“Xəzər Lənkəran” azarkeşləri yeni transferlərini yaşıl meydanlarda görməyi səbrsizliklə gözlədiyi bir vaxtda Vüqar Nadirovun komandadan ayrılması xəbəri “aydın səmada şimşək effekti” yaratdı. Əldə etdiyimiz məlumata görə, cənubluların futbolçuya müqaviləyə əsasən ödəməli olduqları məvacibi verə bilməməsi “Qarabağ”dan ayrılan forvardı özünə yeni komanda axtarmağa sövq edib.
Vüqarın “Neftçi”nin maraq dairəsində olduğunu da söyləyən mənbəmiz “ağ-qaralar”ın daha bir cənublu futbolçuya göz qoyduğunu bildirib. Söhbət vaxtilə elə “Neftçi”dən Lənkəran təmsilçisinə görə ayrılan Ruslan Abışovdan gedir.
Lakin Ruslanla bağlı məsələ hələ yeni-yeni gündəmə gəlirsə, Nadirovun transferinin yaxın vaxtlarda müsbət həllini tapacağı gözlənilir.
Məsələylə bağlı Vüqarın mövqeyini öyrənmək istədikdə futbolçu hər şeyin qaydasında olduğunu və “Xəzər Lənkəran”dan ayrılmaq niyyətinin olmadığını dilə gətirdi. Lakin yaxın 2-3 gündə – “transfer pəncərəsi” bağlanana kimi – o, “gözlənilmədən” cənubluların düşərgəsini tərk edərək başqa klubla anlaşsa, təəccüblənməyin.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp