“İnter”in maddi durumunun pis olması heç kimə sirr deyil. Klub prezidenti Georgi Nikolovun maliyyə dəstəyi üçün döymədiyi qapı qalmayıb. Ancaq köhnə borclarını belə verməkdə çətinlik çəkən paytaxt təmsilçisi yayda xeyli oyunçunu sıralarına qatdı. Nəyin və ya kimin hesabına?
Avrokuboklar öncəsi ölkə xarici nədi, heç “Qəbələ”yə qarşı yoxlama oyunu keçirmək üçün vəsait tapmayan və bölgə təmsilçisinin hesabına ora yollanan klubun çoxsaylı transferləri bir sıra şübhələrə yol açır.
Avroliqanın 1-ci təsnifat mərhələsində Albaniya “Laçi”si ilə qarşılaşmaların hər ikisi heç-heçə nəticələndi. Bukmeker dili ilə yanaşdıqda isə daha bir ad çıxır – “alt”. Yəni, hər iki görüşdə 2,5 qoldan az vuruldu. Özü də hər iki oyunda tərəflər sanki əvvəlcədən “sülh”ə razılaşmışdılar. Xüsuslilə, paytaxtımızda baş tutan görüşə hətta “epizodsuz oyun” da demək olar.
Bilbao “Atletik”i ilə 3-cü təsnifat mərhələsində də eyni – “alt” ssenarisi təkrarlandı. İspaniyada meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra Bakıda keçirilən cavab oyununda qapılara ümumiyyətlə, qol vurulmadı. Cavab görüşündəki heç-heçənin nə qədər adamı “yandırdığı” isə yalnız bu oyunu təşkil edənlərə bəllidi.
Ancaq bütün bunları kölgədə qoyan daha mühüm fakt var. Avropa Liqasının 2-ci təsnifat mərhələsində maraqlı mənzərənin şahidi olduq. İslandiyada “Hafnarfyordur”un qonağı olan paytaxt təmsilçisi ilk yarıya məğlub durumda yollandı – 0:1. Həmin an bukmeker kontorlarında “İnter”in qələbə əmsalı 25 idi. Taleyin gərdişinə bax, bütün xırdalıqları hesablayan totalizatorlar bu cür halın baş vermə ehtimalının 25 oyunda 1 dəfə baş verdiyini iddia etsələr də, məhz həmin görüşdə bu, baş verdi. Əslində bukmkerlər heç bu cür halın 4% ehtimal olmasını belə ehtimal etmir. Çünki ortada bukmekerin gəlir faizi də var ki, belədə, ehitmalın 2,5 faizə enməsi düşüncələrə vadar edir. Yəni, 45 oyunda bir dəfə rast gəlinən hadisə məhz “Hafnarfyordur” – “İnter” matçında baş verdi.
Bütün hallarda belə hadislər olur. Lakin cavab qarşılaşmasında eyni halın təkrarlanması adamı daha dərin düşüncələrə vadar edir. Axı, Bakıda baş tutan “İnter” – “Hafnarfyordur” oyununda da eyni ssenari təkrarlandı. İlk yarısı Zaur Svanadzenin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatan matçın əsas vaxtının İslandiya təmsilçisinin xeyrinə bitməsinə verilən əmsal yenə 25 olub. Və yenə də bukmekerlərin ehtimal etdiyi 4 faizlik şans gəldi. “İnter” əsas vaxtda 1:2 məğlub oldu.
İlk görüşdəki ssenari təkrarlandı. Təsadüfdümü? Əlbəttə, vaxtilə “Bakılı” – “Göyəzən” görüşünün ilk yarısının qonaqların 1:0 hesablı üstünlüyü ilə bitəcəyini, ancaq qarşılaşmanın paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşacağını oyundan əvvəl yazsaq da, AFFA buna məhəl qoymadı. İndi isə yalnız baş vermiş nəticələrə söykənir, yayılan şaiyələrə diqqət yetirilməsini istəyirik.
“İnter”in əsasən Gürcüstan futboluna meyl etməsi, bolqar funksioner tərəfindən idarə olunması. Şərqi Avropa ölklərinin klublarının totalizatorlarda hansı hoqqalardan çıxmaları barədə dastan yazmaq olar. Gürcülər də eyni səpkidə “ad çıxarıblar”. Tandem bir-birini qəşəngcənə tamamlayır. Nə oyun çıxardıqlarını özləri daha yaxşı bilirlər. Ancaq fakt faktlığında qalır: “İnter” – “Hafnarfyordur” qarşılaşmalarının hər ikisində fasiləyə meydan sahibləri 1:0 hesabı ilə üstün durumda yollanıblar. Həmin vaxt qonaq komandanın qələbəsinə əmsal 25 olub. Hər iki qarşılaşmanın 2-ci hissəsinin əvvəlində qonaq komanda 2 qola imza atıb və hər iki halda əsas vaxtda heç bir komanda bir daha fərqlənməyib.
Əlbəttə, bu, sübutu olmayan, lakin real faktlara söykənən yazıdı. Amma bütün sadaladığımız faktlardan sonra “İnter”in vəziyyətinə acımağa dəyərmi? Cari avrokubok mövsümündə “İnter”in nələrsə qazandığını demək çətindi. Bəs gürcülər və bolqarlar necə?
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp