“Ədin” : “nol” – Baloğlanın xeyrinə.
 
Məşhur tamaşadan yadımızda qalan bu fraza dünənki “İnter” – “Qarabağ” oyunundan sonra bir daha xatırladım. Həmin epizod yaşananda da hesab elə 1:0 idi. Ağdamlılar ikinci qolu vurmaq istəmədi, həmin zərbəni AFFA Hakimlər Komitəsinin qapısına yönəltdi.
 
 
Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi oynatdığı futbol, qurduğu komanda, əldə etdiyi nəticələrlə artıq özünü sübut etmiş biridi. İndi də o, növbəti dəfə alicənablığı, dürüstlüyü, kişiliyi ilə dərs keçdi. “İnter”lə görüşdə təyin edilən penalti zərbəsini dəqiq yerinə yetirməməyi tapşıran Qurbanov bununla həm də əla mesaj verdi. İrəli qaçaraq qeyd edim ki, Qurban bəy bunu hesabda öndə olmadıqları matçda da, çempionluğun taleyi həll olunan görüşdə də etməyi bacaracaq xarakterə malik birisidi.
 
 
“Penaltidə özüm şübhəli qaldım. Epizoda hakimdən daha yaxın idim. Oyundan sonra Reynaldodan da dəqiqləşdirdim. Etiraf etdi ki, penalti yox idi. Bizə bu cür qələbələr lazım deyil. Ancaq çox dərinə varmayaq. Bu cür hallar olur. Buna görə də qərara aldıq ki, penaltini vurmayaq”.
 
 
Bu açıqlamada qurşaqdan aşağı zərbə var: “Epizoda hakimdən daha yaxın idim”.
 
 
Qurbanovun meydanın kənarında olduğunu nəzərə alsaq, baş hakim Elvin Əsgərov görəsən, harada imiş? AFFA Hakimlər Komitəsinin sədri, hakimlər üçün 6 aydan bir xaricdə toplanış təşkil edən Xaqani Məmmədov gərək bundan sonra gedib özünü assın. Meydanda hakimlərin düzülüşünü nəzərə alsaq, Elvinin diaqonal hərəkət üzrə irəliləyib məhz penalti təyin etdiyi epizodun baş verdiyi həndəvərdə olmalıydı. Amma, amma, amma…
 
 
Bu, təkcə centlmenlik deyil, bu, həm də özünəgüvənin pik nöqtəsidi. Qurban bəy demək istəyir ki, hətta penaltidən imtina etməklə də rəqiblərimizi şil-küt edə bilərik. Qurbanov bu hərəkətlə həm də “Neftçi”ylə oyundan sonrakı söz-söhbətlərə son qoydu. Yəni, həmin oyudakı penalti bizim sifarişimiz deyildi, hakimlər səhv edirlərsə, bunun cavabını özləri versin.
 
“Qarabağ” bu mövsüm hamıdan çox penalti qazanıb. Bunda isə simpatiya, tərəfkeşlik axtarmaq lazım deyil, sadəcə, ağdamlı futbolçuların sürəti, fərdi bacarığı olduqca yüksəkdi və rəqiblər onlarla ayaqlaşa bilmir. Ayaqlaşa bilməyəndə isə “Qarabağ” yalnız cərimələr, qayda pozuntuları hesabına dayandırılır. İndi isə məlum oldu ki, hətta hakimlər də “Qarabağ”ın sürəti ilə ayaqlaşa bilmir. Belədə isə səhvlər qaçılmaz olur.
 
 
Epizodda hakimdən yaxın olan (!) Qurbanovun, penaltini qazanan Reynaldonun etiraflarını Peşəkar Futbol Liqasının rəsmi saytına qoyduğu görüntülər də təsdiqlədi. Georgi Lomaya həmin epizodda ilk öncə topa toxunmuşdu. Elvin Məmmədov penaltini göstərə-göstərə kənara vurmaqla hakimin bir səhvini düzəltdi, ancaq meydandan qovulanları geri qaytarmaq Qurbanovun səlahiyyəti daxilində deyildi.
 
 
I divizionda hakim səhvi üzündən “Bakılı”nın texniki məğlubiyyətə üzülməsindən sonra Hakimlər Komitəsinin rəhbərliyi tam tərkibdə istefa verməliydi. Bunu etmədilər, üzlərinə salıb kreslodan yapışdılar. 4 dövrədən birincisi başa çatmamış Əliyar Ağayev, Fariz Yusifov, İnqilab Məmmədov 5, daha neçə hakim də nisbətən az sayda oyunluq cəzalanıb. Xaqani Məmmədov isə hələ də postundadı, bəraət, bəhanə axtarır.
 
 
Həmin penalti qola çevrilsəydi, hamı AFFA-nı, PFL-i çarmıxa çəkəcək, “Qarabağ”a simpatiyadan danışacaqdı. Qurbanov bu jesti ilə onları qınaqdan qurtarıb əsl günahkarları nişan verdi. Bu gün “Qarabağ”, “Qəbələ” Avropa Liqasının qrupunda oynayır, ölkəni şərəflə təmsil edir. Vaxt var idi, Xaqani Məmmədov Azərbaycan hakimlərinin futbolumuzdan bir addım öndə olduğunu deyirdi, haqlı idi. İndi isə hakimlikdəki qüsurlar hətta ən zəif komandalarımızın oyununda belə gözə girir. Reynaldonun sürətiylə ayaqlaşmaq üçün isə daha ciddi iş lazımdı. Xaqani Məmmədov hər dəfə toplanışa gətirdiyi rusiyalı Spirini də qoltuğuna vurub təcrübə qazanmağa getsin.
 
 
Qurban Qurbanov yaxşı hüçumçu olub, hələ də milli komandanın bombardiridi. Ancaq məşqçi kimi də qol vurmağa davam edir. Sonuncu vurduğu qoldan sonra top Xaqani Məmmədovun torundadı. Görək AFFA rəhbərliyi hansı addımı atacaq?..
 
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp