“Neftçi” milli komandaların Avropa Çempionatının seçmə qrup mərhələsinin görüşləri ilə əlaqədar yaranan fasilə zamanı 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Bu barədə futbolinfo.az saytına məlumatı, komandanın baş məşqçisi Samir Əliyev verib.
Gənc çalışdırıcı yetirmələrinə 3 günlük dincəlmək şansı yaratdığını, avqustun 27-dən isə intensiv məşqlərə başlayacaqlarını dilə gətirib. Əliyev əsas milli və gənclər yığmasına 8 futbolçularının çağırıldığı üçün, əvəzedici komandadan 5 oyunçunu əsas heyətin məşqlərinə cəlb ediləcəyini də bildirib. Samir bəy 2-ci heyətin daim diqqət mərkəzlərində olduğunu və bütün çempionat oyunlarını izlədiklərini də vurğulayıb. 
O ki qaldı komandanın keçiərəcəyi yoxlama görüşlərinə, bu barədə Əliyev belə danışıb: “Qarşıalaşacağımız rəqiblərin kimliyinə yaxın 2 gündə aydınlıq gələcək. Ancaq həmin oyunların tarixlərini indidən söyləyə bilərəm. Avqustun 30-da və sentyabrın 6-da komandamızı yoxlama görüşlərində sınamaq niyyətindəyəm. Oyun tonusunu nəzərə alaraq, belə qərara gəlmişik ki, yoxlama matçlarını bazar günləri keçirək. Axı 4-cü turun qarşılaşması da məhz həftənin son gününə təsadüf edəcək”.
Qeyd edək ki, 4-cü turda “Neftçi” “Rəvan”la üz-üzə gələcək. Bu görüş sentyabrın 13-də keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp