Sabah İtaliyaya qarşı keçiriləcək oyundan öncə millimizin kapitanı Rəşad Sadıqov (R.S.) və yarımmüdafiəçisi Ruslan Abışov (R.A.) da mətbuat işçilərinin önünə çıxıblar. 
– R.A. Stadionun açılışı olacaq. Azarkeşlərin də bu oyuna böyük maraq göstərdiyini bilirik. Çalışacağıq ən yaxşı oyunumuzu keçirək.
– R.S. Rəqib qrup qalibi olmaq istəyir. Bizim də öz məqsədlərimiz var. Ümid edirəm, azarkeşlərimizi sevindirə biləcəyik.
Bundan sonra kapitanı milli komandamızın heyətində 100-cü oyununa çıxması münasibəti ilə təbrik edən KİV təmsilçiləri suallarını da məhz ona ünvanladı.
 
– Xorvatiya və Norveçə sürpriz yaşatdınız. İtalyanlara necə?
– Mümkündü. Futbolda hər şey mümkündü. Hətta rəqibi əks-hücumda yaxalayıb, qalib də gələ bilərik.
– 100-cü oyununda qalib gəlsəniz, karyeranın ən yaddaqalan oyununu keçirdiyini deyə bilərsənmi?
– Əlbəttə! İstənilən halda ən son uğur daha çox yaddaqalan olur. Ancaq hesab edirəm ki, hətta xalları yarı bölsək, bunu böyük və unudulmaz uğur hesab edərəm.
– 100-cü oyununa çıxırsan. 120-130 barədə düşünmürsən?
– 33 yaşım var. Futbolçu üçün bu yaşda "qocalıb" deyilir. Hətta düşünürdüm ki, İtaliya ilə görüşdən sonra milli karyeramı bitirim. Ancaq 3 gündən sonra Bolqarıstanla oyunumuz var. Baş məşqçiyə bu tsikldən sonra milli karyeramı bitirmək istədiyimi bildirdim. Prosineçki tələsməməyi tövsiyə etdi və təklif etdi ki, Bolqarıstanla görüşdən sonra bu məsələyə qayıdaq.
– 2002-ci ildə millimiz italyanlarla məzmunlu futbol sərgiləmişdi. Bu dəfə nəyə ümid edə bilərik?
– Bizim ovaxtkı heyət daha təcrübəli idi. Onda qrupun ilk oyunu idi. Onlar DÇ-nin final mərhələsinin 1/4 finalında məğlub olub gəlmişdilər. Yaxşı yadımdadı, onda 1-2 il ərzində həmin oyunumuz xoş sözlərlə xatırlanırdı. Sabah da yaddaqalan futbol sərgiləməyə çalışacağıq.
– Rəqibin heyətində kimləri qeyd edə bilərsiniz? Fərdi qaydada kimisə saxlamaq tapşırığı almısanmı?
– Karyeram ərzində fərdi heç kimi saxlamaq tapşırığı almamışam. Ancaq İtaliyanın heyətində Pelleyə qarşı xüsusi diqqət yetirməliyik. Çünki rəqibin son 2 oyununu təhlil etdik və gördük ki, hücumların 90 faizi məhz ona topu çatırdıqdan sonra qurulur. Çalışmalıyıq ki, onun işini çətinləşdirək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp