Futbolinfo.az saytının 2 yaşı münasibəti ilə "İnter"in prezidenti Georgi Nikolovun yazısı
Bu yazıya əcnəbinin yerli mütəxəssisləri öyrətmək cəhdi kimi baxmayın. Sadəcə, keyfiyyətsiz praktika – deşik küpə su tökmək kimi, pulu havaya sovurmaq mövzusuna toxunacam. Fikirlərimi bölüşərkən idman biznesində dünyanın ən yaxşı iqtisadi şərhçilərindən biri – britaniyalı Larri Qrifinin analizlərindən istifadə edəcəm.
Əgər idman iqtisadiyyatının quru rəqəmlərinə baş vurmağa hazırsınızsa, onda getdik!
1-ci sual: Futbolçuların transferinin qiyməti nə qədərdi?
* Transfer bazarında vahid qiymətlər heç vaxt olmayıb, olmayacaq da. Bir çox halda futbol klubları lazım olandan daha böyük məbləği ödədikləri vəziyyətlə üzləşirlər. Futbol və iqtisadi baza nə qədər çox inkişaf edibsə, klubun maliyyə xərclərində yanılması bir o qədər az olur.
* Məsələn, İngilətərə bazarında hücumçular müdafiəçilərdən xeyli baha qiymətlə ölçülürlər. Gənc futbolçuların dəyəri isə yaşı 30-u ötmüşlərdən cüzi fərqlənir.
* Alış zamanı ciddi meyarlardan biri konkret mövqeyə futbolçuya ehtiyac duyulmasıdı. Məsələn, sizə sol kənar müdafiəçisi lazımdırsa və onun xidmətində daha 5 klub maraqlıdırsa, əliniz cibinizdə olsun. Düşünürəm ki, bunu artıq hamı bilir.
* Müqayisə metodu da futbolçuların alqı-satqısında kömək edir. Misal üçün, “X” klubu Məmmədov adlı futbolçunu “Y” klubuna satmaq istəyirsə – o, həmin oyunçunun qiymətini “N” avro dəyərində səsləndirə bilər. Çünki “Y” eyni mövqedə çıxış edən futbolçusunu elə həmin “N” dəyərində “Z” komandasına satıb.
* Danışıqlar zamanı “yerli faktor”dan istifadə məsləhət görülmür. Söhbət uzun illər eyni komandanın formasını geyinmiş futbolçuıardan gedir. Adətən, bu cür hallara İngiltərə, İspaniya və İtaliyada rast gəlinir. Buna söykənərək, qiymət qoymaq – uğura aparan yol deyil.
* “Öz məhsulu”nun daha baha olması isə normal haldı. Ancaq bir çox hallarda reallıqdan uzaq qiymətlər o vəziyyətə gətirib çıxarır ki, öz yetirməni sata bilmirsən. Belədə futbolçunun parlamasının qarşısı alınır, onun karyerası məhv edilir.
* Oyunçu alqı-satqısının ən real meyarı futbolçunun müqaviləsinə anlaşmanın müddəti başa çatanadək klubunu dəyişəcəyi təqdirdə, kompensasiyanın ödənməsi maddəsinin salınmasıdı. Həmin məbləği ödəyən klub maneəsiz oyunçunu sıralarına qata bilər. Əminəm ki, Aəzrbaycanda bu maddədən bütün klublar yararlanmağa başlayacaq.
* Real marketinqə sahib olan aparıcı klublar istənilən futbolçusunun gedişinin bütün maddi zərərlərini hesablayır. Məsələn, Məmmədov soyadlı futbolçuya görə azarkeşlər tribunaları doldurur, klub atributlarını alır, aparıcı kompaniyalar reklam videoçarxları çəkir, televiziya oyunun yayımına görə yüksək məbləğdə ödəniş edir, sponsorların marağı artır – bu, marketinq potensialı adlanır. Burada futbolçunun satışından əldə edilən vəsaitdən də çox itirəcəyi məbləğ maraqlıdı.
Futbol dünyasını 2 seqmentə bölən Larri Qrifindən sitat gətirim: 
 
1. Yüksək qiymət səviyyəsi – bu, dar çərçivəli futbolçulardı ki, yüksək marketinq potensialına sahibdilər. Bu futbolçular adətən hücumameylli mövqedə qərarlaşır, peşəkar karyeraları 5 ildən az olmur və yaşları da 25 civarında olur.
2. Kütləvi sinif – əlavə vəsait xərcləməyə dəyməyən oyunçular. Çünki sakitçə eyni səviyyəli, müqaviləsi bitmiş futbolçulara sahib çıxa bilərsiniz.
Ancaq hamı bilir ki, əksər hallarda müqavilələr daha çox spekulyativ metodlarldan istifadə edilərək bağlanılır, nəinki real meyarlara söykənərək. 
2-ci sual: Futbolçuların maaşları necə formalaşmalıdı?
Hamı razılaşar ki, müasir futbol daha çox industriyadı, nəinki idman. Deməli, bu xətti emosiyalara qapılmayaraq, iqtisadi prinsiplərə söykənərək inkişaf etdirmək lazımdı. Əgər hansısa biznes-struktura rəhbərlik edirsinizsə, mütləq qaydada bacarıqlı işçiləri heyətinizə qatmaq, onlara adekvat məvacib kəsmək, uğurlu maliyyə nəticələri əldə etdikdə müəyyən bonuslar tətbiq etmək istəyəcəksiniz. Üstəlik, uğurlu maliyyə nəticələri əldə etdikdən sonra onlardan bu göstəricilərin permanent yüksəlişini də tələb edəcəksiniz. Eynisini aparıcı klublar həyata keçirir. Heç kim elə-belə milyonlarla avro/dolları küləyə sovurmur.
Məvacibin formalaşmasında ilk meyar – idman-texniki reytinqdi. Mütləq futbolçunun əvvəlki klublarındakı gəlirliliyini nəzərə almaq, sərgilədiyi futbolun səviyyəsi və iştirak etdiyi oyunların sayı, vurduğu (buraxdığı) qolların sayı, zədəyə meyllilik səviyyəsinin riskini hesablamaq lazımdı.
İkinci meyar – marketinq potensialıdı. İnkişaf etmiş ölkələrdə bu meyar dominantlıq edir. Əminəm ki, məsələn, Braziliyada minlərlə futbolçu var ki, Neymar səviyyəsində oynayır. Hətta ondan da sanballı! Ancaq Neymar futbol biznesinin satılan məhsuludu – “Nestle” şokoladı, “Mersedes” avtomobili, “Samsung” telefonu, “Simens” kompüteri kimi. Klublar elə isimləri cəlb etmək istəyirlər ki, tək meydanda döyüşməsinlər, həm də onların futbol məhsulunun xəttinin marketinqi ilə məşğul olsunlar.
Üçüncü meyar – oyunçunun yaşıdı. Əlbəttə, karyerasının son mövsümünü keçirən futbolçuya böyük pullar vermək lazım deyil. Ondansa eyni qiymətə 2-3 gənc “yırtıcı”nı sıralarınıza cəlb edin. Ancaq bir qaydanı unutmayın – “Qoca və gənc futbolçu anlayışı yoxdu, “bacarıqlı” və “bacarıqsız”lar var”.
Azərbaycan klublarının hansı meyarlara əsaslandığını dəqiq söyyləyə bilmərəm. Amma çətin ki, ikinci meyara güvənirlər. Çünki burada futbol marketinqi körpə yaşındadı.
Böyük ehtimalla, təməl qismində təşkilatlanmış xaos xidmət edir. Başlıca sual isə bu cürdü: “Bizdə nə qədər almaq istəyərdin?”
3-cü sual: Futbol klubunun büdcəsini necə formalaşdırmaq lazımdı?
Şəxsən mən hesab edirəm ki, büdcə – müəyyən müddəti əhatə edən gəlir və məsrəflərin planlaşdırılmasıdı. Futbolda bu, yəqin ki, bu ilin iyulundan növbəti ilin eyni ayınadək dövrü əhatə edən müddətdi.
Futbol büdcəsinin təşkili digərlərindən onunla fərqlənir ki, proqnozlaşdırılması qeyri-mümkün olan vəsaitlərin kassaya daxil olmasını təxmin etməlisən.
Larri Qrifin büdcənin təşkilinin aşağıdakı faktorlarını qeyd edir: 
1. Etibarlı gəlirlər – bu, həmin vəsaitlərdi ki, mövsümün gedişində dəyişə bilməzlər və büdcə dövründən xeyli əvvəldən qəbul olunur
~ Sponsorlardan daxil olan gəlirlər
~ illik subsidiyalar
~  reklam müqavilələri
2. Qaçılmaz xərclər
~ Maaşlar
~ social təminatlar
~ lisenziya xərcləri 
~ ekipirovka
~ vergilər
~ idman bazasının saxlanılması xərcləri
3. Proqnozlaşdırılan gəlirlər
~ bilet və abonent kartlarından əldə edilən gəlirlər
~ fan-şopdan əldə edilən gəlirlər
~ bazanın icarəyə verilməsindən əldə edilən gəlirlər
4. Proqnozlaşdırılan xərclər
~ bütün gəlirlərin vergiləri
~ intizam cərimələrinin xərcləri
~ oyunların keçirilmə xərcləri
~ tibbi xərclər
Vəssəlam. Deyəsən, yaman çox danışdım. Bu mövzuda uzun-uzadı və daha geniş yazmaq olar. Ancaq yenə də hər şeyə aydınlıq gətirə bilməyəcəyik.
Bəs sizə necə, maraqlı idi? Yoxsa artıq yuxuya getmisiniz? Nə etmək olar, idman iqtisadiyyatı həmişə ən maraqlı qiraət vasitəsi deyil. Ancaq onunla hesablaşmamaq olmaz. Eyni dırmığın üstünə dəfələrlə çıxdıqda ağrı artır, özü də elə həddə çatır ki, artıq hissiyat da itir.
Futbol Kraldı, amma mütləq əlinin altında Mühasibini saxlamalıdı!
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp