Topaz Premyer Liqasının 3-cü turunda “Neftçi”nin də səsi çıxdı. Futbolinfo.az xəbər verir ki, “Sumqayıt” üzərində 2:1 hesablı qələbə qazanan “ağ-qaralar” çempionatda ilk qələbələrini qazanmaqla yanaşı, nəhayət ki, qol hesablarını açdılar. 
Ötən mövsümü titulsuz başa vuran komandanın bu il PR sahəsinə xüsusi diqqət yetirməsi, qələbədən sonra bundan maksimum faydalanmaq üçün əla şans idi. Ancaq görünür komandanın kapitanı Araz Abdullayev üçün PR məsələsi olduqca uzaq söhbətdi. “Mix zona”da jurnalistlərin gözlədiyini görən kapitan klubun əməkdaşı Rüstəm Fətəliyevə “çantamı avtobusa qoyub, gəlirəm” desə də, sonradan verdiyi vədə əməl etmədi.
Günü-gündən azarkeşlərini itirən klubun kapitanı mətbuat önünə çıxmaqla, müəyyən mənada fanatlara barışıq əli uzatmış olardı. Biz – jurnalistlərə yox ha, FANATLARA! Ancaq Abdullayev onun açıqlamasına ehtiyac duyan “Neftçi” azarkeşlərinə arxa çevirdi. Biz – jurnalistlərə yox ha, komandasının AZARKEŞLƏRİNƏ!
Klub rəhbərliyinə kiçicik bir məsləhətimiz var: vaxtınız olanda, komandanın kapitanına meydandan kənarda hansı addımlarla seçilməli olduğu barədə yüngülvari də olsa, məlumat verin. Biz – jurnalistlər üçün yox ha, “Neftçi” üçün! Necə ki, komandanın qapıçısı Aqil Məmmədov, buraxılan qolda səhvi olsa da, media mənsubları qarşısında bunu etiraf etdi və ardınca komandasının gələcəkdə uğurlu qrafik cızacağına ümid etdiyini dilə gətirdi. Bizim üçün danışmırdı ha bunu! Formasını geyindiyi klubun azarkeşlərini nəzərə alaraq, 2 saat tər tökdükdən sonra 10 dəqiqəsini də onlar üçün sərf etdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp