Heyf ki, belə klubu itiririk. Bu klubda çalışanların zəhmətinə, əməyinə heyf. Ən azı son aksiyanı hazırlayanların fantaziyasına görə “Simurq” üçün heyfslənməyə dəyər.
“Simurq” – “İnter” matçının startı zamanı zaqatalalı futbolçuların qazona çöməlməsi gözəl aksiya idi. Heç kimi incitmədən, heç kimi təhqir etmədən, çox mədəni şəkildə üsyan etdilər. Vəziyyətin bu həddə çatmasına, pulsuzluğa… Həm də “qardaş” önündə diz çökdülər. Məhz bu amilin bir az simvolik mənası var idi. Belə ki, həmişə “böyük qardaş” önündə diz şökdürülən, sifarişlə uduzdurulan Zaqatala klubu indi özü kimi ac qalan komanda qarşısında dizdə idi.
Bu, böyük yalanın, təsdiqi mümkün olmayan gizlənilən həqiqətin ifşasıdı. Neçə illərdi hamı “Simurq”la “İnter”in eyni cibdən maliyyələşdiyini bağırır, amma klub rəsmiləri, elə AFFA rəhbərliyi də cinlə şeytanın ayrı olduğunu deyirdi. Nəhayət, gün gəldi, hər şey təkzibolunmaz faktla üzə çıxdı. Beynəlxal Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev “vurulan” kimi 2 klubu 1 kəfənə bükməyə hazırlaşırıq.
“Simurq”la “İnter”in eyni barmaqla idarə edilməsinə aid digər fakt bu klubların oyunçularının son 3 ayın maaşını almayacaqlarıyla bağlı xəbərdarlığı eyni vaxtda almaları oldu. Dünən “Simurq” futbolçularına bəyan edilib ki, daha pul üzü görməyəcəklər. Bakılılar da ötən iki ayda olduğu kimi, mayın maaşına həsrət qalacaqlar və onların pul üzü görüb-görməyəcəkləri mövsüm bitəndə dəqiqləşəcək. Demək olar, eyni olan xəbərin iki kluba fərqli şərtlərlə çatdırılmasının isə səbəbi məhz böyük – kiçik söhbətidi. Həmişə “Simurq” – “İnter” oyunlarından əvvəl rəhbərlik kimin oyunu o birisinə hədiyyə etməsini müzakirə edərdi, bu dəfə isə mövzu başqa olub. İndi dəqiqləşib ki, “böyük qardaş”ın azaldılmış büdcə ilə yaşaması mümkündü, zaqatalalılar isə başının çarəsinə baxsın. 
 
Hətta hər şeyin ortada olduğu bir vaxtda da Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu klubların fərqli himayədarlarının olduğunu iddia edir. Və həm də bildirir ki, heç bir klub dağılmayacaq. Təki elə olsun, Musayev Zaqatala klubuna sponsor tapacaqlarını söyləyirsə, deməli, bildiyi nə isə var.
Kaş doğru olaydı, kaş “Simurq” bu çempionatdan uçub getməyəydi. Ən azı Zaqatalada ürəyi bu komandayla döyünən azarkeşlərin naminə…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp