Bu gün müsəlman dünyasında Qurban bayramı qeyd olunur. Bununla əlaqədar qurbanlar kəsilir, kimsəsizlərə, maddi imkanı zəif olanlara yardımlar edilir.
Futbolinfo.az saytı olaraq, bu barədə klublar arasında sorğu keçirdik. Maraqlıdı, görəsən bayramla əlaqədar klublarımızdan hər hansı bir tədbir keçirən varmı?
Onlarla söhbətimizdə məlum oldu ki, əksər klublarımızda heç bir xeyriyyə işi nəzərdə tutulmayıb. Bu mənada yalnız “Xəzər Lənkəran”ı fərqləndirmək olar. Belə ki, cənub təmsilçisinin futbolçuları, məşqçilər heyəti və klub nümayəndələri Lənkərandakı uşaq evlərindən birinə baş çəkəcək, kimsəsiz uşaqlara bayram hədiyyəsi paylayacaq.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov isə bayramla əlaqədar müəyyən tədbirlər keçirəcəklərini bildirsə də, bunların nədən ibarət olduğunu açıqlamaq istəmədi. Səbəb isə savab üçün görülən işin açıqlanmasını düzgün hesab etmədiklərini bildirdi.
“Kəpəz” rəhbərliyi dünən klubun bütün işçilərini təbrik edib. Gəncə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Azad Mustafayev bu dəfə hər hansı bir tədbirin nəzərdə tutulmadığını desə də, qarşıda bu barədə işlərin olacağını söylədi. Klub rəsmisi yeni il ərəfəsində kimsəsizlər evinə baş çəkəcəklərini, valideyin himayəsindən məhrum olmuş uşaqlara müxtəlif sovqatlar aparılmasının planlaşdırdıqlarını bildirdi.
“Qəbələ”in tədbirləri isə ləğv olunub. Səbəb əsas komandanın təqviminin dəyişməsi nəticəsində Bakıya daha tez gəlməsi və akademiyadakı uşaqların evlərinə buraxılmasıdı.
“Sumqayıt”ın meneceri Ceyhun Sultanov bu barədə hər hansı bir işin nəzərdə tutmadıqlarını, yalnız təbrik məktubları ilə kifayətlənəcəklərini bildirdi.
AZAL-ın mətbuat katibi Eldəniz Yusifov artıq 6 ildi ki, Şüvəlanda yerləşən əqli cəhətdən qüsurlu uşaqların qaldığı evə yardım etdiklərini bildirdi. Klub rəsmisi adıçəkilən məkanın hər dəfə yardıma ehtiyacı olanda kluba müraciət etdiyini bildirib. Bu dəfə isə hər hansı müraciət olmadığına görə heç bir tədbir nəzərdə tutulmayıb.
“Qarabağ”, “İnter”, “Rəvan” və “Zirə”də də bayramla əlaqədar xüsusi heç bir tədbir nəzərdə tutulmayıb.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp