Bu gün Topaz Premyer Liqasında 3-cü turun növbəti qarşılaşmaları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" evdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.
Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran qonaq komandanın baş məşqçisi Şahin Diniyev məğlubiyyəti belə şərh edib: 
“İlk növbədə gəncəli azarkeşlərə təşəkkür edirəm. Fanatlar bu gün komandamızın arxasında durdular, məğlubiyyətə baxmayaraq, futbolçulara dəstək oldular. Düşünürəm ki, bu gün nə biz, nə də “Qəbələ” məğlubiyyətə layiq idi. Sadəcə, 1 dəfə səhv etdik və rəqib qol vurdu. Düşünürəm ki, “Qəbələ” Avropa Liqasının qrupunda oynamağa layiq komandadı. Mən də öz komandama görə utanmıram. “Kəpəz” hazırda pis çıxış etmir. Xallar və qələbələr gələcək. Sadəcə, zamana ehtiyac var. Zamanı isə tələsdirmək vacib məsələdi. Komandamız hazırda düzgün oynayır və qığılcımlar, işıq ucu görünür. Yaxşı nəticələr uzaqda deyil". 
Təcrübəli mütəxəssis komandasının hazırkı durumundan da danışıb: "Bildiyiniz kimi, komanda yeni formalaşıb. Heyətdə yer alan futbolçulardan 4 nəfər bizə gec qoşulub. Bunların hər biri hücumda çıxış edir. Dario, Juninyo, Soltanov və Sitnik buna görə fiziki cəhətdən əziyyət çəkir. Milli komandanın oyunları ilə əlaqədar olaraq, yaranacaq fasilədən istifadə edib, bu çatışmazlıqları aradan qaldırmalıyıq. Əlbəttə, mən çox istərdim ki, yeni oyunçular alaq. Amma büdcəmiz hələ ki, buna imkan vermir. Kiçik büdcə ilə böyük klub yaratmaq çətindir. Transfer məsələsində tələsmək olmaz. Transfer xətrinə transfer etmək istəmirik.  Mən hesab edirəm ki, 5, 6 turdan sonra hər komanda öz yerini tutacaq. Hazırda isə etiraf edim ki, 3 oyuna 2 xal qazanmaq acınacaqlıdı”. 
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp