Proloq
14 oktyabr, 07:30. Sofiyadan Bakıya uçan hava gəmisi paytaxt aeroportunda lövbər salır. Sərnişinlər bir-bir təyyarəni tərk edir. Dörd saata yaxın davam edən uçuş oktyabrın 11-də start götürən səfərin iştirakçılarını mənzil başına çatdırır. Maraqlıdı, yəqin ki, eyni heyət bir daha hansısa səfərdə birlikdə olmayacaq. Ancaq hər kəsin baqajı yetərincə ağırdı…
6 ilə “başlarını itirən” bolqarlar
Oktyabrın 11-də mənası “Müdriklik” olan Sofiyaya çatdıqda 68 nəfərdən ibarət heyətin hər bir üzvü 1,5 milyonluq şəhərdən uğurlu nəticəylə dönəcəyimizə ümidli idi. Bolqarıstanın dəyişkən havası da kimisə fikrindən daşındıra bilməzdi. Hava gah tutulur, gah açılır, şəhərdən isə futbol qoxusu zərrə qədər də gəlmir. Media mənsublarının məskunlaşdığı “Dauntaun” hoteli qarşılaşmanın keçiriləcəyi Vasil Levski adına stadiondan elə də uzaq deyildi. Təqrubən 15 dəqiqəyə piyada yol qət etmək lazım idi. Bu, Sofiyaya 2-ci səfərim idi. Təqribən 6 il əvvəl “Bakı”nın “Levski”yə qarşı ÇL matçını işıqlandırmaq üçün də Bolqarıstan paytaxtına səfər etmişdim. Maraqlıdı ki, bolqarlar hansısa sualı təsdiq etdikdə başları ilə bütün dünyada “inkar” hesab edilən işarəni edir və əksinə, inkar etdikdə, başları ilə “təsdiq” işarəsini edirlər. Ancaq təəccüblü məqam bundan ibarətdi ki, 6 il əvvəl bunu hər dəfə hansısa yerli vətəndaşa müraciət etdikdə görürdümsə, budəfəki səfər zamanı bir dəfə də olsun “baş işlədən” olmadı…
Zooparkda azadlıq
Oktyabrın 11-i nə açıq məşq var idi, nə mətbuat konfransı. Nəzərə alsaq ki, milli üzvləri “Hilton”da məskən salmışdılar, yalnız təyyarədəki 4 saat ərzində nələrin baş verdiyini və həmin müddət kəsiyində götürdüyümüz müsahibələr çalışdığımız KİV-ləri bəzəyə bilərdi… Təyyarədə hökm sürən ab-hava Sofiyadan ən azı heç-heçəylə dönəcəyimizə ümid verirdi. Rəqibin heyətinin gəncləşdirilməsi bu inamı daha da artırırdı. Elə baş katib Elxan Məmmədovla müsahibədənkənar söhbət zamanı da AFFA rəsmisinin nikbinliyini sezməmək olmurdu. Beləcə, milliylə ilk səfərimin birinci axşamı millisiz keçdi. Ancaq ertəsi günün 2-ci yarısı daha məhsuldar alındı. Bu barədə bir qədər sonra. Günün ilk bölümü barədə isə ağızdolusu təəssüratlarla bölüşməyə dəyər.
Sofiya səfərində olan həmkarlarım Səxavət Qurbanov və Elnur Həmidovla zooloji parka baş çəkməyi qərara aldıq. Eyni məkana Rüfət Nadirli ilə Kənan Məstəliyev də baş vurdu. Heyvanlara yaradılan şəraitə baxdıqda, Bakı zooparkının gününə acımamaq olmurdu. Yalan olmasın, elə tək şirə ayrılan ərazi Bakı zooparkının yarısı boyda idi. Leopardın acı baxışları və gözlərindən oxunan “dəmir barmaqlıqlar olmasaydı, sizi nə dişimə çəkərdim!” ifadəsinin oxunması, meymunların “nahar fasiləsi”ndə yumurtanı soyub yemələri, Elza adlı pələngin fotokameraya qıcıqlanaraq, arxa çevirməsi və onlarla unudulmaz anlar. Bolqarıstanda heyvanlara azadlığa yaxın maksimum şərait və ərazi ayrılması ən diqqətçəkən məqamlardan idi. Sofiya isə 6 il öncə olduğu kimi, sakit və boz rənglərə bürünmüş vəziyyətdədi. İqtisadiyyatı aqrar sənayeyə bağlı ölkənin paytaxtında nadir hallarda uca binalara rəst gəlmək mümkündü. Daha bir maraqlı məqam Sofiyada siqaret çəkən qadınların kişilərdən çox olmasıdı. 
Gözlənilməz “qonaq”
Axşam “Vasil Levski”yə gedəcəyimiz məlum olsa da, stadionun kassalarına baş vurmağı lazım bildik. Görünür kassirlər Azərbaycandan olduğumuzu bildikdən sonra xəcalət çəkdiklərindən bizi aldatdılar. Onlar 10 minədək biletin satıldığını bildirsələr də, İvaylo Petevin mətbuat konfransından sonra yerli jurnalistlərdən biri “yalandı! Sabah 500 azarkeş gəlsə, sevinərik. Fanatlar millinin uğursuz çıxışını boykot ediblər”, deməklə ürəyini bizlərə boşaltdı. Prosineçkiyə azarkeş sayının az olması ilə bağlı sual verdikdə isə xorvatiyalı mütəxəssis diplomatik cavaba sığındı: “Futbol azarkeşlər üçün oynanılır. İstəmərik ki, belə olsun”. Ancaq fakt bu idi ki, millimiz təzyiq altında oynamayacaq. 
“Dauntaun”da şam yeməyi zamanı “qonağ”ımız gəldi. AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu “Hilton” – “Dauntaun” marşrutu üzrə hərəkət edərək, 12 nəfərlik KİV təmsilçilərini ziyarət etdi. O, növbəti 3 saatı bizlərlə eyni yemək masası arxasında keçirdi. Təqribən gecəyarısı Nərimanoğlu “evə” üz tutdu.
Puç olan arzular
Sofiyada keçirdiyimiz son günü şəhərin mənzərəli yerlərini gəzməklə zənginləşdirdik. Nəhayət, axşam yerli vaxtla saat 20:00-da, yəni start fitinə 2 saata yaxın vaxt qalmış jurnalistlər üçün ayrılan avtobus “Vasil Levski” istiqamətini tutdu. Azərbaycanlı jurnalistlər üçün 7 dərəcəlik isti əsl soyuducu havası sayıldığından, əməlli-başlı üşüdük. Ümid media mərkəzindəki çay dəstgahına qalırdı ki, burda da məlum oldu ki, çay olsa da, birdəfəlik stəkan unudulub. Ancaq əvvəlcə protokollar, bir qədər sonra isə futbolçuların meydana daxil olması, soyuğun təsirini unutdurdu. Nə yazıq ki, “yağışdan çıxıb, yağmura düşdük”. 
Oyun başlayar-başlamaz aydın oldu ki, bu axşam yığmamız evə əliboş dönəcək. Komandamızın heyətində qeyd ediləsi bir isim tapmaq mümkün deyil. Hesab ədalətli oldu, hələ daha böyük fərq də ola bilərdi. Ancaq macarıstanlı ədalət təmsilçilərinin 2-ci hissədə komandamızın qapısına penalti təyin etməməsi işimizə qismən də olsa, yaradı. Doğrudu, fasilədən sonrakı ilk 10 dəqiqədə millimiz Prosineçkinin rəhbərliyi altında sərgilədiyi ürəkli futbola bənzər oyun ortaya qoymağı bacardı. Amma Kamran Ağayevin qapısının toru 2-ci dəfə silkələndikdən sonra qarşılaşmanın intriqası itdi. İlk 54 dəqiqədə hər epizoda çılğın reaksiya verən millimizin çalışdırıcısı da sakitləşmişdi. O da gözəl başa düşürdü ki, “Müdriklik şəhəri”ndən əliboş dönəcəyi artıq qətiləşib.
Foqtsdan fərqli olaraq…
Matç başa çatdıqdan sonra baş məşqçiylə də, futbolçularla da söhbətləşmək imkanımız oldu. Açığı, matçsonrası mətbuat konfransında Prosineçkiyə millimizin onun rəhbərliyi altında ən bərbad oyunu sərgiləməsinə dair sual verməyi planlaşdırmışdım. Amma Berti Foqtsdan fərqli olaraq, xorvatiyalı “Min bir gecə” nağılını danışmadı. Elə ilk cümləsindəcə “rəhbərliyim altında Azərbaycan yığması ən bərbad oyununu keçirdi”, deməklə alman babayla arasındakı fərqi ortaya qoydu. Zənnimcə, nəyə görə komandamızın belə oynamasının ən düzgün açmasını təyyarədə verdiyi müsahibə zamanı Rahid Əmirquliyev verdi: “İndi də başa düşə bilmirəm ki, niyə bu cür oynadıq. Ümumiyyətlə, heç nə alınmırdı”.
Diktofonsuz…
Təyyarədə kimisi dincəlir, kimisi musiqiyə qulaq asır, kimlərsə də yazı yığırdı. Rahidlə müsahibədən sonrakı uçuş vaxtının böyük hissəsini Kamran Ağayevlə diktofonsuz söhbətə həsr etdim. Bəzən haqlı, bəzən haqsız gileyləndi. Bir çox məsələlər barədə fikir mübadiləsi apardıq. Ürəyi dolu idi. Futbolinfo.az saytından da giley etdiyi məqama toxundu. Müzakirə etdik, zənnimcə, ortaq məxrəcə gələ bildik. Elə şeylər var ki, qələmə alınmamalıdı və təbii ki, alınmayacaq da. Ancaq bir məqamı qeyd etməyi özümə borc bilirəm. Ağayev mətbuatı izləyir və etiraf etdi ki, KİV-dən hansısa dəstək görəndə, öz dili ilə desək “şirə dönür”. Biz dəstəyimizi əsirgəmərik, təki milli formanı daşıyan hər bir üzvü başından hündürə tullana bilsin.
Epiloq
14 oktyabr, 07:30. Sofiyadan Bakıya uçan hava gəmisi paytaxt aeroportunda lövbər salır. Sərnişinlər bir-bir təyyarəni tərk edir. Dörd saata yaxın davam edən uçuş oktyabrın 11-də start götürən səfərin iştirakçılarını mənzil başına çatdırır. Yəqin ki, eyni heyət bir daha hansısa səfərdə birlikdə olmayacaq. Ancaq hər kəsin baqajı yetərincə ağırdı…
CEYHUN ƏLİYEV, Bakı – Sofiya – Bakı
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp