“Neftçi” ardıcıl 2 qələbə qazandıqdan sonra “Böyük oyun”da büdrədi. Azlıqda qalan “Xəzər Lənkəran”la görüşdə meydan sahibləri penalti də qaçırdı, hesabda önə keçdikdən sonra qələbəni də qoruya bilmədi. Oyunla bağlı “ağ-qaralar”ın baş məşqçisi Samir Əliyevə veriləsi bir sıra suallarımız var idi. Gənc mütəxəssis futbolinfo.az saytına həm cənublulara qarşı oyundan, həm bir sıra yetirmələrindən danışdı.
– Ardıcıl 2 qələbədən sonra edilən heç-heçəni qənaətbəxş nəticə hesab etmək olarmı?
– “Xəzər Lənkəran”ı kiçiltmək olmaz. Rəqib 90 dəqiqə əzmlə vuruşdu. Biz qalib gəlməyə çalışırdıq. Ancaq bu, futboldu, bütün oyunlarda 3 xal qazanmaq mümkün deyil. Oyunun axarı tam fərqli məcrada davam edə bilərdi. Ancaq matçın debütündə penaltini qaçırdıq. Həmin epizodda hesab açılsaydı, tamamilə fərqli futbola şahidlik edəcəkdik. Ancaq bu oyunun gözəlliyi ondadı ki, hər dəqiqənin hökmü ayrıdı. Penaltidən istifadə etmədik və külək fərqli istiqamətdə əsdi. Doğrudu, rəqib azlıqda qaldıqdan sonra hesabı açmağa müyəssər olduq. Ancaq qapımıza vurulan kuryoz qol hər şeyi təzədən başlamağa vadar etdi. Rəqib isə bütün heyətlə müdafiəyə çəkildi. Bu cür hallarda yenidən qol vurmaq müşkül məsələdi. Bununla heç də “Xəzər Lənkəran”ın əziyyətini kiçiltmək istəmirəm. Onlar həqiqətən əzmlə mübarizə apardı və 1 xal qazandılar.
– Hesabı ədalətli hesab edirsiniz, yoxsa “Neftçi” 3 xal qazanmağa daha yaxın idi? 
– Biz ərazi üstünlüyünə malik idik. Qol epizodlarımız da oldu. Sadəcə, yararlana bilməmişiksə, indi bunları unutmalıyıq.
– Gənc hücumçunuz Fəhmin Muradbəyli “Rəvan”la oyunda dubl etdi, cənublulara qarşı görüşdə isə penalti qazanmaqla yanaşı, məhsuldar ötürməylə də yadda qaldı. Yaxın gələcəkdə onun komandanın liderinə çevriləcəyini düşünmürsünüz?
– Biz də bunu çox istəyirik. Tək Fəhmin yox,”Neftçi”nin hər bir yetirməsinin parlaması bizim üçün baş ucalığıdı. O, həqiqətən istedadlı futbolçudu. Driblinqi yerində, hər iki ayağı ilə oynamağı bacarır, oyunu üzərinə götürməkdən çəkinmir, baş zərbələri kifayət qədər təhlükəli alınır. Ancaq istedad hələ lider olmaq demək deyil. Daim üzərində çalışmalısan ki, sonra bəhrəsini görəsən. Fəhminə ümidlərim böyükdü. Elə buna görə də ona start heyətində yer verməyə başlamışam. Ancaq futbolçu da başa düşməlidi ki, dünənki oyun sabahını təmin etmir. “Neftçi”nin start heyətində oynamağa kim daha hazırdısa, o da meydana çıxır. Təbii ki, bu yaşda futbolçu sabit oyun göstərə bilməz. Eniş zolağı da olacaq. Təki həmin anlarda ruhdan düşməyib, əvvəlkindən də böyük əzmlə çalışsın.
– Avropanın bir sıra klublarında baş məşqçilər penalti qaçıran futbolçulara bir daha “nöqtə”yə yaxınlaşmağa icazə vermirlər…
– Penaltini istənilən oyunçu qaçıra bilər. Kriştiano Ronaldo kimi oyunçu bu fürsətdən yararlanmadığı vaxt olub. Hələ mən klubda çalışmadığım dövrdən Araz 11 metrlik cərimə zərbələrinin ştatlı ifaçısı idi. Komandamızda penalti vurmağı bacaran futbolçu kifayət qədərdi. Götürək elə yenicə transfer etdiyimiz Anyeteni. Təki penalti qazanaq, vuran tapılacaq.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp