Vaxtilə “Qarabağ”, “Bakı”, “Neftçi” kimi komandaların şərəfini qorumuş, milli komandada 7 oyuna çıxmış Fərid Quliyev karyerasının ən yaxşı günlərini yaşamır. Topaz Premyer Liqasında iştirakına dair son anda qərar verilən “Rəvan”da belə hücumçuya yer tapılmır. 
Quliyev futbolinfo.az saytına açıqlamasında əvəzedici komandaya göndərildiyini bildirdi. Səbəbini isə bu cür izah etdi: “Artıq əvəzedici komandada 2 məşqə çıxmışam. Baş məşqçi Emin Quliyev qərar verib ki, əsas heyətdən kənarlaşdırılım. Son söz sahibi odu. Məcburam əvəzedici heyətdə məşqlərimi davam etdirim, formamı qoruyub saxlayım. Baş məşqçi bu qərarını “Rəvan”ın uğursuz çıxışıyla əlaqələndirib. Daha dəqiq desəm, “Rəvan”ın pis nəticələr qazanmasının səbəbkarı kimi mən göstərilmişəm”.
Fərid baş məşqçinin bu fikri ilə razılaşmadığını gizlətmədi: “Komanda məğlub olursa, tək bir hücumçunu günahkar kimi göstərmək nə dərəcədə düzgündü? Demirəm ki, ümumiyyətlə, məndə günah yoxdu. Sadəcə, qalib gəldikdə, inzibatçıdan tutmuş futbolçularadək, necə hamı pay sahibi olursa, uğursuzluqda da eyni olur”.
29 yaşlı forvard Emin Quliyevlə arasındakı soyuqluğun yaranmasını 1-ci turda “Sumqayıt”la oyunda əvəzlənərkən etdiyi etirazdan sonra yarandığını istisna etmədi: “Yuxarıda qeyd etdiyim kimi, komanda məğlub olursa, hamının günahı var. Ola bilər ki, həmin hadisə baş məşqçinin bu cür qərar verməsini şərtləndirib. Ancaq istəyərdim ki, oyunçulara dəyər meydandakı futbola görə verilsin”.
Sonda Fərid qışda komandadan ayrılmaq barədə düşünüb-düşünməməsinə də aydınlıq gətirdi: “Bu barədə danışmaq çox tezdi. “Rəvan”la mövsümün sonunadək müqaviləm var. Heç bir futbolçu mövsümün gedişində komandadan ayrılmaq istəməz. Hazırda bu mövzuyla bağlı konkret fikir söyləyə bilmərəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp