr, hələ ki, heç bir təklif almamışam. Hazırda öz ölkəmdə, Rumıniyadayam və gələcək yeni təklifləri gözləyirəm.
 
– Son mövsüm başa çatdıqdan sonra “Xəzər Lənkəran”la yolları ayırdız. Rəhbərlik sizi niyə klubda saxlamadı?
– Bu barədə çox da danışmaq istəmirəm. “Xəzər Lənkəran”la müqaviləm başa çatdı və klubdan ayrıldım.
 
– “Xəzər Lənkəran” türkiyəli tanınmış mütəxəsiss Mustafa Dənizlini istefaya göndərdi və onun köməkçisi Oğuz Çətini komandaya baş məşqçi təyin etdi. Sizcə, Çətin Dənizlidən fərqli, nəsə edə biləcək?
– Hələ ki, yeni mövsümə start verilməyib, ona görə də bu barədə danışmaq tezdi. Amma baş məşqçinin hər hansı klubdakı taleyi onun nəticələrindən asılıdı. Yalnız bu amil onun uğurlu və ya uğursuz olduğunu müəyyənləşdirir. Oğuzu tanıyıram. O yaxşı çalışır.  
 
– Uzun müddət idi ki, “Xəzər Lənkəran”ın şərəfini qoruyurduz. Azərbaycan Premyer Liqasında çıxış etmək futbolçu karyeranızla bağlı sizə nə verdi, yaxud sizdən nə aldı?
– İlk iki ildə “Xəzər Lənkəran”da çox xoşbəxt idim. Sonra nəsə baş verdi və uğurlu nəticələr qazana bilmədik. Mən orada işlədiyim hər bir məşqçidən nəsə öyrənməyə çalışdım və uğur qazanmaq üçün əlimdən gələni etdim. Sizin vasitənizlə “Xəzər Lənkəran” azarkeşlərinə mənə və komandaya verdikləri dəstək üçün ürəkdən "sağ ol" deyirəm. Həqiqətən də, “Xəzər Lənkəran”dakı 3 il 6 aylıq karyeram ərzində onlar mənə çox dəstək oldular. Onlar olmasaydı, “Xəzər Lənkəran”da uzun müddət qala bilməzdim.

– Azərbaycan klublarından təklif alsaz, yenidən Premyer Liqada çıxış etmək istərdiz?

– Bəli. Əlbəttə ki. Hazırda bu təklifin gəlməsini gözləyirəm. Əgər gəlsə, ölkənizə gələrəm.
 
– “Qəbələ” həmyerliniz Dorinel Muntyanunu komandaya baş məşqçi təyin etdi. O, Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki ilk oyunda “Şiroki Brieq”ə məğlub (0:2) oldu. Ümumiyyətlə, həmyerlininizin ilk rəsmi matçı sizə necə təsir bağışladı?
– Həmin oyunu canlı izləyə bilmədim, amma videoicmalına baxdım. Birinci qol çox asanlıqla vuruldu. Məncə, qapıçı Kamran Ağayev o topun qapıdan keçməməsi üçün çox şey etməli idi. Əlbəttə ki, bu, futboldu və burada hər şey ola bilər. Hesab etmirəm ki, “Qəbələ”nin şansı tamamilə tükənib. Məncə, onların yenə də şansı qalıb.
 
– Azərbaycanda “Xəzər Lənkəran”dan başqa hansı kluba simpatiyanız var? “Qarabağ”, “Neftçi”, “İnter”, yoxsa “Qəbələ” sizə daha çox yaxındı? Onların hansında oynamaq istəyərdiz?
– Adlarını sadaladığınız 4 komanda Azərbaycanın ən yaxşılarındandı. Onların hamısı da qələbə üçün oyuna çıxır və yaxşı şəraitləri var. Onu da qeyd edim ki, yaşamaq üçün Bakıda normal şərait var. Biz Lənkəranda ancaq səyahətlə məşğul idik. 3 gün o tərəfə, 4 gün bu tərəfə… Bu həmçinin bizim ailəmiz üçün də çətinlik yaradırdı. Bu səbəbdən də, mən Bakı klubunda oynamağı çox istəyərdim. Görək necə olacaq. Bəlkə qismətimdə Bakıda oynamaq da var.
ELMAR VƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp