“Hakimlərin belə vəziyyətdə etdiyi səhvlərə dözə bilmirəm. Mənim heç bir şəxslə prinsipim yoxdu. Sadəcə, ədalət tərəfdarıyam. Bundan sonra susmayacağam”.
Odlu-alovlu çıxışdı, deyilmi? Bu sözləri Tərlan Əhmədov deyib – AZAL-ın baş məşqçisi. O AZAL-ın ki, turnur cədvəlinin son pillsinə dəmir atıb, üzü I diviziona doğru gedir.
***
Əhmədov Cahangir Əsgərovun ruhuna salavat oxusaydı, AZAL rəhbərliyinin diqqət və qayğısından danışsaydı, yenə onu başa düşmək olardı. Amma bu adam hakimlikdən narazılığını çatdırmaq üçün bu ifadələri işlədib.
AZAL – “Qarabağ” oyununu stadiondan canlı izləyən şəxs kimi əminəm ki, Tərlan bəyin dedikləri cəfəngiyyatdı. Oyunun hakimlər briqadası ideal oyun idarə etməsə də, bakılıların məğlub olmasında zərrə qədər də günahkar deyillər. Ona görə də yersiz bəraət cəhdi üçün düzəldilən şounun yeri yox idi.
***
Əhmədov “Qarabağ”ın qapısına penalti təyin edilməməsinə görə özünə əl qatmışdı. Halbuki, matçın sonlarına təsadüf edən həmin epizodda Elvin Yuniszadənin topa əllə müdaxiləsindən söhbət belə gedə bilməzdi. Vaxtilə özü də müdafiəçi olan Tərlan bəy də fikrimizi təsdiqləyər ki, Elvin həmin epizodda ən doğru olanı etdi – əllərini arxasında gizlədərək, bədənə bitişik halda topa çıxdı və “mərmi” hətta onun əlinə dəysə də, buna görə penalti təyin edilməz.
Tərlan bəy yalandan qarışıqlıq salıb, özünü tribunaya göndərtməklə bəlkə də, kimlərinsə mərhəmətinə ümid edir. Axı, bu hərəkət AZAL rəhbərliyinə guya hakim tərəfindən haqqlarının yeyilməsi mesajını göndərməyə hesablanmışdı. Guya ki, AZAL-ın tarixinin ən pis mövsümünü keçirməsində, 3 oyuna xal qazanmamaq bir yana, ümumiyyətlə, qol vurmamasında hakimlər günahkardı.
***
Futbolçu kimi necə peşəkar olmasından xəbərdarsız, amma Tərlan bəy bu şounu da eyni ustalıqla təşkil etmişdi. Matçın canlı göstərilməsi üzündən ictimaiyyətin fikrini qarışdırmaq bir yana, Əhmədov həm də AFFA rəhbərliyinə mesaj göndərirdi. Oyunu birgə izləyən mehriban düşmənlər – baş katib Elxan Məmmədovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin gözü önündə edilən bu hərəkətin mənası var idi.
***
Əhmədovu o vaxt “Neftçi”yə, indi də AZAL-a kim göndərib? Ramin Musayev!
AZAL-ın candərdi yaşaması üçün maliyyəni kim verir? Elxan Məmmədov!
Bu gün verilən çörək dünən verilən çörəkdən daha dadlıdı. İndi qırın bir-birinizi…
***
Oyunda yersiz şou yaradan, cansıxıcı matça rəng qatan Tərlan Əhmədova xatırladılası bir neçə məqam var.
• AZAL tamamilə ikinci heyətlə mübarizə aparan “Qarabağ”la oyunda rəzil günündə idi.
• İlk qolda AZAL-ın qolkiperi Namaşko uşaq səhvinə yol verdi. Mənim üçün maraqlıdı – bütün əcnəbilərdən imtina edildiyi bir zamanda bu qolkiper kimin işinə yarayır ki, hələ də komandadadı və döyüşkən gənclərin əməyini yerə vurur?
• Çoxdan təqaüd almalı olan Nuqzar Kvirtiya, Rail Məlikov, Tagim Novrizovun eyiblərini örtmək əvəzinə günahı hakimlərdə görməyin nə mənası var?
***
Ümumiyyətlə, AZAL-da bütün işlər baş-ayaqdı. Cahangir Əsgərovun imtina etdiyi uşağa bənzəyən komandada ciddi problemlər var. Heyət məsələsi öz yerində, jurnalistlərə münasibətdə də laqeydlik gördük. Oyunun protokolları jurnalistlər üçün ayrılan yerdə təqdim olunmalıydı, internet xidməti təmin olunmalıydı. Amma oyun boyu mətbuat xidmətindən dərdimizi demək üçün heç kimi tapa bilmədik. Deyəsən, bu sahəyə cavabdeh şəxslər “yüksək rütbəli”qonaq-qaranı qarşılamaqla məşqul olmuşdu, jurnalistlər kimin nəyinə lazımdı?
Təşkilatçılıqla bağlı digər problemlər də yetərincə idi. Torpaqlarımızın işğal günü ilə bir dəqiqəlik sükut arasında hansısa rabitə-əlaqə tapa bilmədim. Ola bilsin, şəhidlərin ruhu yad olundu. Ancaq burada da yanlışlıq var idi, şəhidlərin ruhuna AZAL rəhbərliyi elə yerindəcə hörmətsizlik etdi. Diktor bir dəqiqəlik sükut elan edəndə hələ hakimlər püşk atırdı, xeyli sonra onlar meydanın mərkəzində fit verib mərasimi başlayanda isə vımpelləri ehtiyat oyunçular skamyasına aparan kapitanlar hələ meydanda qaçırdı. Tam başıpozuqluq!..
***
Bakıda didərgin kimi yaşayan AZAL-ı dəstəkləyənlərin sayı 10 nəfərdən artıq olmazdı. Əvəzində “Qarabağ”ı 3 fan-klub dəstəkləyirdi – həm də çox möhtəşəm, bir stadion adamın bacaracağından da yaxşı. Halbuki, bu tablonu meydan sahibləri yaratmalıydı. Neçə illərdi boş-boşuna mövcud olan, azarkeş üçün, fanat üçün deyil, Zaur Axundovun, Fikrət Hüseynovun, şoumen məşqçilərin, layiq olduğundan artıq pul qazanan futbolçuların cibini doldurmaq üçün yaşayan meydan sahibləri…
***
Əhmədov gənclərin ümidinə qalmalarından şikayətlənməsin. “Qarabağ”da da gənclər meydanda idi. Amma baxır kimi seçirsən? AZAL qohumluq, tapşırıq prinsiplərinə əməl edirsə, ağdamlılarda əsl istedadlar toplaşıb. Mahir Mədətov bir az üzərində çalışsa, Reynaldoya əlcək atacaq, Vüqar Mustafayev Almeydanın, Qara Qarayevin yoxluğunu unutdurdu, Azər Salahlı isə Ansi Aqollinin boşaldacağı yeri çox rahat dolduracaq. “Qarabağ”da ikinci heyətdə yalnız müdafiənin mərkəzi problemlidi. Oyunboyu həyəcanını boğa bilməyən Elvin Yunuszadə və 40 yaşında fərqli mövqedə oynayan Namiq Yusifov belə AZAL futbolçuları üçün keçilməz divar idisə, Tərlan bəy bir də məşqçi skamyasına qayıtmasa, yaxşıdı.
***
Əhmədov susmamalıdı. Həqiqətən də danışması lazımdı. Amma yaxşı olar ki, hakimlərdən danışana kimi Cahangir Əsgərovun qayğısından, Zaur Axundovun diqqətindən, Fikrət Hüseynovun canıyananlığından bəhs etsin. “AZAL Arena”dan qaçaq düşmə səbəblərindən, qazonun indiyədək kimin günahı üzündən dəyişdirilməməsindən də danışsa, pis olmaz.
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp