İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul olunan qərarlara diqqət yetirəndə bəzi məqamların gözdən qaçdığının şahidi oluruq. Misal üçün, Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” qarılaşmasında ev sahibinin azarkeşlərinin ilk hissədə protexniki vasitələrdən istifadə etməsi diqqətdən yayınıb. AFFA nümayəndəsinin diqqətsizliyi 52-ci maddəyə əsasən paytaxt klubunu 1000 manat cərimədən xilas edib.
Maraq üçün bildirək ki, belə məsələlərin diqqətdən yayınması ilk dəfə deyil. Buna qədər də bir neçə dəfə AFFA nümayəndələrinin özlərinə rahat, isti yer axtarmaq arzusu qaydaların pozulmasının gözdən yayınması ilə nəticələnib.
Məsələ ilə bağlı “Neftçi” – “Qəbələ” matçına təyin olunmuş AFFA nümayəndəsi Elbrus Abbasovun da fikirini öyrəndik. Maraqlıdı ki, Elbrus bəy həmin matçda istifadə olunan protexniki vasitəyə yeni ad da verdi – “çırt-çırt”: “Neftçi” fanatları “çırt-çırt”ı yandırsalar da, meydançaya atmadılar. Mən onu gördüm, böyük fakel deyildi. Bunu da protokolda qeyd etmirik. Meydançaya atılsaydı, o zaman yazardıq. O balaca uşaqların yandırdığı “çırt-çırt”lardandı. 20-30 saniyə ərzində sönüb gedir. Siz dediyiniz fakeldən deyildi axı. Azarkeş özü ilə həmin “çırt-çırt”dan 5 dənəsini də gətirib, uşağını da yanında otuzdurub yandıra bilər. Buna heç kim heç nə demir. Buna da cərimə tədbiq olunmur. Siz dediyiniz kimi fakel olsaydı, hə, qeyd edərdim və bu barədə məlumat verərdim”.
Elbrus bəy açıqlamasında “Neftçi” fanatlarının istifadə etdiyi protexniki vasitəni “çırt-çırt” adlandırsa da, bu, təbii ki, düzgün yanaşma deyil. Fanatların fakellərdən istifadə etdiyi sizə təqdim etdiyimiz fotolarda da açıq-aşkar görünür. İkincisi də, onların meydana atılıb-atılmaması şərt deyil. Qaydada “protexniki vasitələrdən istifadə” qeydi var.
Maraqlıdı ki, AFFA nümayəndələri bir oyun üçün 300 manat alırlar. Yəni, gəl 90 dəqiqə əlin cibində oyuna bax, get, 300 manat sənindi. Görünür, AFFA nümayəndələri də bu rahatlığın fərqindədi. Onlar ilk növbədə 300 manatın qarşılığını vermək əvəzinə, həmin pulu necə xərcləyəcəyini düşünür. Belə çempionatda AFFA nümayəndəsi olmağa nə var ki?
EMİN SƏFƏROV