Avropa Çempionatının seçmə qrup mərhələsi çərçivəsində İtaiyanı qəbul edəcək millimiz rəqibin 48 oyunluq seriyasını qıra bilər. Futbolinfo.az xəbər verir ki, seçmə mərhələlərdə “Skuadra Adzurra” sonuncu dəfə 2006-cı ildə məğlub olub.
Sentyabrın 6-da Avropa Çempionatı-2008-in seçmə qrup mərhələsində Fransaya səfərdə 1:3 hesabı ilə uduzan “Mavi Eskadra” 9 ildən artıqdı ki, məğlubiyyət acısı dadmır.
Nəzərə alsaq ki, cari seçmə mərhələdə Bakıdakından başqa İtaliyanın cəmi 1 oyunu qalır və evdə Norveçə məğlub olacağı real görünmür, Antonio Kontenin rəhbərlik etdiyi yığma tarixi zəfərə çox yaxın görünür. Belə ki, sabahkı və skandinaviyalılarla görüşlərdə məğlub olmayacağı təqdirdə, İtaliyanın seçmə tsikllərdəki məğlubiyyətsizlik seriyası 50 matça çatacaq. 
Eyni zamanda, 2016-cı il sentyabrın 6-dək İtaliyanı seçmə mərhələlərdə cəmi bir oyun gözləyir: 5 sentyabr tarixində millimizin sabahkı rəqibi DÇ-2018-in seçmə qrup mərhələsində İsrailin qonağı olacaq. Sözügedən 3 matçda məğlub olmayacağı təqdirdə, İtaliya seçmə mərhələlərdəki məğlubiyyətsiz seriyanı yubiley – 10 il həddinə çatdıracaq.
Göründüyü kimi, “Skuadra Adzurra” ikiqat yubiley rekordlarına çox yaxınlaşıb. Amma Azərbaycan sabah italyanların hər iki rekord arzusunu bir "güllə" ilə məhv edə bilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp