Sabah Avropa Çempionatının seçmə oyunları çərçivəsində Azərbaycan millisi İtaliyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gün sözügedən qarşılaşma üçün nəzərdə tutulan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran yığmamızın baş məşqçisi Robert Prosineçki bu sözləri deyib:
– Komanda artıq 5 gündü bir yerdədi. Hazırlıq həmişəki kimi yaxşı gedir. Bilirik ki, çox ciddi rəqiblə qarşılaşırıq. Dördqat dünya çempionu, qrupumuzun lideri ilə qarşılaşırıq. Bununla hesablaşırıq. Ancaq ardıcıl 4 oyunda məğlub olmamağımız, komandamızda özünəinamı qaytarıb.
– Bakıda son oyununuzdu. Gözəl oyuna ümid edirsiniz, yoxsa yaxşı nəticəyə?
– Rəqibi təhlil etmişik. Çox güclüdülər. Ancaq məni həm gözəl futbol, həm də uğurlu nəticə qane edər. Xorvatiya buraya AÇ-nin vasiqə dalınca gəlmişdi və gördüyünüz kimi, buna imkan vermədik. Ümid edirəm ki, İtaliyaya qarşı da eyni səviyyəli futbolu sərgiləyəcəyik.
 
– Əvvəlki oyunlarda olduğu kimi, start heyətini açıqlayacaqsızmı?
– Bəli, mən hər oyunqabağı heyəti açıqlayıram. Bu gün bunu edə bilməyəcəm. Çünki dünənki məşqdə 2 oyunçu yüngül zədə alıb. Bugünkü məşqi gözləməliyəm. Ümid edirəm ki, vəziyyətləri yaxşıdı. Amma bu gün heyəti açıqlaya bilməyəcəm. Hansı oyunçuların zədə aldığını açıqlamaq istəmirəm. Çünki İtaliyadan gələn həmkarlarımız da burdadılar. Məşqdən sonra biləcəm ki, onlar sabahkı matçda oynaya biləcəklər, ya yox. Hər şey yaxşı olsa, sabahkı heyətdə Kamran Ağayev (q.) – Arif Daşdəmirov, Maksim Medvedev, Rəşad Sadıqov (k.), Bədavi Hüseynov – Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsraflov, Əfran İsmayılov, Dmitri Nazarov – Ruslan Qurbanov start heyətində yer alacaqlar.

 
– Berti Foqtsla sizin komandanız arasında nə kimi fərq var? Əldə etdiyiniz nəticələr sizi qane edirmi?
– Mən keçmişi ətraflı yada salmaq və müqayisə etmək istəmirəm. Deyə bilərəm ki, qısa zamanda Azərbaycan yığması özünə inanmağa başladı və gözəl oyun göstərdi. Biz 4 oyundu uduzmuruq. Səfərdə Norveçlə, Bakıda Xorvatiya yığması ilə heç-heçə oynadıq. Hər məşqçinin öz fəlsəfəsi var. 9 aydı Azərbaycandayam. Oyunçular məni başa düşürlər və tələb etdiyi futbolu oynayırlar. Məndə olan məlumata görə, bu günə kimi 40 min bilet satılıb. İnanıram ki, sabahkı matçda da komandam öz bacarığını göstərəcək. Mən həmişə demişəm ki, Azərbaycanda güclü futbolçular var. Bunun nəticəsini də görürük.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp